Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

50 illik ömür yolçusu haqqında dost düşüncəsi

 

Mən də səni sevdim, ey əziz diyar,

Sevgidə Məcnunla yarışmaq üçün.

Bir gün qucağında olub bəxtiyar,

Əziz torpağına qovuşmaq üçün... 

Bu misralar böyük vətənpərvər alim Xudu Məmmədova məxsusdur.

Bəli, vətəni sevməyin Xudu Məmmədov düsturu belə idi. Ümumiyyətlə, Ağdam rayonunun Mərzili kəndi ziyalı potensialına görə ölkəmizin qabaqcıl kəndlərindən olmuşdur. Bilmirəm coğrafi, yoxsa sosial səbəbiyyət qanunauyğunluğudur, bu yurdun sakinləri üçün ümumi portret cizgiləri aydın görsənir: qürur, təvazökarlıq, eldostluq, vətən daşı olmağı vəzifə saymaq, dövlətsevərlik, yüksək pasionarlıq. Xudu müəllim həmişə belə bir düşüncədə idi ki, vətən sevgisi aşılamaq vətəni vətəndaşa tanıtmaqdan başlayır. Mənim tanıdığım Mərzili camaatında bəlkə elə buna görədir ki, vətən sevgisi heyrətamizdir.

 Bakı Dövlət Universitetinin dosenti İ.M.Bayramov da məhz 50 il bundan öncə,1963-cu ildə Ağdam rayonunun Mərzili kəndidə dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra Mərzili kəndində fəhlə işləmişdir. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin psixologiya fakültəsini bitirmişdir. 1988-ci ildə Bakı Dövlət Universitetinin psixologiya kafedrasına baş laborant vəzifəsinə qəbul olunmuşdur. 1991-ci ildən müəllim, 1993-cü ildən baş müəllim işləmişdir. Elmə olan marağı millət, vətən sevgisi ilə kökləndiyindən o, həmişə yaradıcılıq axtarışlarında milli identiklik məsələlərinə xüsusi önəm vermişdir. 1996-cı ildə "Kitabi-Dədə Qorqud dastanlarında Azərbaycan xalqının etnik-psixoloji xüsusiyyətlərinin inikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək psixologiya elmləri namizədi alimlik dərəcəsi adını alması bunun bariz nümunəsidir. 2006-cı ildən həmin kafedranın dosenti kimi çalışan İmdad müəllim 2008-ci ildən kafedranın doktorantıdır. Milli təhlükəsizliyin psixoloji aspektləri,vətənpərvərlik ruhunun təlqini məsələləri bu vətənpərvər alimin tədqiqat marağında dominant yer tutur. Hazırda o, qloballaşma şəraitində separatizmin sosial-psixoloji problematikası üzrə elmi tədqiqat işini bitirmiş və müdafiəyə təqdim etmişdir. 1 monoqrafiyanın, 50 məqalənin və bir neçə proqramın müəllifidir. İmdad müəllim ictimai işlərdə fəallığı, təşkilati bacarığı, menecer  qabiliyyəti  ilə də işlədiyi müəssisədə və ölkə səviyyəsində müsbət imicə malikdir.

İmdad müəllim bütöv bir şəxsiyyətdir. O, təkcə görkəmli alim deyil, həm də saf, mötəbər ailə ocağının başçısı, böyük bir nəslin körpüsüdür. Üzərinə düşən ata missiyasını şərəflə yerinə yetirən İmdad müəllim övladlarının tərbiyə və təhsilində çox ciddi uğurlara nail olmuş, vətənə layiq övladlar yetirmişdir.

Bizim tanıdığımız İmdad müəllim arxalıya arxa duraraq yamaq olmadı, onu arxasıza arxa duran dayaq və böyük vicdan adamı kimi  qəbul edirik. 50 illik ömür yolçusu üçün belə bir ictimai rəy və düşüncə mövcuddursa, onda mütləq yolçu yolda gərək.

İmdad müəllimə cansağlığı, xoşbəxtlik və bol-bol yaradıcılıq sevinci arzulayıram.  

Üzeyir ŞƏFİYEV,
BDU-nun dosenti, sosiologiya üzrə fəlsəfə doktoru
 

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov