Aprelin
26-da Bakı Dövlət Universitetində (BDU) ümummilli lider
Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə
həsr olunmuş "Heydər Əliyev irsi elmimizin qarantıdır"
mövzusunda Respublika şagird konfransı keçirilmişdir.
Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının
Təhsil Nazirliyi, BDU və onun nəzdində fəaliyyət
göstərən "Gənc istedadlar" liseyidir. Konfransda BDU-nun
və "Gənc istedadlar" liseyinin professor-müəllim heyəti,
respublikanın müxtəlif bölgələrindən gələn müəllim və
şagirdlər, KİV nümayəndələri və digər şəxslər iştirak
etmişlər.
Konfransın plenar iclasını giriş sözü ilə açan BDU-nun
rektoru, akademik Abel Məhərrəmov tədbirin
əhəmiyyətindən danışmışdır. Ulu öndər Heydər Əliyevin
tarixi xidmətlərindən danışan rektor, xüsusilə onun elm
və təhsilə olan münasibətindən bəhs etmişdir. Rektor
dünyada ümummilli lideri olan xalqların sayının az
olduğunu və Azərbaycan xalqının belə xalqlardan olduğunu
diqqətə çatdırmışdır. Son illər respublikamızın dinamik
və sürətli inkişaf etdiyini bildirən A.Məhərrəmov ulu
öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam
etdirən ölkə Prezidenti İlham Əliyevin xidmətlərindən
söz açmışdır. Rektor "Gənc istedadlar" liseyinin qısa
müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq böyük
uğurlara imza atdığını nəzərə çatdırmışdır.
Tədbirdə Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri
Gültəkin Hüseynova "Elm və təhsilin vəhdəti müasir
cəmiyyətin inkişafına xidmət edir" mövzusunda məruzə ilə
çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan
elminə və elm adamlarına göstərdiyi diqqət və qayğıdan
söz açmışdır. Ulu öndərin bu sahəni daim diqqət
mərkəzində saxladığını bildirən G.Hüseynova belə
konfransların keçirilməsini təqdirəlayiq hal kimi
qiymətləndirmişdir.
Konfransda "Gənc istedadlar" liseyinin şagirdi Aytəkin
Murtuzovanın "Heydər Əliyev və Azərbaycan dili"
mövzusunda məruzəsi, həmçinin Tovuz rayonundan gəlmiş
müəllim Talıb Mahmudovun çıxışı maraqla qarşılanmışdır.
Digər çıxış edənlər konfransın əhəmiyyətindən söz
açmışlar.
Sonra "Gənc istedadlar" liseyinin fəaliyyətini əks
etdirən videoçarx nümayiş etdirilmişdir.
Konfrans plenar iclasdan sonra bölmə iclasları ilə davam
etdirilmişdir. "Gənc istedadlar" liseyində keçirilən
bölmə iclasları ana dili və ədəbiyyat, tarix və
coğrafiya, fizika, riyaziyyat və informatika, kimya,
biologiya və ekologiya, xarici dillər (rus, ingilis)
bölmələrində aparılmışdır. Ümumilikdə konfransda 127
məruzə dinlənilmişdir.
Niyazi RƏHİMOV |