Amerikalı Devid Uaylendin bu kəşfi 2012-ci ildə Nobel
mükafatına layiq görülmüşdür
Ötən
əsrin əvvəllərində təbiət qanunlarını kəşf edən Albert
Eynşteyn, Nils Bor, Maks Plank, Ernest Rezervord kimi
dahilər müasir fizikanın bir sıra fundamental əsaslarını
təşkil edən elmi kəşflərə imza atmışlar. Bu alimlərin
elmi uğurları fizika elminin gələcək inkişafını müəyyən
edərək bir sıra yeni elm sahələrinin yaranmasına yol
açmışdır. Dahilərin üzərində işlədikləri və uzunsürən
mübahisələr apardıqları bir sıra problemli məsələlər
isə tam bir əsrdən sonra həllini tapmışdır. Amerikalı
fizik Devid Uaylend və onun fransalı həmkarı Serj Aroş
öz sələflərinin təbiət və materiya barədə baxışlarını
xeyli dərəcədə zənginləşdirməklə parlaq elmi kəşfə imza
atmışlar. Hazırda ABŞ-ın Kolorado ştatında yerləşən
Boulder Fiziki Tədqiqatlar Mərkəzinin professoru olan
müasirimiz Devid Uaylendin elmi kəşfi və onun elmi
karyerası titanik əməyin və istedadın bariz nümunəsidir.
O, 1990-cı ildə Devisson-Cermer, Meggers, 1996-cı ildə
lazer fizikası üzrə Eynşteyn, 1998-ci ildə Rabi, 2001-ci
ildə Artur Şavlou, 2008-ci ildə Gerbert Valter
mükafatlarına layiq görülmüşdür. 2007-ci ildə
Amerikanın elmi medalı, 2010-cu ildə Bencamin Franklin
medalı, 2012-ci ildə isə Nobel medalı almışdır.
Uşaqlıq və tələbəlik illəri
Devid Uaylend 1944-cü il fevralın 24-də Amerikanın
Viskonsin ştatının paytaxtı Miluoki şəhərində anadan
olmuşdur. 3 yaşı tamam olanda ailə Sakramento şəhərinə
köçmüşdür. Devid Sakramento ştatında yerləşən Ensin
şəhərindəki 61 nömrəli orta məktəbi 1961-ci ildə başa
vurmuşdur. O, müsahibələrinin birində təhsil aldığı
orta məktəbin heç də ən yaxşı şagirdlərindən olmadığını
demişdi. Lakin bu məktəbdə o, ilk dəfə fizikanın
əsaslarını öyrənmişdir. Devid yuxarı siniflərdə artıq
fiziki biliklərinə görə yaşıdlarından seçilə bilmişdir.
Orta
məktəbi başa vurduqdan sonra Devid Kaliforniya Berkli
Universitetinin kollecində elmi karyerasını davam
etdirmişdir. Kollecdə əsasən riyaziyyata diqqət
yetirilirdi. Lakin Devid tezliklə fizika sahəsinə
bağlanmışdı. "Mən onu demək istəyirəm ki, orta məktəb
illəri məni elmə daha çox maraqlandırmışdı",- deyən
Devid ilk elmi biliklərin əldə olunmasında orta məktəb
müəllimlərinin əməyini yüksək qiymətləndirmişdi. O,
1965-ci ildə Kaliforniya Berkli Universitetinin
bakalavr elmi dərəcəsini, 1970-ci ildə isə Harvard
Universitetində PhD dərəcəsi almışdı. Onun dissertasiya
işi mazerlərə həsr olunmuşdur. Bundan sonra Devid
Vaşinqton Universitetində professor Hans Georq Demeltin
qrupunda çalışmışdır. 1975-ci ildə Uaylend Milli
Standartlar Bürosunda (NİST adlanır) işə düzəlmişdir.
Onun tədqiqatlar sahəsi optika və ionların lazerlə
soyudulması və sonrakı mərhələdə ionlardan kvant
hesablamalarının aparılmasında istifadəsi olmuşdur.
Devid Uaylend Amerika Fizika Cəmiyyətinin və Amerika
Optika Cəmiyyətinin üzvüdür. 1992-ci ildə Amerika Milli
Elmlər Akademiyasının üzvü seçilmişdir.
100
il hökm sürmüş stereotipləri dağıdan kəşf
1978-ci
ildə Uaylend dünyada ilk dəfə ionların lazerlə
soyudulması texnologiyasını nümayiş etdirmişdir. Alimin
bu sahədə işləri Uilyam Filips, Stiven Çu, Klod
Koen-Tannuci, eləcə də Erik Kornell, Volfqanq Ketterle
və Karl Vimannın elmi tədqiqatlarına yol açmışdır.
Adıçəkilən alim-tədqiqatçılar müvafiq olaraq 1997 və
2001-ci illərdə Nobel mükafatına layiq görülmüşlər.
Devid Uaylend Kolorado Standartlar və Texnologiyalar
İnstitutunda 37 il çalışmışdır. O, lazerlərin iştirakı
ilə bir sıra elmi təcrübələr aparmışdır. O və fransız
fiziki Serj Aroş müstəqil şəkildə ayrı-ayrı
hissəciklərin ölçülməsi və idarə olunması metodlarını
kəşf etmişlər. Onlar bununla belə əvvəllər bir çox
alimlərin nail ola bilmədikləri hissəciklərin mexaniki
kvant xarakterini saxlamağa nail ola bilmişlər.
Aroş və Uaylendin kəşfinin mahiyyəti nədir? Onlar
ayrı-ayrı kvant hissəciklərini onların xassələrini
dağıtmadan müşahidə edə bilmişlər. Kvant qanunlarının
hökm sürdüyü mikroaləmdə isə hissəciklərin xassələrini
onları dəyişmədən öyrənmək qeyri-mümkün hesab olunurdu.
Müəyyən mənada demək olar ki, Devid Uaylend və Serj
Aroş az qala 100 il hökm sürmüş stereotipləri dağıda
bilmişlər. Bu kəşf sayəsində kvant teleportasiyasının
izahını, yəni hissəciyin bütün xassələri ilə birlikdə
işıq sürətini keçməsini vermək tam mümkündür.
Eksperimental olaraq kvant mexanikası banilərinin
fərziyyələri öz təsdiqini tapır: hissəciklərdən biri
məsafəcə ondan aralıda olan digər hissəciyin kvant
vəziyyətini "hiss edir", bu isə prinsipcə yeni nəsil
kompüterlərin yaradılmasına əsas ola bilər. Bu
kompüterdə məntiqi elementlər mikrotranzistorlar deyil,
ayrı-ayrı atomlardır. Misal üçün, müasir kompüterdə
informasiya vahidi bitdir (0 və ya 1), kvant
kompüterində isə hər bir hissəcik eyni zamanda iki
vəziyyətdə - həm sıfır, həm də vahiddir və prosessorun
işgörmə qabiliyyəti milyonlar dəfə artır.
"Kvant fizikasının ən başlıca arzusu həqiqətə
çevrilmişdir"
2012-ci
il oktyabrın 9-da Nobel Mükafatları Komitəsi fizika
sahəsində ali mükafatın fransız alimi Serj Aroş və
amerikalı fizik Devid Uaylendə təqdim olunduğunu elan
etmişdir. Nobel komitəsi alimlərin bir-birindən xəbərsiz
apardıqları işləri elmdə inqilab kimi
qiymətləndirmişdir. Onlar kvant sistemlərinin
ölçülməsinə və manipulyasiyasına imkan verən qabaqcıl
eksperimental metodların kəşfinə və kvant
hissəciklərinin işıq şüası və cismlə qarşılıqlı
təsirinin öyrənilməsi, ölçülməsi və hesablanması, kvant
optikası sahəsinə aid olan elmi işləri və məqalələrinə
görə layiq görülmüşdülər. Alimlər ayrı-ayrı
hissəciklərin kvant-mexaniki xassələrini saxlamaqla
onların ölçülməsi və manipulyasiyası üzrə metodlarını
hazırlamışlar. Bu metodların kəşfi əvvəllər mümkünsüz
hesab edilirdi. Alimlər kvant fizikası üzrə aparılan
eksperimentlərin yeni dövrünün başlanğıcını qoymuşlar.
İsveç Kral Akademiyası bildirmişdir ki, alimlərin elmi
işləri kvant sistemlərinin ölçülərini aparmağa və
tətbiq etməyə imkan vermişdir. Bu kəşf kvant fizikasına
əsaslanan yeni növ super sürətli kompüterlərin və
dünyada ən dəqiq kvant saatlarının yaradılmasına yol
açmışdır.
Stokholmda keçirilən mükafatın təqdimolunma mərasimində
iştirak edən Nobel komitəsinin üzvü, professor Bern
Conson öz çıxışını görkəmli ingilis riyaziyyatçısı, şair
və filosof kimi tanınan Esias Teqnerin 1820-ci ildə
söyləmiş olduğu bu sözlərlə başlamışdır: "Hadisələrin
daxili mahiyyətini tutmağa müvəffəq olmaq, bu, insanın
gözəl qabiliyyətidir". Serj Aroş və Devid Uaylend bu
mənada kvant dünyasının qapısını açmışlar. Onlar kvant
sistemlərini hesablamağı və idarə etməyin mümkünlüyünü
göstərə bilmişlər.
Professor Bern Conson əlavə etmişdir: "Bizim gözlərimiz
nə görür? Bizim ətrafımızda gördüyümüz hər şey -
rənglər, forma, obyektlər bizim gözlərimizdə canlanır,
onlardan aldığımız informasiyalar bizim beynimiz
tərəfindən təhlil olunur. Gördüklərimiz hər şey bu gün
klassik fizika adlandırdığımız elmlə izah oluna və başa
düşülə bilər. Lakin biz məsələnin daxili mahiyyətini
şərh etməyə girişsək, onda klassik fizika köməyimizə
çatmayacaq. Buna görə də fiziklər 1920-ci illərdə
məsələnin ən dərin hissələrinin izahı üçün nəzəriyyəni
inkişaf etdirmişlər. Olduqca gözəl olan bu nəzəriyyə
kvant mexanikası adlandırılmışdır. Kvant aləmində
atomlar, nüvə və elementar zərrəciklər dalğalar və
hissəciklər kimi şərh olunmuşdur. Kvant fizikası müasir
fizikada çox uğurludur. Lakin məsələni kvant
səviyyəsində izah etmək bir sıra problemlərlə, hər
hansı bir hesablama kvant xassələrinin sadəcə itməsi
ilə müşayiət olunur. Ayrı-ayrı kvant sistemlərinin
öyrənilməsinə nail olmaq kvant fizikasının ən başlıca
arzusu olmuşdur. Bu gün isə bu arzu artıq həqiqətə
çevrilmişdir. Ayrı-ayrı hissəciklər onları əhatə edən
mühitdən asanlıqla təcrid olunmamışlar, onlar xarici
aləmlə qarşılıqlı əlaqəyə daxil olan zaman özlərinə
məxsus sirli kvant xassələrini itirməyə başlayırlar".
Son 10-20 il ərzində bu tədqiqatların nəticələri hamıya
fantastika təsiri bağışlamışdı. Lakin Uaylend və Aroş
göstərmişlər ki, kvant dünyası necə də sirlidir. Bu
kəşf əvvəllər təsəvvürə gətirilməsi belə mümkün olmayan
yeni texnologiyalar üçün imkanlar açmışdır. Yeni
texnologiyalar hissəciklərin öyrənilməsi, hesablanması
və onlara nəzarət olunmasına kömək edir.
Ən böyük arzusu Nobel mükafatı almaq olmuşdur
2012-ci il oktyabrın 10-da Amerika vaxtı ilə saat
03:30-da ona Nobel komitəsindən zəng edərək ali elmi
mükafata layiq görüldüyünü xəbər vermişdilər. Alim
telefonda adının çəkilməsi ilə çox xoşbəxt, həm də
təəccüb dolu anlar yaşamışdır.
O, yüksək elmi mükafata layiq görülməsindən sonra bütün
diqqətin ona yönəlməsindən özünü sanki narahat hiss
etmişdir. Alim ona dünya şöhrəti qazandırmış elmi
problem üzərində bir çox insanların məşğul olduğunu
bildirir. "Hər şeydən əvvəl deməliyəm ki, müasir
kompüterlər və atom saatları üzərində uzun illərdir ki,
bir çox insanlar məşğuldur. Bütün diqqətin tək iki
insana yönəldilməsi bir qədər çaşdırıcıdır. Biz,
sadəcə ola bilsin ki, onların arasında ön
cərgələrdəyik".
Devid Uaylend etiraf etmişdir ki, həyatda ən böyük
arzusu Nobel mükafatı almaq olmuşdur. Artıq bir neçə
illərdir ki, elmi ictimaiyyət, tanışları olan görkəmli
fiziklər, eləcə də onunla çiyin-çiyinə işləmiş
əməkdaşları Devidin ali elmi mükafata layiq görülməsini
mümkün hesab edirdilər. Hətta onun adı Nobel mükafatına
namizədlərin arasında çəkilirdi. "Mən bu il heç kimdən
bu mövzuda heç nə eşitmədim. Buna görə də düşünürdüm ki,
ola bilsin, mənim vaxtım keçmişdir". Devid Uaylend
digər elmi kəşflərə və tədqiqatçılara üstünlük
vermişdir. O bildirmişdir ki, Nobel mükafatına ondan
başqa daha layiqli namizədlər vardır. "Real mükafat
elmin özüdür. Elm yolu ilə gedin və bu yolda siz bəzən
qalib olursunuz". Nobel komitəsindən ona deyəndə ki, ali
mükafata həm də onun fransalı həmkarı və dostu Serj Aroş
layiq görülüb, onun sevincinin hədd-hüdudu yox idi. O,
dərhal dostuna zəng edərək onu təbrik etmişdir.
"Biz
bu saatla ətraf mühitə təsiri idarə edə bilirik"
Bu kəşf artıq öz praktiki tətbiqini tapmışdır. Bu kəşfə
əsaslanan optik saat atom saatlarından yüz dəfə
güclüdür. Bu saatlar hələlik laboratoriya şəraitində
saxlanılır.
Dəqiq saatlara tələbat hardandır? Alim hesab edir ki,
tarixən dəqiq saatlara həmişə tələbat olmuşdur. İlkin
vaxtlarda düzəldilmiş ən yaxşı saatlar tezliklə öz
tətbiq sahəsini tapmışdır. Bütün tarixi ərzində ən
dəqiq saatlar ən çox naviqasiya sahəsində tətbiq
olunmuşdur. Yəni, dəqiq saatların düzəldilməsi ideyası
bir çox yüzilliklər ərzində gündəmdə olmuşdur. Dəqiq
saatlar dəqiq vaxtın seçilməsi üçün vacibdir. Yaxşı
saatlardan kommunikasiyada istifadə olunur. Lakin
tarixən saatlar daha çox naviqasiya sahəsində tətbiqini
tapmışdır.
"Hazırda dünyada ən dəqiq saat bizim laboratoriyadadır.
Saat alüminium əsasında hazırlanmışdır. Və yüksək
dəqiqliyə əsaslanır. Biz bu saatla ətraf mühitə təsiri
idarə edə bilirik".
"Mən insanlara kvant kompüterləri almağı hələ məsləhət
görmürəm, düşünürəm ki, biz məsələyə nikbin
yanaşmalıyıq, çünki texnologiyalar ildən-ilə yaxşılaşır.
Kvant kompüteri doğrudan da hesablamaları aparmaqda
unikal qabiliyyətə malikdir. Yaxın onillikdə biz elə
hesablamalar apara biləcəyik ki, onları klassik
kompüterlərlə aparmaq mümkün deyil. Kvant
kompüterinin yaradılmasına çox uzun yol var, lakin mən
düşünürəm ki, sonda bu baş verəcək".
Alimin fizika sahəsində novator tədqiqatları:
- İlk dəfə olaraq ionların kvant xassələrindən istifadə
etməklə informasiyaların emalının mümkünlüyünü nümayiş
etdirib (1995-ci il).
- İlk dəfə olaraq sübut edib ki, informasiyalar eyni
zamanda iki ion arasında paylanıb ki, bu da kvant
hesablamaları üçün əsas verir (1998).
- Yüklənmiş hissəciklər arasında informasiyaların ilk
kvant teleportasiyasını nümayiş etdirmişdir (2004-cü
il), bununla da iriölçülü kvant kompüteri sərhədlərində
informasiyaların daha potensial həlledici metodlarının
tətbiqini təmin etmişdir.
- Dünyada ilk dəfə kvant məntiqli atom saatlarını
nümayiş etdirmişdir (2005-ci il). Bu saatlar dünyada ən
dəqiq saatlardır və onlar 4 milyard il keçdikdən sonra
belə bir saniyə itirməyəcək.
Gözəl və təvazökar insan
Həmkarları Devid Uaylendi olduqca gözəl və təvazökar
insan kimi xarakterizə etmişlər.
"Biz, əlbəttə ki, Devid kimi məzunumuzun olması ilə fəxr
edirik. Mən ümid edirəm ki, o, bizim uşaqları elmə
həvəsləndirir, onların elmi biliklərə yiyələnməsinə sövq
edir", -deyə D.Uaylendin bir vaxtlar oxuduğu Ensin
məktəbinin rəhbəri Uill Carrel bildirmişdir.
Alimlə 10 il əməkdaşlıq etmiş Con Costi qeyd etmişdir
ki, Devid Uaylend kimi ikinci parlaq və təvazökar alim
tapmaq çətindir. "Onun laboratoriyasında işləmək
imkanına görə özümü xoşbəxt hiss edirəm. O, hər zaman
tələbələrin və əməkdaşlarının əhatəsindədir. Ona
istənilən vaxt sualla müraciət etmək olar. O, hər hansı
məsələnin həllində bizə hər zaman müstəqillik və elmi
tədqiqatlar aparmaqda azadlıq vermişdir".
Rusiya Elmlər Akademiyasının Spektroskopiya İnstitutunun
lazer spektroskopiyası laboratoriyasının müdiri,
professor Viktor Balıkin Devid Uaylendi çoxdan şəxsən
tanıdığını bildirmişdir. O, alimin olduqca səmimi insan
olduğunu demişdir. Balıkin Devid Uaylend, eləcə də onun
fransalı həmkarı Serj Aroş barədə böyük məmnunluq
hissi ilə danışmağa hazır olduğunu söyləmişdir. "Mən
onların hər ikisini tanıyıram. Onlar hədsiz dərəcədə
heyranedici və təvazökar fizikdirlər, çox yumşaq
təbiətli, mülayim, mənəviyyatlı və intellektual, xüsusən
də Devid Uaylend olduqca sakit təbiətli, ağırtərpənən
insanlardır. Onunla fizikadan əlavə hər şey barədə
danışmaq olar".
İstedadlı müəllim
69 yaşlı nobelçi alim, bir çox alimlər yetişdirmiş
müəllim məktəblilərə nə məsləhət verir? Devid Uaylend
müsahibə verməyi sevmir. Lakin o etiraf etmişdir ki,
məktəbdə könülsüz oxumuşdur. Lakin yuxarı siniflərdə
oxuyanda fizikaya maraq göstərib və bu gün də ondan
ayrıla bilmir. Harvardda ona iki Nobel mükafatı laureatı
ilə birlikdə işləmək xoşbəxtliyi nəsib olmuşdur.
"Onlardan nə öyrəndiniz" sualına cavab olaraq Uaylend
"ilk növbədə, inadkarlığı" bildirmişdir.
"Daha çox sevdiyiniz sahəni tapın və bu sahədə işləməkdə
davam edin. Mən öz təcrübəmdən deyə bilərəm ki, fizika
elminə çox erkən yaşlarımdan maraq göstərməyə başladım
və hələ də bu sahədəyəm. Siz də öz diqqətinizi bu sahəyə
yönəldə və uğurlu işlərə imza ata bilərsiniz. Mən
düşünürəm ki, ən əsası odur ki, səni maraqlandıran,
səni özünə bağlayan başlıca məsələni tapasan və bu
istiqamətdə davam edəsən. Düzdür, böyük, ağır zəhmət
tələb olunacaq, lakin bu yol uğura aparır".
Devid Uaylend dünyanın ən mötəbər elmi nəşrlərində -
"Nature", "Science" və Fsical Review Letters
jurnallarında haqqında resenziya yazılmış 250-dən artıq
elmi məqalə dərc etdirmişdir. O bu gün lazer
soyudulması, kvantlara və kvant tədqiqatlarına həsr
olunmuş milli və beynəlxalq konfranslarda çıxışlar
edir. Doktor Uaylend bütün ölkələrdən olan gənc və
istedadlı alimlərə onların elmi karyeralarının bütün
mərhələlərində yaxından dəstək göstərməkdədir. Son 30
il ərzində alim yaratdığı elmi tədqiqat qrupunda
dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə tələbə,
perspektivli alim yetişdirmişdir. Onlar öz
müəllimlərinin elmi işlərini davam etdirərək kvant
fizikası və optika sahəsində diqqətəlayiq elmi uğurlara
imza atmışlar.
Devid Uaylend elmi karyerasını davam etdirməkdədir. Son
müsahibələrinin birində alim istefaya çıxmaq barədə
düşünmədiyini bildirmişdir.
Hazırladı: Oruc MUSTAFAYEV |