Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası

 

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. Elmi Şura sədrinin müavini, universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surə iclası açaraq Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilməsi barədə məlumat vermişdir.

Qeyd edilmişdir ki, 16 oktyabr 1996-cı il tarixdən Naxçıvan Dövlət Universitetində rektorluq fəaliyyətinə başlayan akademik İsa Həbibbəylinin milli elmin, təhsilin inkişafında, dünya standartları səviyyəsində modern universitet yaratmaqda əvəzsiz xidmətləri var. Millət vəkili, akademik İsa Həbibbəyli dövlət qayğısı və dəstəyi ilə müasir tələblərə cavab verən tədris prosesi, səviyyəli elmi mühit və genişlənmiş beynəlxalq əlaqələr kimi vacib amillər əsasında dünya miqyaslı universitet formalaşdırmağa müvəffəq olmuşdur. Bu illər ərzində muxtar respublika rəhbərliyinin təhsilin inkişafına göstərdiyi qayğıdan bəhrələnən rektor güclü maddi-texniki bazaya, yüksək  intellektli kadr potensialına  malik, ixtisaslı mütəxəssislər yetişdirən müasir tipli universitet qurulmasına nail olmuşdur. Tədris işləri üzrə prorektor, dosent Seyid Surə millət vəkili, akademik İsa Həbibbəylini yeni vəzifəyə seçilməsi münasibətilə universitet kollektivi adından təbrik edərək vurğulamışdır ki, o, dövlətimizin, respublika elmi mühitinin göstərdiyi  bu böyük etimadı layiqincə doğruldacaq, öz intellekti, fitri istedadı, yüksək təşkilatçılıq qabiliyyəti ilə milli elmin tərəqqisinə daha böyük töhfələr verəcək.

Sonra Elmi Şuranın sədri, 17 il universitetin rektoru işləmiş akademik İsa Həbibbəylinin hesabatı dinlənilmişdir. Hesabatda qeyd olunmuşdur ki, nəinki regionda, bütün Azərbaycanda cəmiyyət həyatının inkişafında, milli təhsil tarixində Naxçıvan Dövlət Universitetinin özünəməxsus yeri və rolu vardır. 1967-ci ildə 3 ixtisas üzrə 102 nəfər tələbə ilə fəaliyyətə başlayan bu ali təhsil ocağında indi 11 fakültədə 52 ixtisas üzrə 5000 nəfərdən çox tələbə təhsil alır. Universitetdə ali təhsilin bakalavr, magistratura və doktorantura səviyyələri üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Bu ali məktəbdə 12 ölkədən 300 nəfərdən çox xarici tələbə təhsilini davam etdirir. Burada elmi-pedaqoji fəaliyyətlə məşğul olan 376 müəllimdən 2 nəfəri akademik, 4 nəfəri AMEA-nın müxbir üzvü, 31 nəfəri elmlər doktoru, 202 nəfəri fəlsəfə doktorudur. Müstəqil Azərbaycan dövlətinin böyük qayğısı sayəsində Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası böyük sürətlə inkişaf etdirilərək son illərdə əsaslı şəkildə yenidən qurulmuş, Naxçıvanda 108 hektar ərazini əhatə edən Avropa standartlarına malik müasir tipli Universitet  şəhərciyi - kampus formalaşmışdır. Ümummilli lider Heydər Əliyevin 1974, 1992 və 1999-cu illərdə Naxçıvan Dövlət Universitetində olması, burada etdiyi tarixi nitqlər, verdiyi tövsiyələr və tapşırıqlar, göstərdiyi qayğı ölkədə və regionda ali təhsilin və elmin, o cümlədən Naxçıvan Dövlət Universitetinin inkişafına böyük təkan vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə  2004-cü ildə universitetdə keçirilən görüş, onun 31 mart 2007-ci il tarixli sərəncamı ilə universitetin 40 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi, ölkə başçısının yubiley mərasimində şəxsən iştirak etməsi,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun universitetlə yaxından bağlılığı ali məktəbin inkişafına dövlət qayğısının parlaq təzahürüdür. Hesabatda tədrisin təşkilində beynəlxalq təcrübənin öyrənilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dünya elm və təhsilinə inteqrasiya məqsədilə 70-dən çox tanınmış universitetlə beynəlxalq əməkdaşlıq, tədrisin və təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə Boloniya sisteminin tətbiqi barədə məlumat verilmişdir. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan elminin və təhsilinin prioritet inkişaf istiqamətlərindən, qarşıda duran vəzifələrdən də bəhs etmişdir. O, Naxçıvan Dövlət Universitetinin onun taleyinin ayrılmaz hissəsi olduğunu, doğma kollektivini unutmayacağını, dövlətin və xalqın böyük etimadını doğrultmağa çalışacağını bildirmişdir.

Universitetin yaradıcılarından olan professor, filologiya elmləri doktoru, Prezident təqaüdçüsü Yavuz Axundlu akademik İsa Həbibbəylini tanınmış elm və maarif xadimi, eyni zamanda yüksək təşkilatçılıq, idarəetmə qabiliyyətinə malik ictimai xadim kimi dəyərləndirmişdir. Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, dosent Zəhmət Şahverdiyev akademik İsa Həbibbəylinin müasir ali təhsil quruculuğunda, Naxçıvan elmi-ədəbi mühitinin formalaşmasında, yerli mütəxəssis hazırlığındakı mühüm xidmətlərindən danışmışdır.

Universitetin "Qeyrət" nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru, şair-publisist Vaqif Məmmədov, universitetin YAP Gənclər Birliyinin sədri  Aytən İsmayılova  və digərləri çıxış edərək akademik, millət vəkili İsa Həbibbəyli haqqında xoş ürək sözlərini bildirmişlər, ona bundan sonrakı elmi-ictimai fəaliyyətində uğurlar arzulamışlar. Çıxışlarda qeyd olunmuşdur ki, o, universitet rəhbəri kimi kollektivdə dərin ehtiram və nüfuz qazanmış, istedadlı gənclərin irəli çəkilməsində, Naxçıvan Dövlət Universitetinin möhkəm milli əsaslara malik olan, dövlətçilik təmayüllü,  dünya birliyində və ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan bir ali məktəb kimi formalaşmasında  əvəzsiz rol oynamışdır.   

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov