Təhsil Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata
əsasən, 2020-ci ilədək Azərbaycan Respublikasının təhsil
sistemində elektron dərslər və elektron dərsliklər
tədris resurslarının əsasını təşkil edəcəkdir. Tədris
materiallarının rəqəmsal məzmunda verilməsi həm
dərslərin daha effektiv mənimsənilməsinə, həm də
biliklərin səviyyəsinin interaktiv formatda
yoxlanılmasına imkan yaradır.
Təhsil Nazirliyi tərəfindən elektron dərslərin
istifadəsinə "Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci
illər)" çərçivəsində başlanmışdır. Dövlət Proqramı
çərçivəsində Azərbaycan tarixi fənni üzrə 20 adda 37900
nüsxə elektron vəsait, kimya fənni üzrə 8 adda 15160
nüsxə elektron vəsait, biologiya fənni üzrə 12 adda
22740 nüsxə elektron vəsait və fizika fənni üzrə 3 adda
10200 nüsxə elektron vəsait hazırlanmışdır.
Elektron resursların yaradılması və tədris prosesinə
tətbiqi "2008-2012-ci illərdə Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində daha da genişləndirilmişdir.
Dövlət Proqramı çərçivəsində hazırda Milli Təhsil
Portalında (www.edu.az) 8 fənn üzrə 122 elektron dərs
mövcuddur. Bunlara fizika, kimya, biologiya, coğrafiya,
ədəbiyyat, riyaziyyat, informatika və musiqi fənləri
üçün hazırlanmış dərslər daxildir. Eyni zamanda,
portalda Azərbaycan epistolyar irsi, Üzeyir Hacıbəylinin
virtual muzeyi, Azərbaycan tarixinin canlı səsləri,
Language learning inserts, Learning English kimi
elektron resurslar da yerləşdirilmişdir. Bu siyahıya
ibtidai siniflər üçün hazırlanmış "İnfoko" resurslarını
da əlavə etmək olar. Sadalanan elektron dərslər
www.edu.az ünvanında yerləşdirilmişdir. Elektron
resursların keyfiyyətinin qiymətləndirilməsi məqsədi ilə
Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Elektron
Tədris Resurslarının Qiymətləndirilməsi Şurası
yaradılmışdır.
Bununla yanaşı, Dövlət Proqramı çərçivəsində Intel
SKOOOL elektron dərs platforması Azərbaycan tədris
sisteminə (400 elektron dərs, www.skoool.edu.az
portalının adaptasiyası) uyğunlaşdırılmışdır.
Onu da qeyd etmək lazımdır ki, Dövlət Proqramı
çərçivəsində şəbəkə üzərindən video texnologiyaların
tətbiqini genişləndirmək məqsədi ilə video.edu.az
portalı yaradılmışdır. Portala müxtəlif fənlərə aid
dərslər yerləşdirilmişdir və hazırda dərslərin
yerləşdirilməsi davam etdirilməkdədir. Eyni zamanda,
Tehsil.tv portalı yaradılmış, təhsil reportajları və
təhsil verilişləri bu portalda yerləşdirilmişdir.
Elektron dərslərin tədris prosesinə tətbiqi bir çox
imkanlar yaradır. Belə ki, müasir dövrdə məktəb
laboratoriyalarında müəyyən təcrübələri aparmaq üçün
lazımi şəraitin hər zaman olmadığını nəzərə alaraq, məhz
laborator təcrübələri elektron dərslər vasitəsilə heç
bir avadanlığa ehtiyac olmadan aparmaq mümkündür. Eyni
zamanda, aparılması çətin olan təcrübələr burada heç bir
əlavə xərc tələb etmir və təhlükəsiz şəraitdə aparılır
ki, bu da məktəb laboratoriyasında keçirilməsi çətin
olan mürəkkəb fenomenlərin maraqlı və effektiv üsulla
öyrənilməsinə şərait yaradır.
Yaxın illər ərzində Azərbaycanda da tədricən fərdi
kompüterlər və ya planşetlər vasitəsilə elektron
dərsliklərdən istifadə ölkə miqyasında Bulud
texnologiyalara keçidi tezləşdirəcəkdir. Belə ki,
şagirdlər tədris üçün zəruri materialları və dərslikləri
Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni Təhsil
Buludundan istifadə etməklə fərdi təhsil alətinə yükləyə
və təhsil nəticələrini keyfiyyətli dərəcədə
təkmilləşdirə biləcəklər.
Qeyd etmək lazımdır ki, elektron təhsil
texnologiyalarının tətbiqinin genişləndirilməsi üzrə
fəaliyyətlər çərçivəsində elektron vəsaitlərin
işlənilməsi genişlənmiş, elektron təhsil (e-learning)
resursları bazasının əsası qoyulmuş, distant təhsilin
inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirilmiş,
vahid təhsil portalı yaradılmış və ölkədə interaktiv
tədris imkanlarından daha geniş istifadə olunması
dəstəklənmişdir.
Elektron dərslərin əsas üstünlüklərindən biri mövzu üzrə
müxtəlif mənbələrdən, o cümlədən İnternet resurslarından
istifadə olunmasıdır ki, bu da həmin mövzunun daha
əhatəli öyrənilməsini təmin edir. Bu mövzular hər bir
fənn və sinif üçün tədris planı üzrə təşkil olunur.
Dərslər bir çox hallarda fənlərarası mövzular üzrə
keçilir ki, bu da şagirdlərə hər hansı bir mövzuya
müxtəlif kontekstlərdən yanaşma imkanını verir.
Dərslərin strukturuna gəldikdə isə bir mövzu üzrə dərs
bir-birinin davamı olan hissələrdən təşkil olunur.
Mövzunun həcmindən asılı olaraq bu hissələrin sayı da
artır. Bu dərsləri xarakterizə edən daha bir xüsusiyyət
onların 50% interaktiv olmasıdır. Şagirdə müəyyən bir
mövzunu mənimsədikdən sonra həmin mövzunu
möhkəmləndirmək üçün test, frontal sorğu xarakterli
müxtəlif vasitələr təqdim olunur.
Eyni zamanda, müəllimlərin elektron resursların
yaradılması və tədris prosesinə tətbiqinə
həvəsləndirilməsi məqsədi ilə "Elektron təhsil"
Respublika müsabiqəsi elan olunmuşdur. 2010-2012-ci
illərdə keçirilmiş müsabiqədə ümumilikdə 2000-dən artıq
elektron resursun arxivi formalaşmışdır.
Hicran ƏKBƏROVA |