Aprelin
30-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin təşkilatçılığı və Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin
dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş "Təhsil, texnologiya və tərəqqi"
mövzusunda sərgi keçirilmişdir. Sərgi Bakının bütün
təhsil müəssisələrini əhatə etmişdir. Sərgidə paytaxtın
təhsil müəssisələrinin müəllim və şagirdləri ilə yanaşı
Milli Məclisin deputatları, Təhsil Nazirliyinin və BŞTİ-nin
nümayəndələri, müxtəlif dövlət strukturlarında çalışan
şəxslər, valideynlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan BŞTİ-nin müdiri Nailə
Rzaquliyeva sərginin təhsilin inkişafında müsbət
dinamikanı ictimaiyyətə çatdırmaq, baş verən tərəqqini
nümayiş etdirmək, məktəblilərin Azərbaycan tarixinə,
milli-mədəni irsimizə, dəyərlərimizə hörmət ruhunda
tərbiyə olunması və onlarda təhsilə marağın
gücləndirilməsi, təhsil müəssisələri arasında sağlam
rəqabətin formalaşdırılması və qabaqcıl təcrübə
mübadiləsinin genişləndirilməsi məqsədi daşıdığını
bildirmişdir.
Bildirilmişdir ki, müstəqil dövlətimizin təməlini qoyan
ulu öndər Heydər Əliyev Azərbaycan təhsilinin inkişafına
əbədi töhfəsini vermişdir. Ümummilli liderin ideyaları
əsasında formalaşan dövlətimizin qüdrətinin günü-gündən
artdığını nəzərə çatdıran N.Rzaquliyeva qeyd etmişdir ki,
Prezident İlham Əliyevin "Təhsil bilik, elm, tərəqqi
deməkdir" fikri əsas götürülməklə müstəqil Azərbaycanın
təhsil sistemində həyata keçirilən irimiqyaslı
islahatlar prosesi artıq dönməz xarakter almışdır. Son
illər milli təhsil sisteminin aydın sabahını təmin
edəcək inkişaf proqramları təsdiq olunaraq
reallaşdırılmağa başlanmış, təhsilimizin inkişafına
yönəlmiş əsaslı tədbirlər həyata keçirilmiş və dünya
təhsil sisteminə inteqrasiya yolunda böyük nailiyyətlər
əldə olunmuşdur.
Tədbirdə çıxış edən Təhsil Nazirliyi Aparatının rəhbəri
İlham Pirməmmədov ölkəmizdə ulu öndər Heydər Əliyevin 90
illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin
keçirildiyini diqqətə çatdırmış və bu istiqamətdə
sərginin əhəmiyyətini vurğulamışdır. Ulu öndər Heydər
Əliyevin xalq və dövlət qarşısında göstərdiyi misilsiz
xidmətlərdən danışan İ.Pirməmmədov onun siyasi kursunu
uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin
təhsilə göstərdiyi diqqət və qayğıdan söz açmışdır.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və
fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş
etdirilmişdir.
Sonra iştirakçılar tərəfindən sərgiyə baxış
keçirilmişdir.
Niyazi RƏHİMOV |