Ağcabədi rayonunun Aran kəndində yeni inşa olunmuş 220
şagird yerlik 1 nömrəli tam orta məktəbin binası
istifadəyə verilmişdir.
Müasir tipli yeni məktəb binası 2012-ci ildən Ağcabədi
"Elnur" MMC tərəfindən tikilməyə başlanmışdır. Məktəbdə
geniş sinif otaqları ilə yanaşı, kitabxana, akt və idman
zalları, kompüter otağı, laboratoriya və yeməkxana
vardır. 2012-2013-cü dərs ilində məktəbin 13 sinif
komplektinə 195 nəfər şagird cəlb edilmişdir. Onların
təlim-tərbiyəsi ilə 25 nəfəri ali təhsilli olmaqla 35
nəfər müəllim məşğul olur. Hazırda məktəbdə dərslər bir
növbədə tədris edilir.
Mərasimdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin
başçısı Şahin Məmmədov, məktəbin direktoru Nəbi
Məmmədov, müəllim Saray Səfərova, valideyn Ənvər Əliyev,
şagird Xəzər Valehzadə və digərləri ölkədə təhsil
sahəsinə dövlət tərəfindən göstərilən diqqət və
qayğıdan, məktəblərin maddi-texniki bazasının
yaxşılaşdırılması istiqamətində görülən işlərdən, həyata
keçirilən layihələrdən söz açmış, yaradılan şəraitə görə
minnətdarlıqlarını bildirmişlər. Sonra tədbir
iştirakçıları məktəblə yaxından tanış olmuşlar.
Hicran ƏKBƏROVA |