Aprelin
26-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda görkəmli oftalmoloq alim
və ictimai xadim Zərifə xanım Əliyevanın yubileyinə həsr
edilmiş "Akademik Zərifə Əliyeva - 90" mövzusunda
elmi-praktik konfrans keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan
muzey-lektoriyada keçirilən tədbirdə institutun
professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
İnstitutun rektoru, fizika-riyaziyyat elmləri doktoru,
professor Asəf Zamanov tədbiri açaraq "Akademik Zərifə
Əliyevanın elmi irsi" mövzusunda geniş məruzə etmişdir.
Natiq qayğıkeş və mehriban ana, vəfalı ömür-gün yoldaşı,
intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı,
dünya tibb elminə əvəzsiz töhfələr vermiş böyük alimin
fəaliyyətindən danışmışdır.
Bildirilmişdir ki, Zərifə xanımın alim olaraq qazandığı
uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi yer
tutur. O, oftalmologiya elmini nəinki keçmiş SSRİ
məkanında, hətta dünyada tanıtmışdır. Zərifə xanımın
yetişməsində onun boya-başa çatdığı mühitin çox böyük
rolu olmuşdur. Onun sadəlik və xeyirxahlıq mücəssəməsi
Azərbaycan qadınının mükəmməl nümunəsi idi. Zərifə
xanımın ömür yolu həkimlik peşəsini özlərinə həyat yolu
seçənlər üçün əsl örnəkdir.
Zərifə xanım Azərbaycan Tibb Universitetini bitirdikdən
sonra 1950-ci ildə aspiranturaya daxil olmuş, 1960-cı
ildə namizədlik, 1976-cı ildə doktorluq dissertasiyasını
uğurla müdafiə etmişdir. Professor Zərifə Əliyeva ilk
dəfə peşə patologiyasını araşdıran elmi-tədqiqat
laboratoriyası yaratmış, praktik olaraq elm aləmində
yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını
qoymuşdur. Bu sahədə apardığı elmi-tədqiqat işlərinin
nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının
M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Qeyd
etmək yerinə düşər ki, Zərifə xanım bu mükafata SSRİ-də
layiq görülmüş ilk qadın idi. Akademik Zərifə Əliyeva
iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi
məşğul olmuş, göz yaşı aparatı xəstəliklərini tədqiq
edərək, bu sahədə yazdığı elmi əsərlərlə Azərbaycan
lakrimologiyasının əsasını qoymuşdur. Zərifə xanım həm
də görkəmli ictimai xadim kimi geniş fəaliyyət
göstərirdi. O, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü,
Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini,
Ümumittifaq "Bilik" cəmiyyəti idarə heyətinin,
Ümumittifaq Oftalmologiya Elmi Cəmiyyəti Rəyasət
Heyətinin, həmçinin "Oftalmologiya xəbərləri" dövri elmi
jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə xanım
əməkdar elm xadimi fəxri adına layiq görülmüşdü. Onun
şəxsiyyətində insan, vətəndaş və alim anlayışları tam
vəhdət təşkil edirdi. Bənzəri olmayan nurlu bir
şəxsiyyət idi. Elmi, tibbi və pedaqoji fəaliyyəti hər
kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqda
çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və gələcəkdə
də yazılacaqdır.
Təbiət elmləri kafedrasının baş müəllimi Fatma
Quliyevanın "Görkəmli oftalmoloq, nurlu insan",
kitabxananın müdiri Güldanə Mehdiyevanın "Nəsillərə
nümunə nəcib ana" mövzularında məruzələri, psixologiya
və ictimai elmlər kafedrasının müdiri Hökümə Əliyevanın
çıxışı da konfrans iştirakçıları tərəfindən maraqla
qarşılanmışdır.
Konfrans akademik Zərifə xanım Əliyeva ilə bağlı
xatirələrlə başa çatmışdır.
BPKİYİ-nun Mətbuat xidməti |