Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

"Sənsiz səninlə..."

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə bu günlər ölkəmizin hər yerində, bütün idarə və müəssisələrdə, eləcə də təhsil ocaqlarında tədbirlər keçirilir.

Ulu öndərə məhəbbətin təzahürü, onun əziz və işıqlı xatirəsinə ehtiramın ifadəsi olan belə tədbirlərdən biri də aprelin 17-də Bakıdakı 283 nömrəli tam orta məktəbdə təşkil olunmuşdu. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Dildar Bədirovanın təşkilatçılığı ilə hazırlanmış və əsasən onun dərs dediyi IX "c" sinif şagirdləri tərəfindən təqdim edilmiş "Sənsiz səninlə..." adlı maraqlı ədəbi-bədii kompozisiya tədris ocağında bu silsilədən həyata keçirilən növbəti tədbir idi. Belə ki, Təhsil Nazirliyinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunması ilə bağlı əmrinə uyğun olaraq məktəbdə bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilmişdir. Ulu öndərimizin mənalı və zəngin həyat yolunun, fəaliyyətinin dərindən öyrənilməsi məqsədi ilə məktəbdə ayda iki dəfə müəllim və şagirdlər üçün seminar məşğələləri təşkil olunmuşdur. Şagirdlər tərəfindən "Heydər irsini öyrənək" mövzusunda referatlar hazırlanmışdır. Şagirdlər arasında bu mövzuda müsabiqələr, bilik yarışları, viktorinalar keçirilmiş, diskussiyalar təşkil olunmuşdur.

Bütün bunlarda məqsəd ulu öndərin nəsillərə nümunə olan həyat yolunun, inkişafımızın proqramını təşkil edən zəngin irsinin yeniyetmə və gənclərə çatdırılmasıdır.

Aparıcılar ədəbi-bədii tədbiri açıq elan edib kompozisiyanın Heydər Əliyevin əziz ruhuna könül ərməğanı olduğunu bildirdikdən sonra məşhur müğənni Müslüm Maqomayevin ifasında "Azərbaycan" mahnısının əzəmətli melodiyası zala yayıldı. Aparıcılar ulu öndərin bu mahnını çox sevdiyini xatırlatdılar. Sonra onların ifasında Heydər Əliyevə həsr olunmuş mahnı səsləndi.

Aparıcılar öncə ulu öndərin həyat yolundan bəzi məqamları diqqətə çatdırıb bu böyük insanın aydın, təmiz, işıqlı bir yaz günündə dünyaya gəldiyini və ömrü boyu Azərbaycanın inkişaf yoluna gur işıq saçdığını bildirdilər. Onlar sözlə dediklərini poeziyanın qüdrətli dili ilə də ifadə edib ulu öndərin doğum gününə həsr olunmuş şeirlər söylədilər. Sonra "Yaşa Azərbaycan" mahnısı tədbir iştirakçılarının ruhunu oxşadı.

Aparıcılar Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanın inkişafı, tərəqqisi naminə göstərdiyi titanik fəaliyyətdən, dövlətçiliyimizin möhkəmləndirilməsi, müstəqilliyimizin əbədi olması naminə atdığı addımlardan, onun böyüməkdə olan nəslə qayğısından xronoloji ardıcıllıqla, müasir Azərbaycanın qurucusu olan bu dahi şəxsiyyət və dövlət xadiminə böyük sayğı ilə söz açdılar, onun ideya və əməllərinin yaşamaqda, layiqli varisi olan ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməkdə olduğunu söylədilər. Tədbir boyu ümummilli liderin xatirəsi böyük məhəbbətlə anıldı, fəaliyyət yolu, xalqımız qarşısındakı titanik xidmətləri sözün qüdrəti, poeziyanın dili ilə bir daha tədbir iştirakçılarına çatdırıldı və dəyərləndirildi, onun ruhu qarşısında baş əyildi.

Tədbirdə məktəbin IX "c" sinif şagirdləri Türkan Bağırzadə, Hüseyn Qasımov, Elvina Babayeva, X "f" sinif şagirdi Nigar Qasımova, aparıcılar X "b" sinif şagirdləri Xəyyam və Mahirə, VII sinif şagirdi Ayxan Xəlilli və b. öz ifaları ilə xüsusi fərqləndilər, iştirakçıların alqışlarını qazandılar.

Ədəbi-musiqili kompozisiyanın  sonunda məktəbin direktoru Şükufə Axundova çıxış edərək bildirdi ki, Heydər Əliyevin ideyaları, əməlləri tarix boyu yaşayacaq və xalqımızı daha işıqlı gələcəyə ruhlandıracaqdır. Ümummilli liderin ölkəmiz qarşısında misilsiz xidmətlərindən birinin də özündən sonra layiqli varis qoyması olduğunu deyən direktor hazırda ölkə başçısı İlham Əliyev tərəfindən gələcəyimiz naminə, təhsilimizin inkişafı naminə uğurlu siyasətin həyata keçirildiyini, təhsilimizin, çoxminli müəllim ordusunun diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdırdı. Şükufə Axundova müstəqil Azərbaycanın gələcəyi üçün yetişdirdikləri bugünkü şagirdlərin Heydər Əliyevin ideya və arzularını əzmlə həyata keçirəcəklərinə inandığını söylədi.

Tədbirdə iştirak edən Binəqədi Rayon İcra Hakimiyyətinin məsləhətçisi Dilbər Şükurova, Respublika Uşaq Birliyi Təşkilatı rəhbərləri məktəbinin direktoru Dilarə Quliyeva, filologiya elmləri doktorları Dilarə Adilova, Fəridə-Hicran Vəliyeva, filologiya üzrə fəlsəfə doktoru Hicran Nəsirova və başqaları şagirdlərin təqdim etdikləri bədii-musiqili proqramı yüksək qiymətləndirib, tədbiri ulu öndərin xatirəsinə məktəblilərin dəyərli töhfəsi olduğunu söylədilər. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov