Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

BSU-da ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş IV Beynəlxalq  elmi konfrans keçirilir

 

Mayın 1-dən 4-dək Bakı Slavyan Universitetində AMEA-nın Humanitar və ictimai elmlər bölməsi və BSU-nun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilir.

Açılış mərasimindən öncə konfrans iştirakçıları Fəxri xiyabanı ziyarət etmiş və ümummilli lider Heydər Əliyevin məzarı önünə çiçəklər qoymuşlar.

Beynəlxalq konfransı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə açaraq konfrans iştirakçılarını salamlamışdır. Beynəlxalq konfransın əsas leytmotivini azərbaycançılıq təşkil etdiyini bildirən A.Əlizadə bu məfkurənin banisinin Heydər Əliyev olduğunu söyləmiş, Bakı Slavyan Universitetinin azərbaycanşünaslıq üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında gördüyü işləri təqdirəlayiq saydığını vurğulamışdır. "Heydər Əliyev ideyalarının konfransda səslənməsi dünyada azərbaycançılıq məfkurəsinin yayılmasına yardım edəcək", - deyə A.Əlizadə qeyd etmişdir.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev konfransın işini tələbələr, eləcə də bütün iştirakçılar üçün elm bayramı kimi dəyərləndirmiş, xarici universitetlərdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərindən söhbət açmışdır. Rektor BSU-nun Kiyev, Poltava, Moskva və Minskdəki mərkəzlərinin azərbaycanşünaslığın inkişafında əhəmiyyətini vurğulamışdır. Təhsil Nazirliyi  Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev konfrans iştirakçılarına təhsil naziri Mikayıl Cabbarovun salamlarını çatdırmış və konfransın işinə uğurlar arzulamışdır.

Belarus Respublikasının Azərbaycandakı səfiri N.Y.Paskeviç bölgədə lider dövlət olan Azərbaycanın beynəlxalq arenada özünəməxsus yer tutduğunu bildirmişdir. Eyni zamanda Heydər Əliyevin Azərbaycanın inkişafında rolundan bəhs edən cənab səfir onu "müasir Azərbaycanın memarı" adlandırmışdır. "Bakı Slavyan Universiteti gənclərin intellektual mübadilə meydanıdır və bu konfransın mədəniyyətlərin təmasında rolu danılmazdır".  

Daha sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı N.Məhəməliyev, Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru, professor A.A.Nestulya, İstanbul Kültür Universitetinin rektoru, professor S.S.Demir, "Marşalek" Holdinqin prezidenti A.Marşalek, Palatski Universitetinin rektoru, professor M.Maşlan, Harvard Universitetinin professoru M.Kramer, Tbilisi Dövlət Universiteti Linqvistika İnstitutunun direktor müavini, professor M.Mancqaladze, Litva Dili İnstitutunun direktoru, professor İ.Zabarskayte, Misirin Ayn-Şəms Universitetinin əməkdaşı Ə.S.Elaydi, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İ.Məmmədzadə, Ural Federal Universitetinin professoru A.G.Nesterov, Qazaxıstan Milli Texniki Universitetinin professoru K.Beqalinova çıxış edərək konfransın işinə uğurlar arzulamışlar.       

Sonda iştirakçı gənclər adından "Eurovision" mahnı müsabiqəsinin qalibi, BSU-nun məzunu və hazırda əməkdaşı olan Eldar Qasımov qonaqları salamlamış, "Azərbaycan" mahnısını ifa etmişdir.

Sonra konfrans öz işini "Heydər Əliyev şəxsiyyəti və fəaliyyəti", "Heydər Əliyev və azərbaycançılıq", "Heydər Əliyev və qloballaşan dünyada Azərbaycan", "Azərbaycan dili və ədəbiyyatının inkişaf perspektivləri", "Azərbaycan elmi və mədəniyyətinin inkişaf perspektivləri" bölmələrində davam etdirmişdir.

Bölmə iclaslarında bir sira aktual məsələlərə həsr olunmuş məruzələr dinlənilmişdir: "Heydər Əliyev, Mixail Qorbaçov və Dağlıq Qarabağ münaqişəsi" (Mark Kramer, Harvard Universitetinin professoru), "Təhsildə ideologiya gərəkdirmi?" (Kozlovskaya Q.E., Moskva Şəhər Pedaqoji Universitetinin direktoru),  "XVII əsr İrəvan Qacar Bəylərbəyliyi Azərbaycanın milli dövlət qaynaqlarında" (Nesterov A. Ural Federal Universitetinin professoru), "Dünya dili türkcə və Azərbaycan türkcəsi" (Turqut Tok, Pamukkale Universiteti türk dili və ədəbiyyatı bölümü), "Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanında simvolların anlamı" (Lapinskene L. Litva Katolok Elmlər Akademiyasının professoru) və s.

Konfrans çərçivəsində Yasemin Bayerin türkcəyə tərcüməsində Hüseynbala Mirələmovun və Viktor Andrianovun "Heydər Əliyev" kitabının təqdimatı, Harvard Universitetinin professoru Mark Kramer, Ural Federal Universitetinin kafedra müdiri, professor A.G.Nesterov, Litva Dili İnstitutunun direktoru, professor İ.Zabarskayte, Tbilisi Dövlət Universiteti Linqvistika İnstitutunun direktor müavini, professor M.Mancqaladze və AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor F.Veysəllinin "ustad dərsləri" keçiriləcək. 

Xatırladaq ki, 220-dən çox yerli və xarici alimin məruzələrinin qəbul olunduğu konfransda AMEA-nın müxtəlif institutlarından, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Mingəçevir və Şamaxıdan nümayəndələr, eləcə də 14 ölkədən, o cümlədən Rusiya, Belarus, ABŞ, Türkiyə, Avstriya, Litva, Yunanıstan, Polşa, Ukrayna, Çexiya, Gürcüstan, Misir, Qazaxıstan, Bolqarıstandan 40 qonaq iştirak edir.

Konfrans öz işini davam etdirir. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov