Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

AMİ-də "Heydər Əliyev ideya-nəzəri irsində insan amili" mövzusunda elmi-praktik konfrans

 

Aprelin 27-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev ideya-nəzəri irsində insan amili" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. İlk öncə konfrans iştirakçıları ilə birgə institutun Heydər Əliyev Mərkəzi ziyarət olunmuş, ümummilli liderimizin büstü önünə əklil qoyulmuşdur.

İnstitutun akt zalında keçirilən plenar iclasda AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı giriş sözü ilə çıxış edərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, unudulmaz rəhbər Heydər Əliyevin zəngin irsindən, siyasət və dövlət xadiminə xas olan böyük istedadından geniş söhbət açmışdır. A.Naxçıvanlı bildirmişdir ki, bu günlər nəinki paytaxt Bakımızda, Azərbaycanın bütün guşələrində, eləcə də ölkəmizdən kənarda xalqımız böyük hörmət və ehtiram hissləri ilə Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin 90 illiyini qeyd edir. Bildirilmişdir ki, AMİ və onun 11 filialında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir.

Rektor vurğulamışdır ki, Heydər Əliyev ideyaları Azərbaycan cəmiyyəti və Azərbaycan xalqı üçün dünən də, bu gün də tarixin sınağından çıxmış bir kompas kimi istiqamətverici rol oynayır. Ulu öndərimizin ideyalarının istiqamətverici funksiyalarını biz cəmiyyətin sosial, iqtisadi, mənəvi, mədəni və siyasi inkişafının prioritetlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi prosesində görür və hiss edirik.

Konfransın məqsəd və əhəmiyyətindən danışan rektor konfransın çox mühüm elmi, siyasi və praktik əhəmiyyət kəsb edən "Heydər Əliyev ideya-nəzəri irsində insan amili" probleminə həsr olunduğunu qeyd etmişdir. Əsas məqsəd ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə nitqlərində, çıxış və məruzələrində, söhbətlərində diqqət mərkəzində dayanan insan və şəxsiyyət, insanın arzu və istəklərinin, tələblərinin reallaşması problemlərini dərindən öyrənmək, bu problemlərə elmi yanaşmaları müzakirə etməkdir. Ümummilli liderimizin ideyalarının insan problemi ilə məşğul olan mütəxəssislər və strukturlar üçün istiqamətverici amil kimi qəbul olunaraq həyata keçirilməsi çox vacibdir.

Sonra fəlsəfə üzrə fəlsəfə doktoru Əmrəli İsmayılov "İnsan, şəxsiyyət, zaman: düşüncələr" mövzusunda çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan xalqının ictimai-sosial fikrinin öyrənilməsinə, insan problemlərinə xüsusi diqqət və qayğı göstərmişdir. Natiq demişdir ki, Heydər Əliyev ideya-nəzəri irsinə müraciət edərkən açıq-aydın görürük ki, ulu öndər cəmiyyətdə insani münasibətlərin yüksəkliyi və onun humanizm prinsipləri üzərində qurulması, insan ləyaqətinin qorunması və bu qəbildən olan bir sıra başqa problemlərin Azərbaycanın zəngin ədəbiyyat və incəsənətində dolğun şəkildə öz əksini tapmasını xüsusi vurğulayırdı. Heydər Əliyev ideya-nəzəri irsinin insan probleminin həllində, şəxsiyyətin ucalması məsələlərində rolunun və funksiyalarının öyrənilməsi, müzakirə edilməsi çox əhəmiyyətlidir.

"Heydər Əliyev ideya-nəzəri irsində yeni insan amili" mövzusunda çıxış edən filologiya elmləri doktoru, professor Şamil Vəliyev qeyd etmişdir ki, ulu öndər Azərbaycan xalqına, bugünkü və gələcək nəsillərə böyük və zəngin ideya-nəzəri irs qoyub getmişdir. Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək və müstəqil Azərbaycanın qurucusu və rəhbəri olaraq zamanla, ictimai-siyasi situasiya ilə bağlı olan və insanlara mənfi təsir göstərən hallara, faktlara qarşı ziyalıları, alimləri, müəllimləri, dövlət qulluqçularını barışmaz mübarizəyə çağırırdı. Məruzədə Heydər Əliyevin insan probleminə müxtəlif aspektlərdən yanaşması vurğulandı, ümummilli liderin zəngin irsinin öyrənilməsinin əhəmiyyətindən danışıldı.

Konfransın işi "İnsan amili, şəxsiyyət problemi, insan kapitalı: axtarışlar, tarixi yanaşmalar, nəticələr" və "İnsan amilinə Heydər Əliyev yanaşmaları" bölmələri üzrə davam etmişdir. Bölmə iclaslarında Heydər Əliyev ideya-nəzəri irsi, müasir dövrdə insan amilinin tərəqqisinin aktual məsələləri, ulu öndərin şəxsiyyət probleminə yanaşmalarının əsas istiqamətləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insan kapitalı problemini dəyərləndirməsi və s. kimi məsələlərdən bəhs edən məruzələr dinlənilərək müzakirə edilmişdir.

Qeyd edək ki, konfransın materialları kitab şəklində çap olunacaq. 

AMİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov