| 
								
						 Azərbaycan 
						Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir 
						
						Aprelin 27-də Azərbaycan Dövlət Musiqili Teatrında 
						görkəmli oftalmoloq alim, akademik Zərifə xanım 
						Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli 
						mərasim keçirilmişdir.  
						
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
						mərasimdə iştirak etmişdir.  
						
						Dövlətimizin başçısı yubiley mərasimində nitq söylədi. 
						
						
						Prezident İlham Əliyevin nitqi  
						
						- Hörmətli xanımlar və cənablar! 
						
						Hörmətli qonaqlar! 
						
						Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün yubiley 
						tədbirində iştirak etmək üçün Azərbaycana gəlmiş bütün 
						qonaqları səmimiyyətlə salamlayıram. Azərbaycana xoş 
						gəlmişsiniz. 
						
						Zərifə xanım Əliyeva böyük həkim, böyük alim idi. Onun 
						90 illik yubileyini dövlət səviyyəsində qeyd etmək üçün 
						mən Prezident kimi müvafiq sərəncam imzalamışdım. 
						Sərəncam əsasında müxtəlif tədbirlər keçirilmişdir. Bu 
						tədbirlərin çox böyük mənası var idi. Çünki bu 
						tədbirlərdə, elmi simpoziumlarda oftalmologiya elmində 
						gedən proseslər bir daha təhlil edilmiş, çox dəyərli 
						fikirlər səslənmiş və bu tədbirlər oftalmologiya 
						sənətinə, oftalmologiya elminə yeni bir töhfə olmuşdur. 
						
						Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, 
						Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini 
						vermişdir, gənc kadrların hazırlanmasında çox böyük 
						fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə 
						qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun 
						laboratoriyaları fəaliyyət göstərmişdir. Bu 
						laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına 
						zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, 
						xəstələrin müalicəsi də təşkil edilmişdir.  
						
						Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata 
						bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də 
						öz aktuallığını itirmir. Bir alim kimi Azərbaycan Elmlər 
						Akademiyasının həqiqi üzvü seçilmişdir, eyni zamanda, 
						Sovet İttifaqının oftalmologiya elmində ən yüksək 
						mükafat olan Averbax mükafatına layiq görülmüşdür. 
						
						Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə 
						dayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda, çox 
						xeyirxah insan idi və hər bir həkimdə bu iki amil 
						birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara 
						xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan 
						olmalıdır. Zərifə xanımın bu məsələlərlə bağlı da 
						fikirləri, məqalələri var idi. Həkimin etik davranışı 
						ilə bağlı onun çox dəyərli fikirləri olmuşdur. Hesab 
						edirəm ki, bu fikirlər bu gün də hər bir həkim üçün əsas 
						olmalıdır. 
						
						Zərifə xanım böyük lider, ulu öndər Heydər Əliyevin 
						ömür-gün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, 
						onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, 
						valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi 
						də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin 
						münasibətlərini görərək alırdıq. Əlbəttə, 1970-ci 
						illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib 
						vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat 
						yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları və 
						üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə 
						bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər 
						Əliyevin - birinci katibin həyat yoldaşıdır. Həmişə onun 
						yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların 
						əhatəsində olurdu. Çox təvazökar idi. 
						
						Bir daha demək istəyirəm ki, heç vaxt heç bir sözü, 
						addımı ilə göstərmirdi ki, onun cəmiyyətdə hansısa 
						xüsusi statusu vardır və bu da təbiidir, əslində belə də 
						olmalıdır. Ancaq biz bilirik ki, bir çox hallarda belə 
						deyil və müəyyən statusa malik olan insanlar, yaxud da 
						ki, onların yaxınları özləri üçün xüsusi imtiyazlar 
						tələb edirlər. Zərifə xanımın bu sahədəki hərəkətləri, 
						davranışı da nümunə olmalıdır. Zərifə xanım çox yüksək 
						mədəniyyətə malik olan, çox istedadlı, bilikli insan 
						idi. Nəinki öz peşəsində, eyni zamanda, hərtərəfli 
						istedadlı bir insan idi və bəziləri üçün o, necə 
						deyərlər, son ümid yeri, ümid ünvanı idi. Hətta 
						tanımadığı adamlar belə müxtəlif xahişlərlə, müxtəlif 
						şikayətlərlə onun iş yerinə gəlirdilər. O, çalışırdı ki, 
						hər kəsə kömək göstərsin. Tanımadığı adamların 
						xahişlərini gəlib atama çatdırırdı və o məsələlərin 
						böyük əksəriyyəti öz həllini tapırdı. Yəni, daim 
						insanlara xidmət etmək, kömək göstərmək arzuları, 
						amalları ilə yaşayırdı.  
						
						Əlbəttə ki, onun unudulmaz obrazı bu gün də mənim üçün 
						çox əzizdir, doğmadır. Eyni zamanda, Zərifə xanım yüksək 
						davranış meyarlarına malik idi. İnsanlara münasibətdə 
						səmimiyyət, xeyirxahlıq, eyni zamanda, yüksək 
						mədəniyyət, alicənablıq - bütün bu gözəl amillər onda 
						birləşmişdi. Zərifə xanım əsl ziyalı idi, Azərbaycan 
						xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə 
						birləşdirmişdi, onları təcəssüm etdirirdi.  
						
						Bununla bərabər, çox istedadlı insan idi, hərtərəfli 
						istedadlı idi, musiqini çox sevirdi, istənilən 
						melodiyanı, istənilən mahnını notlarsız çox böyük 
						məharətlə, ustalıqla pianoda ifa edə bilirdi. Teatrı çox 
						sevirdi və yadımdadır ki, 1970-ci illərdə onunla bərabər 
						dəfələrlə Azərbaycan teatrlarında olmuşam, bütün 
						tamaşalara baxmışam. Elə tamaşalar var idi ki, biz o 
						tamaşalara bir neçə dəfə bir yerdə baxırdıq.  
						
						Bu teatrı da çox sevirdi. O vaxt bu teatrın adı Musiqili 
						Komediya Teatrı idi və demək olar ki, hər həftə bu 
						teatra gəlirdik. Elə bir tamaşa yox idi ki, biz onu 
						görməyək. Elə tamaşalar da var idi ki, o tamaşaları bir 
						neçə dəfə seyr edirdik. Bəlkə də bu gün Zərifə xanımın 
						yubileyinin məhz bu teatrda, yenidən əsaslı təmirdən 
						çıxmış teatrda keçirilməsi də rəmzi xarakter daşıyır.
						 
						
						Hər bir insan üçün onun valideynləri, onun anası 
						əzizdir, müqəddəsdir. Bu da təbiidir. Hər bir insan 
						doğmalarını öz qəlbində yaşadır. Zərifə xanımın adı 
						əbədiləşdirilib, onun adına küçə vardır. Onun yaşadığı 
						küçə onun adını daşıyır. Onun böyük töhfəsi olan 
						Oftalmologiya Mərkəzi onun adını daşıyır və Mərkəzlə 
						üzbəüz onun abidəsi ucaldılıbdır. Əlbəttə ki, onun 
						xatirəsi, onun obrazı onu tanıyanların qəlbində yaşayır. 
						Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. 
						Ancaq əfsuslar olsun ki, biz onu tez itirdik. Vaxtından 
						əvvəl həyatdan getdi, hələ çox iş görə bilərdi. 
						
						Ancaq həyat belədir ki, heç kim deyə bilməz nə vaxt nə 
						baş verəcəkdir. 
						
						Biz bu gün yubiley tədbirlərini keçirməklə bərabər, eyni 
						zamanda, ölkəmizdə səhiyyə sahəsində aparılan işlərə bir 
						daha nəzər salırıq. Xüsusilə nəzərə almalıyıq ki, bu gün 
						bizim qonaqlarımızın arasında görkəmli alimlər, həkimlər 
						iştirak edirlər. Son illər ərzində Azərbaycanda səhiyyə 
						sisteminin təkmilləşdirilməsi üçün böyük işlər 
						görülmüşdür, islahatlar aparılmışdır. Səhiyyənin 
						maddi-texniki bazası böyük dərəcədə 
						möhkəmləndirilmişdir. Təkcə onu demək kifayətdir ki, son 
						10 ildə Azərbaycanda 500-dən çox tibb müəssisəsi 
						tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Həm 
						Bakıda, həm bütün bölgələrdə indi lazımi tibb xidməti 
						almaq üçün bütün şərait vardır. Bakıda bizim demək olar 
						ki, bütün əsas tibb ocaqları ya yenidən tikilmiş, ya da 
						orada təmir-bərpa işləri aparılmışdır.  
						
						Oftalmologiya Mərkəzi yenidən tikilmişdir və dünya 
						miqyaslı bir mərkəzdir. Onkologiya Mərkəzinin yeni 
						korpusları tikilmişdir. Uroloji xəstəxana yenidən 
						qurulmuşdur - neyrocərrahiyyə, cərrahiyyə mərkəzləri, 
						Perinatal Mərkəz, Talassemiya Mərkəzi, keçmiş "Semaşko" 
						xəstəxanası, indi kliniki xəstəxana adlandırılır. 
						Mərkəzi Kliniki Xəstəxana yenidən bərpa edilmişdir. Bu 
						xəstəxananın yeni böyük korpusu tikilməkdədir. Uşaq 
						xəstəxanaları əsaslı şəkildə təmir olunubdur. Yəni, 
						Bakıda son illər ərzində görülmüş işlər səhiyyənin 
						maddi-texniki bazasını böyük dərəcədə gücləndirmişdir. 
						Hazırda tikilməkdə olan Bakı Sağlamlıq Mərkəzi bir neçə 
						böyük xəstəxananı birləşdirəcəkdir. Biz ilin sonuna 
						qədər Bakı Sağlamlıq Mərkəzinin açılışını qeyd edəcəyik. 
						
						Eyni zamanda, bölgələrdə səhiyyə müəssisələrinin 
						yaradılması, tikilməsi prosesi gedir. Hər bir şəhərdə ya 
						diaqnostika mərkəzi, ya mərkəzi rayon xəstəxanası 
						tikilib, yaxud da ki, təmir edilibdir. Hazırda yeddi 
						şəhərdə təmir işləri gedir. Qarşıya vəzifə qoyulmuşdur 
						ki, biz bir-iki il ərzində Azərbaycanda hər bir yaşayış 
						məntəqəsində, hər bir şəhərdə, hər bir rayonda ən yüksək 
						tibbi xidmətə nail olmalıyıq. Azərbaycana ən müasir 
						avadanlıq gətirilir. Yəni, dövlət öz tərəfindən lazımi 
						işləri görür. Təkcə onu demək kifayətdir ki, son on il 
						ərzində səhiyyə xərclərinə ayrılan vəsait 11 dəfə 
						artmışdır. Həkimlərin maaşı 6 dəfə artmışdır. Halbuki bu 
						gün də o maaşların səviyyəsi bizi qane edə bilməz. Bu 
						məsələlərin gələcəkdə daha da səmərəli şəkildə həlli 
						üçün indi hökumət işləyir. Yəni, maaşlar daim 
						qaldırılacaqdır. Ancaq biz bu dinamikanı görürük. Çox 
						müsbət dinamikadır. Azərbaycanın ümumi inkişafına uyğun 
						olan dinamikadır. Eyni zamanda, biz burada dövlət 
						siyasətinin təzahürlərini də əyani şəkildə görürük. 
						Çünki bizim siyasətimizin mərkəzində, - bunu mən 
						dəfələrlə demişəm, - insan amili, Azərbaycan vətəndaşı 
						dayanır. Azərbaycan vətəndaşı sağlam olmalıdır. Gənc 
						nəsil sağlam böyüməlidir. Bunu etmək üçün ilk növbədə, 
						yüksək səviyyəli tibbi xidmət olmalıdır. 
						
						Biz indi iqtisadi cəhətdən güclənmişik. Yenə də deyirəm, 
						siyasətimizin əsasında, mərkəzində Azərbaycan vətəndaşı 
						dayandığı üçün biz maliyyə resursları cəlb etmişik. 
						Ancaq təkcə maliyyə resurslarının cəlb edilməsi ilə iş 
						bitmir. Eyni zamanda, peşəkarlıq artmalıdır. Kadrların 
						hazırlanması sahəsində daha da böyük işlər görülməlidir. 
						Hazırda bu işlər inkişafdadır. Azərbaycan həkimlərinin 
						bir qrupu xaricdə təlim keçir. Xaricdən gələn görkəmli 
						mütəxəssislər, alimlər Azərbaycanda fəaliyyət 
						göstərirlər. Yəni, biz gələcəkdə bu işlərə daha da çox 
						vəsait ayıracağıq ki, peşəkarlıq artsın, Azərbaycanda 
						səhiyyənin nəinki maddi-texniki bazası, eyni zamanda, 
						səviyyəsi, ümumiyyətlə, dünya standartlarına cavab 
						versin.  
						
						Hesab edirəm ki, buna nail olmaq üçün bizim bütün 
						imkanlarımız vardır. Yenə də deyirəm, son illər ərzində 
						Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşmüşdür. 
						Statistik göstəricilər də, onların dinamikası da çox 
						müsbətdir. Həkimlər yaxşı bilir, əfsuslar olsun ki, 
						bütün dövrlərdə Azərbaycanda körpə ölümü yüksək idi, 
						Sovet İttifaqı dövründə digər respublikalarla müqayisədə 
						həmişə yüksək idi. İndi uşaq ölümü kəskin şəkildə 
						azalmışdır. İnsanların ömrünün uzunluğu artır, bu da hər 
						bir ölkənin ümumi inkişafını şərtləndirən bir amildir. 
						Çox sevindirici haldır ki, bu proses də müsbət 
						istiqamətdə gedir. Azərbaycanda əhali artır. Son on il 
						ərzində Azərbaycanda əhalinin sayı bir milyondan çox 
						artmışdır. Azərbaycanda əhalinin artım templəri Avropa 
						qitəsində ən yüksəkdir.  
						
						Əlbəttə, bütün bu amillər tələb edir ki, səhiyyə 
						sahəsində daha da ciddi islahatlar aparılmalıdır. Həm 
						struktur islahatları aparılmalı, eyni zamanda, ilk 
						növbədə peşəkarlıq artmalıdır. Əminəm ki, əgər biz 
						bundan sonra da bu templərlə inkişaf etsək, bu məsələlər 
						də öz həllini tapacaqdır. 
						
						Azərbaycanda bu sahədə görülən işləri beynəlxalq 
						təşkilatlar da qiymətləndirir. Bir müddət bundan əvvəl 
						Bakıda Dünya Səhiyyə Təşkilatı Avropa Komitəsinin 
						konfransı keçirilmişdir və orada qeyd edilmişdir ki, 
						Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsində 
						çox böyük inkişaf və tərəqqi vardır. 
						
						Yəni bu, reallıqdır. Ancaq o da reallıqdır ki, hələ bəzi 
						hallarda tibbi xidmət lazımi səviyyədə deyildir. Bəzi 
						həkimlərin peşəkarlığı bizi qane edə bilməz və elə tibb 
						müəssisələri var ki, orada əsaslı təmirə ehtiyac vardır. 
						Ancaq əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda bütün 
						bu məsələlər ardıcıllıqla və yüksək templə öz həllini 
						tapır. Bu məsələlərin həlli, bir daha demək istəyirəm 
						ki, dövlət siyasətimizin əlamətidir. Sosial məsələlərin 
						həlli bizim üçün prioritetdir və həmişə prioritet olaraq 
						qalacaqdır.  
						
						Bu gözəl yubiley bir daha imkan verir ki, biz bu 
						məsələlərə toxunaq, fikirlərimizi bildirək və böyük 
						ümidlərlə gələcəyə baxaq. Çünki gələcəkdə Azərbaycan hər 
						bir istiqamət üzrə inkişaf etmiş ölkəyə çevrilməlidir.
						 
						
						Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. 
						Onu tanıyanlar və tanımayanlar, haqqında kitablarda, 
						məqalələrdə oxuyanlar da hesab edirəm ki, onun nurlu 
						obrazını daim öz ürəyində saxlayır. Zərifə xanım böyük 
						həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi 
						onu tanıyanların qəlbində daim yaşayacaqdır. Sağ olun.  
						
						
						***  
						
						Səhiyyə naziri Oqtay ŞİRƏLİYEV çıxış edərək dedi: 
						
						- Zati-aliləri möhtərəm cənab Prezident! 
						
						Hörmətli qonaqlar! 
						
						Xanımlar və cənablar! 
						
						Tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq 
						və tanınmış simalarından olan görkəmli alim və həkim, 
						tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, 
						akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 
						90-cı ildönümüdür. 
						
						Özü cismən aramızda olmasa da, xalq onu sonsuz hörmət və 
						məhəbbətlə xatırlayır. Bu mötəbər tədbir də alimin 
						xatirəsinə dövlətin, xalqın, tibb ictimaiyyətinin, elm 
						adamlarının sonsuz ehtiramının ifadəsidir. 
								
						 Belə 
						bir fikir vardır: əzmlə işləyən insanların günləri qısa, 
						ömürləri uzun olur. Bu mənada, Zərifə xanım Əliyevanı 
						uzunömürlü hesab etmək olar. Onun elmi əsərləri, 
						tədqiqatları, çoxsaylı kitabları yaşadığı 62 illik 
						ömrünə sığmır. İşıqlı xatirəsi bu gün də insanların 
						yaddaşında, təkcə yaxınlarının və həmkarlarının deyil, 
						həm də gözlərinə rəngarəng dünyanın nurunu bağışladığı 
						xəstələrinin qəlblərində yaşayır. Həyatda belə böyük 
						sevgi qazanmaq, özündən sonra belə əziz duyğular, nurlu 
						xatirələr qoyub getmək - belə xoşbəxtlik çox az adamın 
						taleyinə yazılır. 
						
						Akademik Zərifə Əliyevanın ömür kitabında Azərbaycan 
						naminə misilsiz xidmətləri olan görkəmli dövlət 
						xadimlərinin taleyi yaşayır. 
						
						Sözsüz ki, Zərifə xanımın zəngin daxili aləminin 
						formalaşmasında ailəsinin, valideynlərinin çox böyük 
						rolu olmuşdu. Tanınmış alim və həkim, keçmiş SSRİ-də 
						böyük nüfuz qazanmış bir dövlət xadimi Əziz Əliyevin 
						qızı məhz Zərifə xanım kimi olmalı idi. Akademik 
						Mustafabəy Topçubaşovun adi həkim deyil, bütün 
						cəmiyyətin loğmanı adlandırdığı Əziz Əliyev böyük ürək 
						sahibi, geniş biliklərə, yüksək mənəviyyata malik 
						şəxsiyyət idi. Övladlarının ona sevgisi onların sənət 
						seçiminə də təsir etmişdir. Bu ailənin üç övladı - 
						Tamerlan, Zərifə və Cəmil həkimlik sənətini seçmişlər. 
						
						1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu 
						bitirdikdən sonra Zərifə xanım bütün ömrünü 
						oftalmologiyaya həsr etdi, seçdiyi sənətin fədaisi oldu. 
						Onun ilk elmi-tədqiqat işlərinin mövzusunu da elə 
						həyatın özü verdi - Azərbaycanda o dövrdə çox geniş 
						yayılmış traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi. 
						Bütün ölkə ərazisini əhatə edən bu tədqiqatların 
						nəticələri gənc alimin uğurla müdafiə etdiyi namizədlik 
						dissertasiyasında öz əksini tapdı. 
						
						İşinə həvəslə yanaşan, yeniliklər axtarışında olan 
						Zərifə xanımın sonrakı elmi tədqiqatları da böyük 
						praktiki əhəmiyyət daşıyırdı. Onun elmi irsində peşə ilə 
						bağlı görmə problemi xüsusi yer tutur. İlk dəfə olaraq 
						o, sənaye obyektlərində müxtəlif maddələrin gözə təsiri 
						sahəsində elmi tədqiqatlar aparır, peşə patologiyasını 
						araşdıran dünyada ilk elmi-tədqiqat laboratoriyası 
						yaradır və nəticədə elm aləmində yeni bir istiqamətin - 
						peşə oftalmologiyasının əsasını qoyur.  
						
						Uzun illər apardığı müşahidələr, kliniki tədqiqatlar 
						əsasında Zərifə xanım Əliyeva 1976-cı ildə dünyanın ən 
						nüfuzlu oftalmoloji mərkəzlərindən biri olan Moskva Elmi 
						Tədqiqat Göz Xəstəlikləri İnstitutunda doktorluq 
						dissertasiyasını müdafiə edir.  
						
						Məhz peşə xəstəliklərinin elmi araşdırmalarının uğurlu 
						nəticələrinə görə professor Zərifə Əliyeva oftalmologiya 
						sahəsində ən mötəbər mükafata - SSRİ Tibb Elmləri 
						Akademiyasının M.İ.Averbax adına mükafatına layiq 
						görüldü. Diqqətəlayiqdir ki, o, bu mükafatla təltif 
						olunan ilk qadın alim idi. 
						
						Zərifə xanımın tədqiqatları elmin yalnız bir 
						istiqamətini əhatə etmirdi, o, oftalmologiyanın ən 
						müxtəlif mövzularını işıqlandırır, tam fərqli 
						xəstəliklərin səbəbini araşdırırdı. Qlaukoma, peşə 
						oftalmologiyası, göz travmatizmi, görmə orqanının virus 
						zədələnməsi, bədxassəli şişlər, göz yaşı yolu 
						xəstəlikləri - bu və digər istiqamətlərdə aparılan 
						tədqiqatların nəticələri iki yüzə qədər məqalə, məruzə, 
						monoqrafiyada öz əksini tapmışdı. Görkəmli alimin zəngin 
						elmi irsi bu gün də aktualdır. Onun bir çox əsərləri, 
						dərslikləri oftalmoloqların stolüstü kitabları kimi daim 
						vərəqlənir, oxunur, praktiki fəaliyyətlə məşğul olan göz 
						həkimləri tərəfindən çox yüksək qiymətləndirilir. 
						
						Zərifə Əliyeva elm qarşısında böyük xidmətlərinə, 
						çoxillik elmi tədqiqatlarına görə əməkdar elm xadimi 
						fəxri adı ilə təltif olunmuş, Azərbaycan Respublikası 
						Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdi. 
						
						Akademik Zərifə Əliyeva təkcə öz adını tibb tarixinə 
						yazmadı, eyni zamanda, Azərbaycan oftalmologiyasının 
						adını bütün dünyada ucaltdı. 1977-ci ildə onun təşəbbüsü 
						ilə Bakıda ilk dəfə olaraq Ümumittifaq Oftalmoloqlar 
						Elmi Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Dünya 
						şöhrətli alimlərin iştirak etdiyi bu mötəbər tədbir 
						Azərbaycan elminin gələcəyi, onun inkişafı naminə ən 
						tanınmış elmi mərkəzlərlə birgə tədqiqatların 
						aparılması, peşəkar kadrların hazırlanması üçün böyük 
						imkanlar yaratdı. 
						
						Zərifə xanımın ən böyük xidmətlərindən biri də pedaqoji 
						fəaliyyəti idi. Əziz Əliyev adına Azərbaycan Həkimləri 
						Təkmilləşdirmə İnstitutunun professoru, oftalmologiya 
						kafedrasının müdiri kimi, o, həkimlərin biliyinin 
						artırılması üçün qüvvəsini və vaxtını əsirgəmirdi. 
						Tələbələrinə oftalmologiyanın incəliklərini öyrədən alim 
						böyük oftalmoloqlar nəsli yetişdirdi. 
						
						Zərifə xanım həkim-xəstə münasibətlərində də gənc 
						həkimlərə bir nümunə idi. O, həkim etikası və tibbi 
						deontologiya kimi çox həssas sahələrə xüsusi diqqət 
						yetirirdi. Həkimin cəmiyyətdə roluna, onun peşəkar 
						fəaliyyətinə həsr etdiyi çoxsaylı məqalə və çıxışları, 
						eləcə də "Yüksək əqidə" adlı kitabı cəmiyyətimizdə həkim 
						şəxsiyyətinin formalaşması prosesinə dəyərli töhfələr 
						vermişdi. 
						
						Görkəmli alimin həkimlik fəaliyyətində bir məqam da 
						qırmızı xətlə keçir. O, sadə, adi insanlara hər zaman 
						xüsusi diqqətlə, məhəbbətlə yanaşır, onların 
						problemlərini dinləyib, ümidsiz qoymurdu. 
						
						Zərifə xanım əsl ziyalı qadın idi. Bu ziyalılıq bir 
						tərəfdən onun biliyində və savadında, digər tərəfdən, 
						simasındakı nurla, xasiyyətindəki təmkin və nəcibliklə 
						özünü göstərirdi. Onun ən gözəl cəhətləri bəşəriyyətə və 
						insanlara sevgisi, sevimli işinə hədsiz bağlılıq və 
						ailəsinə vurğunluq idi... 
						
						Tale Zərifə xanıma onu sevən, ona dəyər verən, yolunda 
						hər cür fədakarlığa hazır olan qüdrətli bir insanı - 
						müasir müstəqil Azərbaycanın qurucusu, bütün ömrü boyu 
						xalqına, Vətəninə sədaqətlə xidmət etmiş Heydər Əliyevi 
						bəxş etdi. Bu iki insanı bir-birinə təkcə sonsuz 
						məhəbbət hissi bağlamırdı, onlar ruhən də çox yaxın 
						idilər. Zərifə xanım Heydər Əliyev kimi bir dahi üçün 
						təkcə sədaqətli ömür-gün yoldaşı olmamışdı, həm də 
						mənəvi dayağa, əsl dosta çevrilmişdi. Həyatının 
						sonunadək onu qorumuşdu... 
						
						Ulu öndər Heydər Əliyevin düz 12 il əvvəl, 2001-ci il 
						aprelin 28-də Zərifə xanımın xatirəsinə həsr olunmuş 
						gecədə çox kövrəkliklə söylədiyi bir fikri xatırlatmaq 
						istəyirəm: "....Mənim üçün o, birinci növbədə böyük bir 
						insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox 
						mehriban ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim 
						nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi 
						qəlbimdə yaşayır..." 
						
						Bir-birini üzvi surətdə tamamlayan bu iki parlaq 
						şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün milli 
						dəyərlərimizi əks etdirən nümunədir. Onlar çətinliklərin 
						öhdəsindən birgə gəlib, uğurlara birgə sevinirdilər. İki 
						ləyaqətli övlad böyütdülər. 
						
						Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi 
						Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə 
						qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı 
						nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan 
						Prezidentinin bilik və bacarığının, qətiyyət və 
						müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə 
						yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. 
						
						Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən 
						qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl 
						yerlərdən birini tutur. Bakının çox böyük uğurla ev 
						sahibliyi etdiyi ən mötəbər siyasi, iqtisadi, elmi, 
						mədəni tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun 
						yüksəlməsindən xəbər verir, eyni zamanda, dünya 
						ictimaiyyətinin diqqətini tariximizə, mədəniyyətimizə, 
						incəsənətimizə cəlb edir. 
						
						Dövlət rəhbərinin sosialyönümlü siyasəti nəticəsində 
						səhiyyə sahəsində də əhəmiyyətli nailiyyətlər vardır. 
						Azərbaycan dövləti insanların sağlamlığını prioritet 
						məsələ kimi daim diqqətdə saxlayır. Yeni tikilən, əsaslı 
						təmir olunan, ən müasir avadanlıqla təchiz edilən tibb 
						mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən 
						diqqət, gündən-günə yaxşılaşan sağlamlıq və demoqrafik 
						göstəricilər bunun sübutudur. 
						
						Səhiyyə sahəsində qazanılan nailiyyətlərdə Heydər Əliyev 
						Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın da 
						böyük zəhməti vardır. Ümumiyyətlə, onun ölkəmizdə 
						təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı üçün gördüyü 
						işlər, ulu öndərin adını daşıyan Fondun həyata keçirdiyi 
						humanitar layihələr xalqımız tərəfindən yüksək 
						qiymətləndirilir, ona böyük hörmət və ehtiram 
						qazandırır. 
						
						Bu yubiley ilində Zərifə xanımın xatirəsi müxtəlif 
						tədbirlərlə yad edilir, konfranslar, simpoziumlar, 
						görüşlər keçirilir. Dünən Bakıda oftalmologiya üzrə 
						Beynəlxalq elmi-praktiki konfrans da Zərifə xanımın 
						xatirəsinə, onun elmi fəaliyyətinə həsr olunmuşdu. 
						Konfransın işində Rusiya, Türkiyə, Almaniya, Yaponiya, 
						Litva və digər ölkələrin alimləri iştirak edirdilər. 
						Qonaqlarımızı konfransın keçirildiyi Zərifə xanımın 
						adını daşıyan Milli Oftalmologiya Mərkəzi ilə tanış 
						edərkən xatırladıq ki, vaxtilə xaricdə tibb ocaqlarının 
						şəraitinə, müasir avadanlığına həsədlə baxırdıq. İndi 
						isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham 
						Əliyevin böyük qayğısı və diqqəti nəticəsində biz öz 
						səhiyyəmizi fəxrlə təqdim edirik. 
						
						Bütün bunlara görə, icazə verin, cənab Prezident, tibb 
						ictimaiyyəti adından Sizə öz dərin minnətdarlığımızı 
						bildirək. 
						
						Bu gün bu mötəbər tədbirdə Zərifə xanımın ömür yoluna 
						nəzər salarkən bir daha şahid olduq ki, o, əfsanəvi bir 
						həyat yaşayıb. Çox təəssüf ki, taleyin Zərifə xanıma 
						yazdığı ömür payı qısa oldu, o, müstəqil Azərbaycanı - 
						sürətlə inkişaf edən, gələcəyə inamla baxan, gündən-günə 
						gözəlləşən, müasirləşən Vətənimizin bu gününü görmədi. 
						Lakin qəlbimizdə bu təəssüflə yanaşı, bir inam da 
						vardır: səhiyyəmizin tərəqqisi, tibb elmində qazanılan 
						uğurlar görkəmli alimin xatirəsinə ucaldılan ən möhtəşəm 
						abidədir. 
						
						Əsl yaradıcılıq, əsl elm daimidir. Akademik Zərifə xanım 
						Əliyevanın işıqlı obrazı heç zaman ürəklərdən 
						silinməyəcəkdir. 
						
						Diqqətinizə görə minnətdaram. 
						
						
						*** 
						
						Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb 
						elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi 
						Təhsil Akademiyasının rektoru Larisa MOŞETOVA 
						yubiley mərasimində çıxış edərək dedi: 
						
						- Çox hörmətli cənab Prezident! 
						
						Çox hörmətli ali mərasim iştirakçıları! Mən ilk növbədə 
						belə ali məclisdə iştirak və çıxış etməyə dəvət 
						olunduğuma görə minnətdarlığımı bildirmək istəyirəm. Çox 
						sağ olun!  
						
						Akademik Zərifə Əliyeva! Bu ad tədbirdə iştirak edənlərə 
						son dərəcə əzizdir və çox təəssüf ki, biz bu gün Zərifə 
						xanımı yubiley münasibətilə təbrik edə bilmirik, yalnız 
						onun haqqında xoş xatirələrimizi danışır, hörmət və 
						ehtiramımızı bildiririk. XX əsrin böyük qadını, müdrik, 
						savadlı, gözəl ziyalısı olan Zərifə xanım görkəmli 
						oftalmoloq alim, bununla yanaşı, həm də sadə və çox 
						ünsiyyətcil insan idi. Mən taleyimə minnətdaram ki, 
						bəxtim gətirib, bu böyük qadınla ünsiyyətdə olmuşam və 
						həyat yolumun müəyyən hissəsini onunla yanaşı keçmişəm. 
						Zərifə xanımla tanışlığa qədər mən onun barəsində 
						həmkarlarından və öz müəllimlərimdən xeyli xoş sözlər 
						eşitmişəm. Sonralar Mərkəzi Həkimləri Təkmilləşdirmə 
						İnstitutunun və Azərbaycan Həkimləri Təkmilləşdirmə 
						İnstitutunun iki kafedrasının rəhbərlərinin xoş 
						münasibətləri bu iki kollektivin sıx dostluq etmələri 
						üçün təməl oldu. Biz Bakıda birgə məşğələlər keçirirdik. 
						Çox yaxşı yadımdadır, o vaxt mən gənc pedaqoq idim və 
						çox həyəcanlanırdım. Çünki mühazirələrdə Azərbaycan 
						kafedrasının zəngin təcrübəli pedaqoqları iştirak 
						edirdilər və çox vaxt Zərifə xanım da gəlirdi. Amma 
						özünün dövlət statusuna baxmayaraq, o gənc pedaqoqlara 
						münasibətdə son dərəcə diqqətli və xeyirxah idi. Biz 
						Bakıda unudulmaz günlər keçirdik, gündən-günə yaxşılaşan 
						bu gözəl şəhər haqqında çox şey öyrəndik.  
						
						Zərifə xanımla bilavasitə tanışlıq isə bizim gələcək 
						elmi əməkdaşlığımızın bünövrəsini qoydu, birgə 
						monoqrafiyalar dərc edildi, əcnəbi dillərə tərcümə 
						olunan oftalmologiyanın, terapevtik oftalmologiyanın 
						aktual məsələləri işıq üzü gördü. Zərifə xanım nəşrlərin 
						keyfiyyətinə son dərəcə həssaslıqla yanaşırdı. Bu 
						məsələdə Heydər Əliyev bizə çox kömək edirdi. Mən 
						onlarla həmin kitablar üzərində işi başa çatdırmaq üçün 
						Bakıya gələndə görüşdüm. Bu, unudulmaz, xeyirxah və son 
						dərəcə peşəkar görüşlər idi. Mənim yadımda Zərifə 
						xanımın Helmqolts adına Göz Xəstəlikləri İnstitutunda 
						Oftalmoloqların Moskva Elmi Cəmiyyətində çıxışı qalıb. 
						O, gənclərin hazırlığı və tərbiyəsi haqqında çıxış 
						edirdi. Bu, siyasi xadimin, pedaqoqun, müdrik ziyalının 
						çıxışı idi və biz hamımız - gənclər də, zəngin təcrübəli 
						pedaqoqlar və alimlər də nitqin gözəlliyinə, məruzənin 
						dərin məzmununa və ifadə tərzinin səlisliyinə heyran 
						qalmışdıq.  
						
						Təəssüf ki, Zərifə xanımın ömür yolu çox qısa oldu, 
						yaddaşımızda onunla vidalaşmanın kədərli günləri qaldı. 
						İllər keçdi, lakin Azərbaycan və Rusiya 
						oftalmoloqlarının xoş münasibətləri yeni keyfiyyət kəsb 
						etdi. Hazırda elmi kadrlar birgə hazırlanır, elmi 
						konfranslar, praktik məsləhətləşmələr keçirilir. Elə 
						dünən keçirilmiş gözəl konfrans buna nümunə ola bilər. 
						Azərbaycanın Həkimləri Təkmilləşdirmə İnstitutu 
						həqiqətən elmi, praktik həkim kadrlarının hazırlanması 
						üzrə böyük məktəbə çevrilib. Bu gözəl instituta daxil 
						olarkən özünü saraydakı kimi hiss edirsən. Bizim Mərkəzi 
						Həkimləri Təkmilləşdirmə İnstitutu isə artıq akademiyaya 
						çevrilib. Həmin akademiyanın rektoru və oftalmologiya 
						kafedrasının müdiri kimi mən münasibətlərimizin tarixinə 
						çox doğma yanaşır və onları maksimum dərəcədə inkişaf 
						etdirməyə çalışıram. 
						
						Larisa Moşetova iki təhsil müəssisəsi arasında 
						əməkdaşlıq haqqında müqavilənin imzalandığını qeyd 
						edərək, bu sənədin gələcək əlaqələr, MDB Ölkələri 
						Həkimlərin Təkmilləşdirmə İnstitutları Assosiasiyasının 
						yaradılmasına əsas ola biləcəyini dedi. Larisa Moşetova 
						Zərifə xanım Əliyevanın diplomdan sonrakı tibbi təhsilə 
						verdiyi önəmi diqqətə çatdıraraq dedi: 
						
						- Tibbi kadrların hazırlanması sahəsində əməkdaşlığımız, 
						- mən tamamilə əminəm ki, təbabət sərhədsizdir, hansı 
						dildə danışmalarından asılı olmayaraq, - bizim bütün 
						pasiyentlərimiz üçün yəqin ki, çox faydalı olardı. 
						Əlbəttə, çox təəssüf ki, bütün bunları mənə çox əziz 
						olan iki insan - nə Zərifə xanım, nə də Heydər Əliyev 
						görmürlər. Mən onlara minnətdaram. Bu böyük 
						şəxsiyyətlərlə ünsiyyətdə olmaq xoşbəxtliyinə görə çox 
						sağ olsunlar, hazırda həyatda olanların vəzifəsi onları 
						yadda saxlamaq və xatirələrini gələcək nəslə 
						çatdırmaqdır. Mən Azərbaycan xalqına və sizə, Azərbaycan 
						Prezidenti İlham Əliyevə yeni uğurlar, tərəqqi və bir 
						səhiyyə işçisi kimi cansağlığı arzulayıram. Çox sağ 
						olun! 
						
						
						*** 
						
						Sonra Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb 
						elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi 
						Təhsil Akademiyasının kafedra müdiri Alevtina 
						BROVKİNA çıxış edərək dedi: 
						
						- Əziz dostlar! Bu gün mən sizə müraciət etmək istərdim!
						 
						
						Belə müraciət forması Zərifə Əziz qızına daha çox xas 
						idi. Bu gün Zərifə xanımın elmə töhfələri haqqında çox 
						danışdıq, amma nədənsə kiçik bir nüansı nəzərdən 
						qaçırdıq. Həmin uzaq sovet dövründə Bakıda məişət 
						kondisionerləri zavodu var idi. Zərifə xanım həmin 
						müəssisədə işləyən pasiyentlərdə müşahidə olunan bəzi 
						oftalmoloji simptomlara diqqət yetirmişdi. Təsadüfi 
						deyildir ki, o vaxt Zərifə Əziz qızı göz yaşı ifrazının 
						pozulması, göz yaşı ifraz edən orqanların xəstəlikləri 
						məsələləri ilə məşğul olmağa başlamışdı. Uzun müddət 
						belə halların mahiyyətini və səbəblərini anlamaq 
						qeyri-mümkün idi. Biz yalnız bu gün bilirik ki, quru göz 
						sindromu deyilən bir əlamət vardır. O illərdə isə bu 
						haqda heç nə eşitməmişdik. Amma bu, alimin öncəgörmə 
						qabiliyyətidir. Bu keyfiyyət məhz istənilən istiqamətdə 
						yaradıcılıqla işləyən insanlara xasdır. 
						
						Akademik Zərifə Əliyevanın Göz Xəstəlikləri İnstitutunun 
						fəaliyyətinə verdiyi önəmi vurğulayan və bu institutla 
						bağlı xatirələrini bölüşən Alevtina Brovkina dedi: 
						
						- Bu səfərimdə, bu gün buraya gələndə institutu gördüm. 
						Bilirsinizmi, Zərifə Əziz qızı haqqında keçmiş zamanda 
						danışmaq istəməzdim. O, yenə vardır, orada, 
						Oftalmologiya İnstitutundadır! Bu, çox mühüm məqamdır.
						 
						
						Zərifə xanım Əliyevanın daxilən çox ziyalı insan 
						olduğunu qeyd edən Alevtina Brovkina onun 
						təvazökarlığını xüsusi vurğuladı, Zərifə xanımın 
						insanlarla çox gözəl, səmimi ünsiyyət qurduğunu, 
						qayğıkeş ana, təəssübkeş olduğunu qeyd edərək bildirdi: 
						
						- İlham Heydər oğlu, burada Sizin və ailənizin ünvanına 
						çox xoş sözlər deyildi. Ümumiyyətlə, mən hesab edirəm 
						ki, Siz çox xoşbəxt insansınız, çünki Sizin bu cür 
						ananız və atanız olmuşdur. Sağ olun. 
						
						
						*** 
						
						 Türkdilli Ölkələrin Oftalmologiya Cəmiyyətinin sədri 
						xanım Sunay DUMAN çıxış edərək dedi: 
						
						- Hörmətli Prezident! 
						
						Hökumətin hörmətli üzvləri! 
						
						Dəyərli qonaqlar, hörmətli xanımlar və cənablar, əziz 
						həmkarlarım! 
						
						Sizə, dost və qardaş Azərbaycan xalqına ölkəmin ən 
						səmimi duyğularını, sevgilərini, salamlarını çatdıraraq 
						çıxışıma başlamaq və məni bu toplantıya dəvət etdiyinizə 
						görə təşəkkürlərimi bildirmək istəyirəm.  
						
						Akademik Zərifə Əliyevanın adının niyə bir çox 
						müəssisəyə verildiyi, xatirəsinə hər il nə üçün 
						beynəlxalq yubiley tədbirləri keçirildiyi, xalqının onu 
						niyə bu qədər sevib millətinin anası qəbul etdiyi onun 
						həyat hekayəsindəki yaşadıqlarındadır.  
						
						Zərifə xanım hələ orta məktəbdə oxuyarkən traxomadan 
						əziyyət çəkən insanların iztirabını hiss edir və onun 
						öhdəsindən gəlməyi qarşısına məqsəd qoyur. Tibb 
						İnstitutunu müvəffəqiyyətlə bitirir. Məzun olduqdan 
						sonra yalnız xəstəxanada çalışmır, respublikanın ən 
						ucqar yerlərinə qədər gedib traxomanın öhdəsindən gəlmək 
						üçün bir sıra araşdırmalar aparır və nəticədə bu 
						xəstəliyə qalib gəlməyi bacarır.  
						
						Bununla yanaşı, Zərifə xanım sənaye müəssisələrində 
						zərərli amillərin insan gözlərinə təsiri ilə də məşğul 
						olur. Bu sahədəki uğurlu işləri nəticəsində Averbax 
						mükafatı ilə təltif edilir. Bu mövzuda yazdığı elmi 
						əsərləri ona böyük nüfuz qazandırır və 1983-cü ildə 
						akademik seçilir.  
						
						Sizdə də, bizdə də istifadə edilən belə bir atalar sözü 
						vardır: "Yuvanı quran ana quşdur", ya da "Hər bacarıqlı 
						kişinin arxasında bacarıqlı bir qadın vardır". Atatürk 
						"Qadının ən böyük dühası dünyaya övlad gətirmək və 
						böyütməkdir" demişdir. Böyük zəka və düha sahibi olan 
						Zərifə xanım da analıq vəzifəsini ən yüksək səviyyədə 
						yerinə yetirmiş, övladları ilə dost olmuş, istedadlı 
						gəncliyin yetişməsinə çalışmış, onlarla elm xadimi 
						yetişdirmişdir.  
						
						Təvazökarlığı və xalqına qucaq açması ilə vətənin anası 
						olmuş, könüllərdə taxt qurmuş Zərifə Əliyeva 62 illik 
						qısa ömrünə elə şeylər sığdırmışdır ki, heyranlıq 
						duymamaq mümkün deyildir. Vəfatından bu yana 28 il 
						keçməsinə baxmayaraq, Azərbaycan xalqını Zərifə 
						Əliyevanın xatirəsinə göstərdiyi qədirbilənliyə görə 
						ürəkdən təbrik edirəm. Qəbri nurla dolsun.  
						
						Təəssüf ki, Zərifə xanım ilə tanış ola bilmədik. Ancaq 
						böyük dövlət xadimi, möhtərəm Heydər Əliyev ilə 2000-ci 
						ildə tanış olduğum üçün özümü çox şanslı sayıram. 
						Mərkəzi Klinik Xəstəxananın açılışında, çox soyuq bir 
						havada hörmətli Prezidentin sevgiyə, hörmətə, etimada 
						çağıran, qəlbləri isidən, insanları coşduran bir saatdan 
						çox çıxışında tez-tez təkrarladığı "bir millət, iki 
						dövlət" kəlamı hələ də qulaqlarımdadır. Bu kəlam dostluq 
						və qardaşlığımızın ən gözəl ifadəsidir. Hörmətli sabiq 
						Prezidentin ruhu şad olsun.  
						
						Azərbaycan Prezidenti İlham Əliyevin elmin inkişafına, 
						elm adamlarına yüksək qayğı göstərdiyini vurğulayan 
						Sunay Duman Heydər Əliyev Fondunun gördüyü işlərin 
						dünyada böyük maraq doğurduğunu bildirərək dedi: 
						 
						
						- Həmkarımız Mehriban Əliyevanın Heydər Əliyev Fondunun 
						prezidenti kimi xidmətləri dünyada izlənməkdə və çox 
						təqdir qazanmaqdadır. Fondun dəstəyi ilə Milli 
						Oftalmologiya Mərkəzinin səyyar klinikasının fəaliyyəti 
						ilə Zərifə Əliyevanın arzuları gerçəkliyə çevrilmişdir. 
						Hazırda Milli Oftalmologiya Mərkəzi Cənubi Qafqazın ən 
						böyük müayinə, müalicə və müasir cərrahiyyə mərkəzidir.
						 
						
						Son on ildə Azərbaycan oftalmologiya sahəsində dünya ilə 
						inteqrasiya istiqamətində ciddi addımlar atmışdır. 
						Azərbaycanda rezidentura təhsilinin 3-4 ilə çatdırılması 
						və təhsili Tibb Universiteti ilə Milli Oftalmologiya 
						Mərkəzinin verməsi çox sevindirici haldır. Beləliklə də 
						Azərbaycan dünya ilə paralelliyi təmin etmişdir. 
						 
						
						Azərbaycan ilə Türkiyə arasında qardaşlıq 
						münasibətlərinə toxunan Sunay Duman əlaqələrimizin 
						təməlində fədakarlıq, qarşılıqlı dəstək və 
						vətənpərvərlik hisslərinin durduğunu vurğulayaraq 
						bildirdi: 
						
						- Biz bir millət, iki dövlətik. Xocalı qətliamı bizim də 
						içimizi yandırır. Dağlıq Qarabağ münaqişəsi ortaq 
						problemimizdir. Türkiyə türk dünyasının ürəyi, 
						Azərbaycan bu ürəyin şah damarıdır. Ulu öndər Atatürkün 
						dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri 
						kədərimizdir. Dünən belə idi, bu gün də belədir, sabah 
						da belə olacaqdır. Yaşasın Azərbaycan-Türkiyə dostluğu 
						və qardaşlığı. Hamınıza təşəkkür edirəm. 
						
						
						*** 
						
						Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə 
						Əliyevanın 90 illik yubileyi münasibətilə Azərbaycan 
						incəsənət ustalarının iştirakı ilə konsert proqramı 
						təqdim olundu.  
						
						
						*** 
						
						Daha sonra Prezident İlham Əliyev akademik Zərifə 
						Əliyevanın həyat və fəaliyyətinin əks olunduğu 
						fotosərgiyə baxdı.  
						
						
						AzərTAc |