Sumqayıt
Dövlət Universitetində (SDU) Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı
ildönümü münasibətilə magistrantların XIII Respublika
elmi konfransı keçirilmişdir. Əvvəlcə dahi liderin
xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra
Dövlət himni səsləndirilmişdir.
Konfransda çıxış edən universitetin rektoru, professor
Nadir Qəhrəmanov ümummilli liderin Azərbaycan xalqı
qarşısında xidmətlərindən, dövlətçiliyimizin qurulması
və möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz rolundan
danışmışdır. Qeyd edilmişdir ki, məhz dahi liderin
həyata keçirdiyi siyasət, düşünülmüş strategiya
Azərbaycanı bu gün dünyanın ən sürətlə inkişaf edən
ölkələrindən birinə, regionun isə lokomotivinə
çevirmişdir.
Vurğulanmışdır ki, ulu öndər təhsil sahəsinin inkişafına
xüsusi diqqət ayırır, bu sahədə ardıcıl islahatlar
həyata keçirirdi. Dahi liderin uğurlu siyasi xətti onun
layiqli davamçısı İlham Əliyev tərəfindən bir qədər də
şaxələndirildi. "İqtisadi potensialımızı insan
kapitalına çevirməliyik tələbi bu gün bütün təhsil
müəssisələrində olduğu kimi, Sumqayıt Dövlət
Universitetində də uğurla həyata keçirilir", - deyə
rektor bildirmişdir. N.Qəhrəmanov əlavə etmişdir ki,
Sumqayıt Dövlət Universitetinin 50 illik yubileyi
ərəfəsində dövlət başçısının universitetin 50
əməkdaşının təltif olunması barədə sərəncamı
Prezidentimizin təhsilə və universitetimizə olan
diqqətinin ifadəsidir.
SDU-da beynəlxalq və respublika konfranslarının
keçirilməsinin ənənəyə çevrildiyini diqqətə çatdıran
rektor bildirmişdir ki, magistrantların XIII Respublika
elmi konfransı 2 gün ərzində 15 bölmədə davam edəcək.
Daha sonra ölkənin müxtəlif təhsil ocaqlarının
magistrantlarının çıxışları dinlənilmişdir. Qeyd edək
ki, konfransa ölkənin 18 ali təhsil ocağından 837
magistrant qatılmışdır.
Sumqayıt Dövlət Universitetinin Mətbuat xidməti
|