Keçən
əsrin 90-cı illərindən başlayaraq ADPU-nun beynəlxalq
əlaqələri ildən-ilə genişlənir, müxtəlif ölkələrlə
tələbə mübadiləsi aparılır, birgə elmi-tədqiqatlar,
beynəlxalq forum, konfrans, simpoziumlar keçirilir.
Universitetin əməkdaşları beynəlxalq və regionlararası
təhsil proqramlarında fəal iştirak etməyə çalışırlar.
ADPU Avropa Pedaqoji Universitetlər Birliyinin üzvüdür.
Təhsil Nazirliyi və YUNİSEF arasında 2010-cu ilə dair
imzalanmış illik fəaliyyət planına müvafiq olaraq
universitetin nəzdində Müasir təlim texnologiyaları
təlim və resurs mərkəzi fəaliyyət göstərir.
Son illərdə ADPU ilə Türkiyə Cümhuriyyətinin ayrı-ayrı
universitetləri - Hacəttəpə Universiteti, Mehmet Akif
Ersoy Universiteti, Rumıniyanın Babeş-Bolyai
Universiteti, Rusiyanın Tatarıstan Dövlət Humanitar
Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi
imzalanmışdır. Hər il Hacəttəpə Universiteti ilə
birlikdə "Müəllim hazırlama siyasəti" mövzusunda
beynəlxalq elmi-praktik konfrans keçirilir.
Universitetimizin əməkdaşları digər xarici ölkələrdə
keçirilən konfranslarda da mütəmadi iştirak edir,
Azərbaycan təhsilinin uğurları ilə bağlı maraqlı
məruzələrlə çıxış edirlər.
"Sankt-Peterburqda Avropa evi" Regional İctimai
Təşkilatının dəvəti ilə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin tədris işləri üzrə prorektoru, professor
Məlikməmməd Cəbrayılov, pedaqoji fakültənin dekanı,
professor Fərrux Rüstəmov, ingilis dili və onun tədrisi
metodikası kafedrasının müdiri, professor Balaxan
Hüseynov və ibtidai təhsilin pedaqogikası və metodikası
kafedrasının müdiri, dosent Yaqut Rzayeva bu günlərdə
Yunanıstan, Albaniya və İtaliyada "Yaşlıların ömürboyu
təhsili: ənənə və müasirlik" mövzusunda keçirilən
beynəlxalq seminarda iştirak etmişlər, Azərbaycanda bu
sahədə qazanılmış təcrübə seminar iştirakçıları ilə
müzakirə edilmişdir.
Avropa Təhsil Assosiasiyasının Afina bölməsində,
Albaniya Sosial İşlər Nazirliyində, İtaliyada şəhər
bələdiyyəsində, Afina, Tirana, Barı, Peskarı, Dürres,
Romanın ayrı-ayrı ali və orta ümumtəhsil məktəblərində,
liseylərdə, ömürboyu təhsilin Azərbaycanda inkişaf
konsepsiyası ilə bağlı məruzələr oxunmuş, bu sahədə
respublikamızda görülən işlər haqqında iştirakçılara
ətraflı məlumat verilmişdir.
"Sankt-Peterburqda Avropa evi" Regional İctimai
Təşkilatının dəstəyi ilə növbəti beynəlxalq elmi
seminarlardan birinin Bakıda - Azərbaycan Dövlət
Pedaqoji Universitetində keçirilməsi nəzərdə
tutulmuşdur.
Şakir CƏFƏROV |