Bu
günlər ölkəmizin hər yerində Azərbaycan Respublikasının
əməkdar elm xadimi, tanınmış oftalmoloq alim, tibb
elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan
olmasının 90-cı ildönümü geniş qeyd olunur. Yubiley
münasibətilə Bakının Maştağa qəsəbəsindəki C.Nurməmmədov
adına 108 nömrəli tam orta məktəbdə də bir sıra
tədbirlər həyata keçirilmişdir.
Öncə məktəb kollektivinin bir qrup nümayəndəsi Fəxri
xiyabana gedərək ümummilli lider Heydər Əliyevin və
akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət
etmiş, abidələri üzərinə tər gül-çiçək dəstələri
düzmüşlər.
Məktəbin foyesində "Sədaqətli ömür yoldaşı, qayğıkeş
ana" adlı stend hazırlanmış, radio qovşağında Zərifə
Əliyevanın oftalmologiya elmində xidmətləri, nəcib
insani keyfiyyətləri barədə geniş məlumatlar
səsləndirilmişdir.
Görkəmli alimin xatirəsinə həsr olunmuş tədbiri məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Dadaşova
açaraq Zərifə xanım Əliyevanı hər şeydən əvvəl nəcib
insan, qayğıkeş həkim kimi xatırlatmışdır. Natiq onun
Azərbaycan oftalmologiya elminə verdiyi töhfələr,
müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına
dair fundamental tədqiqatları, əldə etdiyi uğurlar, əsl
örnək olan yüksək mənəvi keyfiyyətləri, bir qadın, ana
və gözəl həyat yoldaşı kimi ailəsinə, övladlarına, ömür-gün
yoldaşı - ulu öndər Heydər Əliyevə olduqca həssas,
səmimi, ülvi münasibətlərindən danışmışdır. Zərifə
xanımın təkcə respublikamızda deyil, beynəlxalq aləmdə
də yaxşı tanınan alim, ziyalı, ictimai xadim kimi
dəyərləndirildiyini diqqətə çatdırmışdır. Qeyd
olunmuşdur ki, akademik Z.Əliyeva öz səmimiyyəti ilə
həmişə onu əhatə edən insanların rəğbətini, ehtiramını
qazanmışdır. Onun inkişaf etdirdiyi elm sahəsinin
davamçıları bu gün alimin irsindən faydalanırlar.
Öz mənalı ömrünü tibb elminin inkişafına həsr edən
akademik Zərifə xanım Əliyeva fədakar həkim kimi bir
sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən
Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək
sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin
öyrənilməsi və müalicə metodlarının tapılmasında gərgin
əmək sərf etmişdir.
Sonra direktorun təlim-tərbiyə işləri üzrə müavini
Rəhilə Hüseynova tibb elminə novator alim kimi daxil
olmuş Zərifə Əliyevanın böyük məktəb yaratdığını
vurğulamışdır. Bildirmişdir ki, onun elmi-pedaqoji və
ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə
və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü
təsir göstərmişdir. Zərifə xanımın yüksək intellektual
səviyyəsi, insanlarla səmimi, xoş münasibəti onu hamıya
sevdirmişdir. O öz şəfqətli əlləri ilə neçə-neçə insana
nur bəxş etmişdir.
Tədbirin sonunda şagirdlər Zərifə xanım Əliyevaya və
onun timsalında analara həsr olunmuş şeirlər
söyləmişlər.
Qabil YUSİFOĞLU |