Amerikada məktəbəqədər təhsilin dəstəklənməsi
üzrə kampaniya genişlənmişdir |
Amerika
prezidenti Barak Obama məktəbəqədər təhsilin
dəstəklənməsi üzrə kampaniyanın
genişləndirilməsi təşəbbüsü ilə çıxış etmişdir.
O, növbəti dəfə ictimaiyyəti məktəbəqədər
tərbiyə və uşaqların təhsili üzrə dövlət
proqramlarını dəstəkləməyə çağırmışdır. Corcia
ştatının Dekeyter şəhərindəki məktəbəqədər
tərbiyə müəssisəsində uşaqlarla görüşən B.Obama
valideynlərlə söhbətində məktəbəqədər təhsilin
əhəmiyyəti barədə danışmışdır. "Tədqiqatların
nəticələri bir-birinin ardınca göstərmişdir ki,
uşaqlar nə qədər tez oxumağa başlayırlarsa,
sonradan onlar üçün daha asan olur. Lakin məsələ
bundadır ki, uşaqlarımızın bu cür imkana malik
olması üçün biz kifayət qədər işlər görürükmü?",
- deyə prezident bildirmişdir.
O əlavə etmişdir ki, daha varlı ailələrdən olan
şagirdlərlə daha çox kasıb ailələrin uşaqları
arasında təhsildə müvəffəqiyyət fərqləri tərbiyə
və təhsil prosesinin ən erkən dövrlərində - 3-4
yaşda üzə çıxır. "Orta təbəqəyə mənsub olan
valideynlərin əksəriyyəti öz uşaqları üçün
özəl məktəbəqədər təhsil müəssisələrinə həftədə
bir neçə yüz dollar rəva görə bilmirlər. Kasıb
ailələrdən olan uşaqlara gəlincə, məktəbəqədər
təhsil üçün imkanların olmaması onların bütün
gələcək həyatına təsir edə bilər. Bunun
ağırlığını isə biz hamımız çəkməli olacağıq".
Prezident tərəfindən təkfif olunan plan hazırda
fəaliyyətdə olan Head Start ("Yaxşı başlanğıc")
proqramının genişləndirilməsini nəzərdə tutur.
Bu proqram çərçivəsində aşağı gəlirli ailələrdən
olan uşaqların 4 yaşdan başlayaraq məktəbəqədər
təhsil xərclərini dövlət ödəyir. Genişlənmiş
proqram federal hökumət və bütün 50 ştat
tərəfindən maliyyələşdirilmişdir. Prezident
proqramı məktəbəqədər müəssisələrin müsabiqə
əsasında dotasiya əldə etməsi və bu vəsait
əsasında 3 yaşa qədər uşaqların təhsil
xərclərinin təmin olunmasını nəzərdə tutur.
|
|
Rusiyada dövlət təhsil kreditləri alacaq ali
məktəblərin adları məlum olmuşdur |
Rusiya
Federasiyasında dövlət təhsil kreditləri alacaq
ali məktəblərin adları açıqlanmışdır. RF Elm və
Təhsil Nazirliyi 2013-2014-cü dərs ilində ali
məktəblərin tələbələrinə təhsil kreditlərinin
verilməsi üzrə dövlət dəstəyinin göstərilməsi
eksperimentində iştirak etmək üçün dövlət
akkreditasiyasına malik ali məktəblərin seçim
nəticələrini elan etmişdir. Nazirliyin saytında
yerləşdirilmiş protokola müvafiq olaraq 134 ali
məktəb eksperimentdə iştirak etmək hüququ
qazanmışdır. Siyahıda M.V.Lomonosov adına
Moskva Dövlət Universiteti, N.E.Bauman adına
Moskva Dövlət Texniki Universiteti,
Sankt-Peterburq Dövlət Universiteti, Kazan
Federal Universiteti, Şimal (Arktika) Federal
Universiteti, Şimal-Şərq Federal Universiteti və
Ural Federal Universiteti yer almışlar.
Eksperimentə əsasən, tələbəyə (abituriyentə)
güzəştli şərtlərlə təhsil kreditlərinin
verilməsi nəzərdə tutulmuşdur. Tələbə ali
məktəbdə təhsil aldığı dövrdə və ali təhsili
başa vurduqdan sonra üç ay ərzində kredit üzrə
əsas borcları banka qaytarmalıdır. Təhsil
kreditindən istifadənin birinci və ikinci ilində
tələbə faiz dərəcələri üzrə ödəmələri (müvafiq
olaraq 40 və 60 faiz) edir. Ali məktəbi başa
vurduqdan sonra kreditin qaytarılması üçün
nəzərdə tutulan müddət 10 il təşkil edir. Bundan
başqa, tələbədən kredit üzrə təminat (girov və
ya zaminlik) tələb olunmur. |
|
İtaliyada gənclərin universitetlərə axını kəskin
surətdə aşağı düşmüşdür |
Son 10 il ərzində tələbələrin sayı 17 faiz və
yaxud 58 min nəfər azalmışdır. Milan Politexnik
Universitetinin rektoru Covanni Adzone bu
tendensiyanı təhsilə ayrılan vəsaitlərin
azalması ilə izah edir. Onun sözlərinə görə,
maliyyə vəsaitlərinin azaldılması təhsil
sahəsinin inkişafına təsir etmişdir. Bu cür
səylər tələbələrin imkanlarını məhdudlaşdırır:
onlar "ERASMUS" tələbə mübadilə proqramlarında
iştirak edə bilmirlər. Ali təhsil diplomu
alanların əksəriyyəti universitetdə qalaraq elmi
fəaliyyətlə məşğul olmağa həvəs göstərmirlər.
Bir çoxları isə ölkəni tərk etməyə qərar verir.
İtaliyadan xaricə beyin axını son vaxtlar ölkə
iqtisadiyyatında da özünü göstərmişdir. Gənc
alimlərin ölkəni tərk etməsi nəticəsində İtaliya
1,2 milyard dollar itirmişdir. Bu 50 ən yaxşı
italyan alimin xaricdə qazandığı 243 patentin
ümumi dəyəridir. Lakin yaxın 20 il ərzində bu
rəqəm 4 milyard dollara qədər arta bilər.
Təhsil sahəsinə maliyyə vəsaitlərinin azalması
ona gətirib çıxarmışdır ki, İtaliya İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan 36
ölkə arasında ali təhsillilərin sayına görə
34-cü yeri tutmuşdur. Yaşı 30-34 arasında olan
italyanların yalnız 19 faizi ali təhsillidir.
|
|
Avropada təhsil almaq daha asan olacaq |
Avropa
komissiyası Avropa Birliyinə (AB) daxil olmayan
ölkələrdən olan tələbələr və gənc tədqiqatçılar
üçün Avropa təhsilinin daha əlçatan və cəlbedici
olmasını təmin etmək məqsədilə təkliflər
hazırlamışdır. 2016-cı ilin sonlarına qədər AB
məkanında təhsil sahəsini tənzimləyən bir sıra
yeni qanunlar qəbul olunacaqdır. Keçmiş sovet
respublikalarından olan tələbələr üçün Avropada
təhsil almaq və işləmək daha asan olacaqdır. AB
isə keyfiyyətli təhsil xidmətləri, uğurlu və
perspektiv karyera sahəsində Amerika və Asiya
ilə rəqabət aparmaq gücündə olacaqdır. Avropa
komissiyasının islahatlarının başlıca məqsədi
bütün AB məkanında xarici tələbələr üçün davamlı
və daha dəqiq qaydalar sisteminin yaradılmasına
nail olmaqdır. Proses artıq cari ilin mart
ayından başlamışdır. Yeni sistem xarici
ölkələrdən olan tələbələrin təhsil dövründə
üzləşdikləri bir sıra problemləri (yaşayış yeri,
viza məsələləri, kredit və s.) birdəfəlik həll
edəcək. Tələbələrin təhsil dövründə işlə təmin
olunması imkanları da yaxşılaşacaqdır. Bütün
ölkələrdən istedadlı tələbələrin və
tədqiqatçıların cəlb olunması Avropanın rəqabət
qabiliyyətinin inkişafına və güclənməsinə xidmət
edəcəkdir. Ümumi iqtisadi tənəzzül və işsizliyin
artmasına baxmayaraq bir sıra Avropa ölkələri
yüksəkixtisaslı mütəxəssislərə olan daxili
tələbatı ödəmək gücündə deyildir. Bundan əlavə,
yeni sistem nəhayət təhsil sahəsində mobillik
ideyasını qanunvericilik səviyyəsində
rəsmiləşdirməyə imkan verəcəkdir. Məhz bu
faktor cəmiyyətdə iqtisadi tərəqqiyə və yeni iş
yerlərinin açılmasına xidmət edir.
2011-ci ildə AB-yə daxil olmayan ölkələrdən
Avropaya 222 min tələbə və 7 min alim gəlmişdir.
Fransa Avropa kontinentində daha çox xarici
tələbə cəlb etmiş (65 min) ölkədir. Daha sonra
İspaniya (35000), İtaliya (30000), Almaniya
(27600) və Niderland (10700) gəlir. Fransa həm
də daha çox tədqiqatçının (2000-dən bir qədər
artıq) gəldiyi ölkədir. Daha sonra Niderland
(1600), İsveç (800) gəlir. Lakin AB-yə daxil
olan ölkələrdən heç biri oxumaq və elmi
tədqiqatlarla məşğul olmaq üçün Avropaya üz
tutmuş insanların problemlərinin öhdəsindən
təklikdə gələ bilmir. Hazırda isə Avropa
komissiyası xarici tələbələrin və onların ailə
üzvlərinin mənzil və viza problemlərinin həlli,
eləcə də onların ali məktəbi bitirdikdən sonra
bir il ərzində işlə təmin olunması və ya öz
karyeralarını qura bilmələri üçün bütün
problemləri həll etməyə hazırlaşır. Yeni
təşəbbüs Avropa parlamenti və Avropa Şurası
tərəfindən razılaşdırıldıqdan sonra 2016-cı
ildən qüvvəyə minəcəkdir. |
|
Asiya universitetlərinin reytinq cədvəli
açıqlanmışdır |
Times
Higher Education konsaltinq şirkəti Thomson
Reuters agentliyi ilə birlikdə öz tarixində ilk
dəfə olaraq Asiyanın ən nüfuzlu 100 ali təhsil
müəssisələrinin reytinqini (Asia University
Rankings 2013,Top 100) açıqlamışdır. Şirkət öz
tədqiqat işində World University Rankings
tərəfindən müəyyən olunmuş kriteriyalara
əsaslanmışdır. Araşdırmalarda dünya miqyaslı
ali məktəblərin təhsil, tədqiqat, təcrübə
mübadiləsi və beynəlxalq perspektivlər üzrə əsas
vəzifələri qiymətləndirilmişdir. Asiya
universitetlərinin reytinqində Times Higher
Education-nun dünya universitetlərinin reytinq
araşdırmalarında əsas götürdüyü, ciddi surətdə
işlənib hazırlanmış, ali məktəblərin tam və
balanslaşdırılmış müqayisəsini təmin edən,
tələbələrin, müəllimlərin, universitet
rəhbərliklərinin, sənaye və hökumət qurumlarının
etimadını qazanmış 13 əsas kriteriya gözdən
keçirilmişdir. Əsas qiymətləndirmə kriteriyaları
kimi beynəlxalq tələbə və müəllim mobilliyi,
beynəlxalq təqaüd proqramlarının sayı, elmi
tədqiqatların səviyyəsi, innovasiyalar sahəsində
rolu, elmi məqalələrdən sitatgətirmə, təhsil
xidmətlərinin səviyyəsi və digərləri çıxış
etmişdir. Bütün qiymətlər maksimum dərəcədə
nizamlanmış və 100 ballıq şkala üzrə
göstərilmişdir. Reytinq cədvəlinə Tokio
Universiteti, Sinqapur Milli Universiteti, Honk
Konq Universiteti başçılıq edirlər. İlk onluqda
əsasən Yaponiya, Koreya, Çin, Honk Konq
universitetləri yer almışdır.
Times Higher Education-nun redaktoru Filipp
Bettinin sözlərinə görə, Asiya dünyada ali
təhsil sahəsində sürətlə inkişaf edən ən
cəlbedici kontingentdir. Bir sıra Asiya ölkələri
iqtisadiyyatın inkişafında elmi tədqiqatların,
təhsilin aparıcı rolunu təsdiq edirlər. Təhsil
sahəsinə qoyulan investisiyaların azalmasının
müşahidə olunduğu Qərbdən fərqli olaraq Asiya
ölkələrində elm və təhsil sahəsinə ayrılan
sərmayələr artmaqdadır. F.Betti qeyd etmişdir
ki, dünya universitetlərinin ümumi reytinq
cədvəlində (Top 400) Asiya kontinentindən 57 ali
məktəb təmsil olunur və onlardan çoxu dünya elmi
elitasına daxil olmağa can atır. Yaponiyanın 22
universitetlə liderlik etdiyi reytinq
sıralamasında Türkiyə 5 universitetlə - Orta
Doğu Texnik Universiteti (22-ci yer), Bilkent
Universiteti (29-cu yer), Koç Universiteti
(31-ci yer), Boğaziçi Universiteti (37-ci yer),
İstanbul Universiteti (38-ci yer) təmsil
olunmuşdur. F.Betti bu fakta diqqət çəkərək
Türkiyənin Orta Şərqdə güclü bir elmi tədqiqat
mərkəzinə çevrildiyini, akademik gücünün
yüksəldiyini, regionda akademik tədqiqatların
tam yarısının bu ölkədə aparıldığını, Asiya
sıralamasında Türkiyənin bütün qitə üzərindəki
güclü mövqeyini görə bildiklərini demişdir.
|
|
Ukraynada təhsil alan xarici tələbələrin sayı
artmışdır |
Ukraynada təhsil alan xarici tələbələrin sayı
durmadan artmaqdadır. Bu barədə ölkənin təhsil
və elm naziri Dmitri Tabaçnik keçirdiyi mətbuat
konfransında məlumat vermişdir. Cari tədris
ilində müqavilə əsasında Ukraynada təhsil alan
xarici tələbələr 4 milyard 300 milyon qrivna
(500 milyon dollar) təhsil haqqı ödəmişlər.
Nazir bildirmişdir ki, bu rəqəm yalnız təhsil
haqlarını əhatə edir. Onların ölkədə yaşaması,
qida və ərzaq məsələlərinə görə ödədikləri
vəsaitlər isə daxili məhsulun həcmində güclü
faktordur. Nazirin sözlərinə görə, Ukraynada 60
mindən artıq xarici tələbə təhsil alır. "Mən
Təhsil Nazirliyində işləməyə başlayanda arzu
edirdim ki, ölkəmizdə 50 min xarici tələbə
təhsil alsın. Bu gün isə biz praktik olaraq bu
rəqəmi 61 min xarici tələbəyə çatdırmışıq".
D.Tabaçnik əlavə etmişdir ki, müqavilə əsasında
təhsil alan tələbələrin əksəriyyəti keçmiş sovet
respublikalarındandır. Son vaxtlar isə Latın
Amerikası və Asiya regionundan olan tələbələrin
sayı da artmışdır. Bundan başqa, Avropa
ölkələrindən də 4 min tələbə müqavilə əsasında
Ukrayna ali məktəblərində təhsil alırlar. Hər
bir xarici tələbə il ərzində 70,5 min qrivna
ödəyir. Bununla belə, "Kiyev-Mogilyan
Akademiyası" Milli Universitetində orta illik
təhsil haqqı 20,23 min qrivna, Taras Şevçenko
adına Kiyev Milli Universitetində 17,58 min
qrivna, "Kiyev Politexnik İnstitutu" Milli
Texniki Universitetində 13,5 min qrivna təşkil
etmişdir. |
|
Belarusda qəbul imtahanları ciddi nəzarətə
götürülmüşdür |
Belarus
prezidenti Aleksandr Lukaşenko 2013-cü ildə
ölkənin ali və orta ixtisas təhsili
müəssisələrində qəbul imtahanlarının təşkili
məsələlərinə dair sərəncam imzalamışdır.
Sərəncama müvafiq olaraq 2013-cü ildə ölkənin
ali və orta ixtisas təhsili müəssisələrində
qəbul imtahanlarına hazırlıq və onların
keçirilməsi gedişinə nəzarət üzrə dövlət
komissiyası yaradılmışdır. Prezidentin mətbuat
xidmətinin məlumatında bildirilmişdir ki,
komissiyanın tərkibində respublika Şurasının
üzvləri, parlamentin nümayəndələr palatasının
deputatları, dövlət idarəetmə orqanlarının
rəhbərləri, ictimai təşkilatların nümayəndələri
və nəzarət orqanlarının işçiləri daxildir.
Komissiya qəbul imtahanlarına hazırlıq və
mərkəzləşdirilmiş test imtahanları və qəbul
imtahanlarının digər formalarının keçirilməsi,
ali təhsil müəssisələri və orta ixtisas təhsili
məktəblərinə qəbul imtahanlarında
abituriyentlərə bərabər imkanların yaradılması
məqsədilə yaradılmışdır. Komissiya qəbulun
təşkili və keçirilməsini tənzimləyən
normativ-hüquqi aktların pozulması hallarının
aradan qaldırılması üçün tədbirlər görməli,
qəbul imtahanlarının keçirilməsi məsələlərinə
dair valideynlərlə görüşlərin təşkilini həyata
keçirməli, eləcə də kütləvi informasiya
vasitələrində komissiyanın işini
işıqlandırmalıdır. Sərəncam qəbul imtahanlarının
keçirilməsində qanunvericiliyə əməl olunması və
abituriyentlərin ali və orta ixtisas təhsili
müəssisələrinə qəbulunu təmin etməlidir. Bundan
əlavə, vətəndaşlara ali məktəblərə qəbulda
bərabər imkanların verilməsi və sınaq
imtahanlarının keçirilməsinə nəzarət təmin
olunmalıdır. |
|
Almaniyada ikili təhsil genişlənir |
Almaniyada dual təhsil sistemi geniş populyarlıq
qazanmışdır. Bu gün 60 mindən artıq tələbə ikili
təhsil proqramı üzrə oxumaqdadır. Bu isə 2005-ci
ildəkindən 70 faiz artıqdır. Dual proqramlar
"İqtisadi elmlər", "İnformatika",
"Maşınqayırma", "Texnologiya" istiqamətləri üzrə
fəaliyyət göstərir. İxtisasların siyahısı aqrar
menecmentdən tutmuş daşınmaz əmlak menecmenti
kimi ixtisaslara qədər çox genişdir. Dual təhsil
proqramlarına maraq göstərənlər ərizə ilə
müraciət etməlidirlər. Müraciətlər bilavasitə
müəssisələrdə qəbul olunur. Daha sonra isə
müraciət edənlər istehsalat təcrübəsinə
göndərilirlər. Peşə Təhsili üzrə Federal
İnstitutun sorğusuna əsasən məlum olmuşdur ki,
dual proqramlarda iştirak etmiş 1400 müəssisənin
97 faizi bu sistemdən razıdır. Qeyd olunur ki,
məzunların praktik vərdişlərə yiyələnməsindən
kiçik və orta biznes müəssisələri böyük fayda
qazanmışdır. Buna görə də dual təhsil sisteminə
səthi baxmaq olmaz.
Bir sıra kompaniyaların yüksəkixtisaslı
kadrlara, ali məktəblərin isə iş yerlərinə
ehtiyacı var. Beləliklə də problemin
vaxtından əvvəl həlli hər iki tərəfi razı salır.
Gələcək işəgötürənlər tələbənin təhsil
xərclərini öz üzərinə götürür, ona təqaüd təyin
edir, məzun isə ali məktəbi bitirdikdən sonra
məhz bu müəssisədə öz əmək fəaliyyətini davam
etdirməyə dair öhdəlik götürür. |
|
Nobelçi alimin medalı 2,27 milyon dollara
satılmışdır |
Nyu-Yorkda
keçirilmiş hərracda 50 il əvvəl DNT-ni kəşf
etmiş alimlərdən Frensis Krikə təqdim olunmuş
Nobel medalı 2,27 milyon dollara satılmışdır.
"Nature" jurnalının yazdığına görə, Britaniya
Kembric Universitetində işləyərkən Frensis
Krik Ceyms Uotson və Moris Uilkinsonla birlikdə
DNT molekulunun ikiqat spiralının sirrini açmağa
müvəffəq olmuşlar. Alimlər spiralın strukturunu
ilk dəfə elm aləminə bildirmişdilər. 1962-ci
ildə isə onlar bu kəşfə görə tibb sahəsində
Nobel mükafatına layiq görülmüşdülər.
Hərracda eyni zamanda Frensis Krikin oğlu Maykla
yazdığı məktub 6 milyon dollara satılmışdır.
F.Krik ilk dəfə öz məktubunda kəşfinin mahiyyəti
barədə məlumat vermişdir. Müqayisə üçün qeyd
edək ki, Amerikanın keçmiş prezidentlərindən
Avraam Linkolnun oğluna yazmış olduğu məşhur
məktub 2008-ci ildə 3,4 milyon dollara
satılmışdır. F.Krikin varisləri alimə məxsus 11
əşyanı da hərraca çıxarmışlar. Alimin ailə
üzvləri əldə olunmuş vəsaitin bir hissəsini
Londonda yerləşən Frensis Krik İnstitutuna, bir
hissəsini isə tədqiqatçının həyatının son
günlərində çalışdığı Kaliforniyadakı Solka
Biologiya İnstitutunun hesabına keçirməyi
qərara almışlar. F.Krik 2004-cü ildə 88 yaşında
vəfat etmişdir. |
Xarici mətbuat materialları əsasında hazırladı: Oruc
MUSTAFAYEV |