25-27 aprel 2013-cü il tarixlərində Qafqaz
Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş gənc tədqiqatçıların I
Beynəlxalq elmi konfransı keçirilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Türkiyənin
Atatürk Universitetinin, Hacəttəpə Universitetinin,
Mərmərə Universitetinin, Ondoqquz Mayıs Universitetinin
birgə əməkdaşlığı və Qafqaz Universitetinin
təşkilatçılığı ilə keçirilən konfransa 13 ölkədən, o
cümlədən Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Hindistan,
Avstriya, Ukrayna, Misir, İran, Türkmənistan,
Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk
Cümhuriyyətindən elmin müxtəlif sahələri üzrə 900-dən
çox tezis təqdim edilmiş, onlardan 650-si qəbul
edilmişdir. İngilis, rus, Azərbaycan və türk dillərində
təqdim olunan tezislər üzərində geniş müzakirələr
aparılmış, müxtəlif sahələrdəki innovasiyalarla əlaqəli
konstruktiv təkliflər verilmişdir. Bununla da səmərəli
elmi müzakirələr aparmaq üçün şərait təmin edilmiş,
dünyanın müxtəlif universitet, akademiya və
institutlarında fəaliyyət göstərən gənc tədqiqatçılar və
elm adamları bir araya gələrək bu sahədə əldə olunan
təcrübələri qarşılıqlı şəkildə paylaşmaq imkanı əldə
etmişlər. Konfransda, habelə gənc tədqiqatçıların
qarşılaşdıqları problemlər təhlil olunmuş və ortaq
problemlərə yönəlik təkliflər irəli sürülmüşdür.
Çoxsahəli konfransda 3 bölmədə 14 istiqamət üzrə
təqdimatlar və müzakirələr olmuşdur.
Konfransda vurğulanmışdır ki, hər bir ölkənin inkişaf
səviyyəsi və ictimai həyatının müxtəlifliliyi həmin
ölkədəki gənclərin yaradıcılıq fəaliyyətləri ilə birbaşa
əlaqəlidir. Elm sahəsindəki inkişaf ölkənin müxtəlif
sahələrdə inkişafına şərait yaradır. Elmin müxtəlif
sahələrində yeniliklərin izlənilməsi, sahələr arasında
əlaqələrin qurulması və aktual araşdırmaların aparılması
isə gənclərin aktiv fəaliyyəti ilə bağlıdır. Bu
çərçivədə gənc tədqiqatçıların elmi araşdırmalarının
nəticələri olaraq təqdim etdikləri tezislərin ölkədə
elmin inkişafına da müsbət təsir göstərəcəyinə inam
ifadə olunmuşdur.
Konfransın sonunda yekun bəyannamə qəbul edilmişdir.
Konfrans respublikamızda elmi potensialın güclənməsinə,
fundamental və tətbiqi elmi tədqiqatların prioritet
istiqamətlərinin inkişaf etdirilməsi məqsədi ilə
tədqiqatçıların həvəsləndirilməsinə, onların əldə
etdikləri elmi nəticələrin qiymətləndirilməsinə və
yayılmasına mühüm töhfə vermişdir.
Y.ƏLİYEV |