Aprelin 28-də Beynəlxalq Muğam Mərkəzində Təhsil
Nazirliyinin 12 fevral 2013-cü il tarixli, 224 nömrəli
əmri ilə təşkil olunmuş ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90 illik yubileyi münasibətilə
ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin
şagird və tələbələri arasında gənc ifaçıların II
respublika müsabiqəsinin laureatlarının
mükafatlandırılması mərasimi və qaliblərin qala konserti
keçirilmişdir.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbəri
İlham Pirməmmədov bildirmişdir ki, mədəni irsimizin
qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun
geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox
böyük və əvəzsiz xidmətləri olmuşdur. O, hər zaman
gəncləri, istedadlı insanları diqqət və qayğı ilə əhatə
etmiş, onların yaradıcı potensiallarının açılmasında
yardımçı olmuşdur. Məhz ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90-cı ildönümü münasibətilə keçirilən
müsabiqədə də bu ənənə davam etdirilmişdir. Bu müsabiqə
ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin
şagird və tələbələrinin musiqi sahəsindəki istedadlarını
üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə təşkil
edilmiş və böyük uğurla yekunlaşmışdır.
Xalq artisti, Bülbül adına Orta İxtisas Musiqi
Məktəbinin direktoru, müsabiqənin münsiflər heyətinin
sədri Teymur Göyçayev ümummilli lider Heydər Əliyevin
musiqi mədəniyyətimizin inkişafında əvəzsiz rolu
haqqında danışmışdır. Teymur Göyçayev müsabiqənin
keçirilməsinin Bülbül adına Orta İxtisas Musiqi
Məktəbinə həvalə olunmasını bildirmişdir. O, keçirilmiş
müsabiqənin sayca ikinci olduğunu və iştirakçıların
yüksək nəticələr göstərdiyini qeyd etmişdir. T.Göyçayev
müsabiqə haqqında məlumat verərək iştirakçılar arasında
6 Qran-Pri mükafatçısının, 86 laureat, 44 diplomant
seçildiyi barədə danışmışdır. Təkcə Bakıda deyil,
zonalarda keçirilən seçim mərhələsi, Bakıda keçirilən
iki mərhələdən ibarət müsabiqənin yekunu barədə ətraflı
məlumat verən xalq artisti bütün iştirakçıları
səmimi-qəlbdən təbrik edərək onlara yaradıcılıq uğurları
arzulamışdır. Ümummilli lider Heydər Əliyevin adını
daşıyan bu müsabiqənin davamlı olacağına və yaradıcı
gəncliyə inam və dayaq prinsipinin yeni adlar
aşkarlayacağına inandığını bildirmişdir.
Yekun tədbirdə nazirliyin Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov,
münsiflər heyətinin üzvləri, mədəniyyət və incəsənət
xadimləri iştirak etmişlər. |