Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Azərbaycan təhsilinin uğurları

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Ətraf mühitin mühafizəsi" VII Beynəlxalq Layihə Olimpiadasının qızıl medalçıları

Xəbər verdiyimiz kimi, aprelin  5-də  Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində  məktəblilərin  ümummilli lider  Heydər  Əliyevin  anadan olmasının  90  illiyinə həsr edilmiş "Ətraf mühitin mühafizəsi" VII  Beynəlxalq  Layihə Olimpiadasının ("İNEPO-Euroasia) açılış, aprelin 6-da isə qaliblərin mükafatlandırılması  mərasimləri keçirilmişdir.  Rubrikamızın bugünkü qonaqları  BDU-nun nəzdində fəaliyyət göstərən "Gənc istedadlar"  liseyinin   IX sinif şagirdləri - "Ətraf mühitin  mühafizəsi"  VII Beynəlxalq Layihə  Olimpiadasının  qızıl medalçıları  Abbasov İbrahim Ədalət oğlu  və   Əliyeva Gülər Rəşad qızıdır.

 

İbrahim Abbasov: - Mən dünyaya Masallıda gəlsəm də, Bakıda böyümüşəm. Birinci sinifdən dördüncü sinfi bitirənə kimi paytaxtımızdakı 173 nömrəli orta məktəbdə oxumuşam, beşinci sinfin əvvəlindən indiyə kimi isə "Gənc istedadlar" liseyində təhsil alıram.

İkinci dəfə idi ki, nüfuzlu bir müsabiqəyə qatılırdım. Birinci dəfə Bakıdakı "Kempinski" otelində keçirilən "Sabahın alimləri" müsabiqəsində iştirak etmişdim. Müsabiqəyə təqdim etdiyimiz layihədə biyan köklərindən, adaçayı otundan və yaşıl çay yarpaqlarından istifadə etməklə  yarasağaldıcı məlhəmlərin hazırlanmasından bəhs olunurdu. Bu layihəni hazırlayarkən  elmi rəhbərimiz,  ATU-nun  professoru  Ramiz Abbasov  bizə müstəsna kömək  göstərmişdi. Müsabiqənin nəticələri elan olunanda bizim layihəmizin qızıl medala, sertifikata və pul mükafatına layiq görülməsi məndə özümə inam hissini birə-beş artırdı.  Mənim ikinci dəfə müsabiqəyə qatılmağım üçün stimul elə həmin inamım olmuşdur. 

"Ətraf mühitin mühafizəsi" mövzusunda keçirilən VII Beynəlxalq  Layihə Olimpiadasına  (İNEPO-Euroasia) təqdim etdiyimiz layihədə ultrasəslərin köməyi ilə  kənd təsərrüfatının  ziyanvericilərdən  qorunması probleminin həlli yolları göstərilir. Biz  münsiflər heyətinin üzvlərini inandırmağa nail olduq ki, insan qulağının eşidə bilmədiyi ultrasəslərin köməyi ilə nəinki kənd təsərrüfatı məhsullarını, hətta heyvanları da ziyanvericilərdən qorumaq mümkündür.

Çox fərəhlənirəm ki, birincidə olduğu kimi, ikinci dəfə də müsabiqədən qalib kimi qayıtdım. Yenə də qızıl medal, sertifikat və pul mükafatına layiq görüldüm. Müsabiqədən evə qayıdanda valideynlərimin sevinci yerə-göyə sığmırdı. İlk dəfə idi ki, onları bu qədər sevinən görürdüm. İlk dəfə qalib kimi evə qayıtdığımdan bəri hiss edirəm ki, ailəmiz və qohumlarımız mənim uğurlarımla fəxr edirlər.

Biz evdə iki uşağıq. Evin kiçiyi mənəm. Doğmalarım nə qədər mənimlə qürur duyurlarsa, mən də bir o qədər qardaşım Fəridlə fəxr edirəm. Çünki o, çox şərəfli bir yolda- Naxçıvanda  hərbi xidmətdə, vətənimizin keşiyindədir.

- İbrahim, məktəb dövrü ömrün elə illəridir ki, dərslərə cüzi bir etinasızlıq, diqqətsizlik gələcəkdə xoşagəlməz nəticələrə gətirib çıxarar. Yəni, vurğulamaq istədiyim odur ki, şagirdin ən ümdə vəzifəsi dərslərini səylə oxumaq, bilik qazanmaqdır.

- Əlbəttə, mən bunu tam ciddiyyəti ilə başa düşür və çalışıram ki, bir dəqiqəmi də hədər yerə sərf etməyim. Bir məktəbli olaraq mənim əsas vəzifəm müəllimlərimin verdiyi bütün tapşırıqlara məsuliyyətlə yanaşmaq, onları vaxtında və dəqiq  yerinə yetirməkdir.

Azərbaycan neft-qaz yataqlarının zənginliyi ilə bütün dünyada  tanınır. Mən də gələcəkdə, yəni, ali təhsil aldıqdan sonra neft-qaz sahəsi üzrə ixtisaslı mütəxəssis kimi yetişmək, respublikamızın daha da çiçəklənməsində öz töhfəmi vermək arzusundayam.

Mən hazırda "Gənc istedadlar" liseyinin IX sinif şagirdiyəm və I ixtisas qrupu üzrə imtahanlara hazırlaşıram. Heft-qaz mühəndisliyi üzrə ali təhsil almaq, seçdiyim ixtisasa yiyələnəndən sonra isə öz potensialımı ölkə iqtisadiyyatımızın və neft sənayemizin inkişafına yönəltmək, bu sahələrdə ən aparıcı simalardan biri olmaq  arzusundayam. Mənim ən qlobal istəyim budur ki, əməyimiz, elmimiz, bacarığımız sayəsində Azərbaycanın adı inkişaf etmiş ölkələrin sırasında çəkilsin.

- Səndə elmə marağı əsas kim oyadıb, müəllimlərin, yoxsa valideynlərin?

- Təbii ki, bütün övladlar kimi mən də valideynlərimi özüm üçün müqəddəs varlıq hesab edirəm. Mənim anam evdar qadındır. Atam isə dini təhsil görüb. Demək istəyirəm ki, elmə olan sonsuz marağımı məndə məhz müəllimlərim yaradıblar. Onlar təhsil yollarında mənim üçün bir yol göstərən mayakdırlar. 

- Təbii ki, asudə vaxt sarıdan çətinliyin olur. Elə bir təsadüf olubmu ki, stadionda futbol oynayan uşaqları görüb həvəsə düşəsən?

- Belə təsadüflər çox olub. Əslində futbolun ən sevdiyim idman növü olmasına baxmayaraq, futbol oynamaq həvəsimi həmişə içimdə boğmuşam. Düşünmüşəm ki, mənim üçün əsas şərt elm, savad qazanmaq, müəllimlərimin və valideynlərimin etimadlarını doğrultmaqdır.

- Özünə ən yaxın dost kimi hesab edirsən?

- Mənim məktəbdə də, qohum və tanışlar arasında da  çoxlu dostlarım  var. Ancaq özümə ən yaxın dost, sirdaş qardaşım Fəridi hesab edirəm.

- Hobbin nədir?

- Mütaliə. Ən son oxuduğum kitab alleqorik şəkildə qələmə alınsa da, əslində tarixi əsərdir.

- Ən böyük arzun nədir?

- Torpaqlarımızın işğal altında qalan hissəsinin azad olunması elliklə hamımızın arzusudur.

 

Gülər Əliyeva: - 1997-ci il dekabrın 28-də Bakıda anadan olmuşam. Əslən Ordubaddanıq. Anam da BDU-nun məzunudur. İxtisasca riyaziyyatçıdır. Atam isə ticarətçidir. Biz ailədə üç uşağıq. Mən, bacım və qardaşım. Evimizin ilki mənəm. Bacım da bizim liseyin şagirdidir. Qardaşım isə başqa məktəbdə oxuyur. Hər üçümüz dərs əlaçısıyıq. Bizim təhsil aldığımız "Gənc istedadlar" liseyi şagirdlərin müsabiqələrdə iştirak etməsinə, yeni layihələr hazırlamasına daha çox üstünlük verir.

Mən Bakıdakı 43 nömrəli tam orta məktəbdə I sinfə getmişəm. IV sinfi başa vuranda "Gənc istedadlar" liseyində təhsilimi davam etdirmək üçün imtahan vermiş və qəbul olunmuşam. Bu lisey haqqında çox eşitmişdim. Mənə isə bu fikrimdə anam dəstək oldu.

İlk oxuduğum məktəbdən ayrılmaq mənə çox çətin oldu. Nərgiz adlı məktəb yoldaşımla indi də səmimi əlaqələrimiz var.

İlk sinif müəllimim Rahibə xanımın məni necə mehribanlıqla "qızım" çağırmasını hər zaman xatırlayıram.

Mən gələcəkdə ali təhsil almaq üçün I ixtisas qrupu üzrə imtahanlara hazırlaşıram. Buna baxmayaraq bütün fənləri sevərək oxuyuram.

Əsrimiz texnologiya əsridir, mən də zamanın tələbinə müvafiq texnologiya üzrə  ixtisaslaşmaq istəyirəm. Bizim gələcək həyatımız qarşıdakı iki ildən asılıdır. Məqsədimizə çatmaq üçün hər dəqiqəmizin dəyərini bilməliyik. Ali təhsilimi xarici ölkələrdən birində almaq arzusundayam.

Ən sevdiyim fənlər riyaziyyat və fizikadır. Dəqiq fənləri sevdiyim üçün riyaziyyat və fizikanı oxuyarkən sanki dincəlirəm.

İlk dəfə IV sinifdə oxuyarkən müsabiqə iştirakçısı olmuşam.

"İNEPO" beynəlxalq layihə olimpiadasında lisey yoldaşım İbrahimlə mən  iştirak etdik. Ətraf mühitin mühafizəsinə həsr olunmuş müsabiqədə İbrahimlə birgə təqdim etdiyimiz layihə yüksək qiymətləndirildi və nəticədə biz qızıl medala layiq görüldük. Kənd təsərrüfatı məhsullarının və mallarının ultrasəs vasitəsilə qorunmasından bəhs edən layihəmiz böyük maraq doğurdu. Bizim təklif etdiyimiz ultrasəs nə insanlara, nə heyvanlara, nə də bitkilərə heç bir mənfi təsir göstərmir. O, sadəcə ziyanvericiləri məhv edir. Layihəmizi hazırlamaqda müəllimimiz Fazil Orucov bizə çox yaxından kömək etdi, bilmədiklərimizi başa saldı.

Qasım Hüseynov, BDU-nun professoru, "Gənc istedadlar" liseyinin direktoru: İbrahim Abbasov və Gülər Əliyeva liseyimizin ən fəal şagirdlərindəndir. Hər ikisi həm "əla" qiymətlərlə oxuyur, həm də ictimai işlərdə fəal iştirak edirlər.

Bu yaxınlarda Sumqayıt və Bakı məktəbləri arasında  "Sabahın alimləri" müsabiqəsi keçirilmişdir. Həmin müsabiqədə tibb nominasiyası üzrə  İbrahimlə Gülər birlikdə bir layihə hazırlamışdılar. Həmin nominasiyada İbrahimlə Gülər  birinci yeri tutdular. Hesab edirəm ki, bu, çox böyük uğur idi, çünki həmin nominasiya üzrə təqdim edilən layihələrin sayı həddindən artıq çox idi.

Bilirsiniz ki, bu yaxınlarda, konkret olaraq aprelin 5-də və 6-da "Ətraf mühitin mühafizəsi" mövzusunda keçirilən  müsabiqədə İbrahimlə Gülər də iştirak etmişdilər. Məktəbimizin fizika müəllimi Firuz Kərimovun elmi rəhbərliyi altında şagirdlərimizin   hazırladıqları layihə müsabiqədə qızıl medala layiq görülmüşdür. Yəni, İbrahimlə Gülər birinci yeri qazandılar, qızıl medalla bərabər sertifikat və pul mükafatı da aldılar.

Bilirsiniz, indi təbiətdə kənd təsərrüfatı ziyanvericiləri həddindən artıq çoxdur. Onları zərərsizləşdirmək tədbirləri səmərəsiz qalır. Adətən onları zərərsizləşdirmək məqsədi ilə DTT, xlorofos, metafos və s. kimi kimyəvi maddələrdən istifadə olunur.  Amma bu maddələr zərərvericilərlə bərabər insan orqanizmi üçün də çox təhlükəlidir və onun məhvinə gətirib çıxardır.

Şagirdlərin təklif etdikləri qurğu isə müəyyən elektrotezlikli səslər çıxardır, həmin səsin təsirindən zərərvericilər olduqları yerdən uzaqlaşırlar. Müsabiqədə olan münsiflər heyətinin üzvləri  bu işi yüksək qiymətləndirdilər. Mən inanıram ki, İbrahim də, Gülər də  gələcəkdə daha böyük uğurlara imza atacaqlar. 

Hazırladı: Ellada UMUDLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov