Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin
həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər,
görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar
zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə
yadda qalmış və unudulmamışlar. Belə tarixi
şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli
lideri, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi
Heydər Əliyevin xüsusi rolu vardır. Milli liderliklə
siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında
birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal
haldır.
Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı
yolunda əvəzsiz tarixi xidmətləri olmuş, milli
dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin
beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz
töhfələr vermiş Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin 90 illik yubileyinin layiqincə
keçirilməsi məqsədi ilə Azərbaycan Dövlət Pedaqoji
Kollecində "Heydər Əliyev irsi Azərbaycan xalqının milli
sərvətidir" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və orta
ixtisas təhsili şöbəsinin əməkdaşları, Yasamal Rayon
İcra Hakimiyyətinin məsul şəxsləri, orta ixtisas təhsili
müəssisələrinin və YAP Qadınlar Şurasının
nümayəndələri iştirak etmişlər. Tədbir ulu öndərin
məzarını ziyarətlə başlamışdır. Kollecin müəllim və
tələbələri ulu öndərin və Zərifə xanım Əliyevanın
məzarları üstünə gül-çiçək dəstələri, əklillər qoyaraq
onları ehtiramla yad etmişlər.
Kollecin foyesində ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90 illik yubileyinə həsr olunan "Ulu
öndər Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda
rəsm müsabiqəsinin işlərindən ibarət sərgi ilə tanış
olan iştirakçılar öz müsbət fikirlərini tələbələrə
bildirmişlər. Sərgidə rəsmlərlə yanaşı, kollecdə müasir
tələblər səviyyəsində hazırlanmış və keçirilmiş Heydər
Əliyev dərslərinin icmalları və "Elektron dərs"lərin
təqdimatları nümayiş etdirilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı
ildönümünə həsr olunmuş "Heydər Əliyev irsi Azərbaycan
xalqının milli sərvətidir" mövzusunda tədbiri kollecin
direktoru, professor Nurlana Əliyeva açaraq Heydər
Əliyev şəxsiyyətindən, bu dahi insanın Azərbaycan
xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi,
ümummilli lider kimi xalq məhəbbətini qazanmış şəxsiyyət
olaraq qalmasından danışdı: "Zəngin və şərəfli ömür yolu
keçmək, fenomenal keyfiyyətləri ilə milyonların qəlbində
ölməzlik məşəli yandırmaq, millətinə azadlıq hissini
bütün varlığı ilə yaşatmaq xoşbəxtliyi çox az liderlərə
nəsib olur. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq
missiyası verir. Bu baxımdan, ulu öndər Heydər Əliyev
bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi
yer qazanmış dahi şəxsiyyətdir".
Tədbirdə kollecin tərbiyə işləri üzrə direktor müavini
Ş.Xankişiyevanın "Heydər Əliyev və Azərbaycan gəncliyi"
mövzusunda məruzəsi, kollecin şöbə müdiri S.Mazanovanın
"Heydər Əliyev və milli mənəvi dəyərlər",
K.Mənsimovanın "Heydər Əliyevin Azərbaycan təhsil
quruculuğunda rolu", Ş.Həsənovanın "Ümummilli lider
Heydər Əliyev və Azərbaycan idmanı" mövzularındakı
çıxışlarında Heydər Əliyev siyasətinin Azərbaycanın
uğurlarının əsası olduğu, gələcəyə istiqamətləndiyi,
onun siyasi kursunun dövlət müstəqilliyimizin qorunub
saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın
beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi
tərəqqiyə nail olunmasına yönəldiyi və s. kimi məsələlər
diqqətlə dinlənilmişdir. Ulu öndərin həyat və siyasi
fəaliyyətini əks etdirən filmi seyr edən tələbələr onun
"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
Azərbaycanlıyam" müraciətini alqışlarla qarşılamışlar.
Kollecin tələbələrinin təqdimatında ədəbi-bədii
kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla
izlənildi.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin ulu öndərin 90
illiyinə həsr edilmiş yubiley tədbiri sabah ibtidai
siniflərdə müəllim kimi fəaliyyət göstərəcək, gənc
nəslin təlim-tərbiyəsi ilə məşğul olacaq tələbələrin
siyasi dünyagörüşünün, elmi biliklərinin dərinləşməsi,
vətənpərvərlik, yurdsevərlik tərbiyəsi, xalqa sədaqət
ruhunda yetişməsi üçün gözəl bir örnək oldu və onlarda
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün
sahələrdə aparılan uğurlu islahatlara Heydər Əliyev
yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu
müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm
əminlik yaratdı.
Rəşad ZİYADOV |