Rusiyada ali məktəblərin maliyyələşdirilməsinin yeni
normativləri hazırlanmışdır
Rusiyanın Elm və Təhsil Nazirliyi ali məktəblərin
maliyyələşdirilməsinin yeni normativlərini müəyyən
etmişdir. Kadr hazırlığının prioritet istiqamətləri
üzrə mütəxəssislər hazırlayan ali məktəblər daha çox
maliyyə vəsaitləri əldə edəcəklər. Prioritet
istiqamətlərə gəlincə, bunlar tibbi biologiya, tibbi
biofizika, tibbi kibernetika, kompüter təhlükəsizliyi,
informasiya təhlükəsizliyi, elektroenergetika və
elektrotexnika, raket kompleksləri və kosmonavtika
sahələridir. Bu cür ali məktəblər hər bir tələbə üçün
2013-cü ildə dövlət büdcəsindən 112 min rubl vəsait
alacaq. Əgər bakalavr hazırlığı və ya mütəxəssis
hazırlığı üçün daha mürəkkəb laboratoriya avadanlığı
tələb olunarsa, onda dövlət büdcəsindən daha 69 min rubl
vəsait ayrılacaq. Bu sahələr gəmi silahlanması, su
nəqliyyatının idarə olunması ola bilər. Əlavə
avadanlığın tələb olunmadığı ixtisaslar üzrə təhsil alan
tələbə hazırlığı ildə 63 min rubl təşkil edir. Söhbət
ali məktəb hazırlığının əksər istiqamətlərindən - tarix,
psixologiya, jurnalistika, hüquqşünaslıq, riyaziyyat
ixtisaslarından gedir.
Magistr hazırlığı dövlət büdcəsinə baha başa gələcək.
Əgər magistr prioritet istiqamətlər üzrə təhsil alarsa,
bu ali məktəblər tələbəyə görə 128 min rubl vəsait
alacaqdır. Hər hansı avadanlığın tələb olunmadığı
ixtisas üzrə isə bu xərclər 74 min rubl təşkil
edəcəkdir. Humanitar elmləri öyrənən aspirant büdcəyə
55 min rubla başa gələcək, hazırlığın prioritet
istiqamətləri üzrə təhsilalanlara isə 133 min rubl
xərclənəcəkdir. Bununla belə, qəribə olsa da büdcədə
doktorantlar üçün az vəsaitin ayrılması - humanitar sahə
üçün 70 min rubl, gələcək elmlər doktoru - tibbi
biofizik və ya biokiymaçı üçün 125 min rubl nəzərdə
tutulmuşdur.
Qeyd edək ki, büdcə normativləri ali məktəb üçün ən
zəruri olan xərcləri - müəllimlərin əməkhaqlarını,
kommunal xərclərin ödənilməsini, əməkdaşların peşə
hazırlığı yerlərinə daşınması xərclərini, tələbələr üçün
mədəni-kütləvi tədbirlərin keçirilməsi vəsaitlərini
nəzərdə tutur. Bildirilir ki, vəsaitlərin çox hissəsini
qrant və ya tədqiqatlar üçün əldə olunan digər vəsaitlər
hesabına ali məktəb özü qazanmalıdır.
Reytinqlərin ali məktəblərin fəaliyyətinə təsiri
öyrənilir
Avropa Universitetləri Assosiasiyası (EUA) reytinqlərin
Avropa universitetlərinin fəaliyyətinə təsirinin
öyrənilməsi üzrə tədqiqatlara başladığını elan
etmişdir.
Assosiasiya bu layihə üzərində fəaliyyəti gedişində
Dublin Texnologiya İnstitutu, Fransa Rektorlar
Assosiasiyası və Latviya Akademik İnformasiya Mərkəzi
ilə əməkdaşlıq edəcəkdir.
"Dünyadakı bütün universitetlər tez-tez istər milli,
istərsə də dünya miqyaslı reytinqlərlə üzləşirlər.
Reytinqlər populyarlıqlarını saxlasalar da bir sıra
təhsil müəssisələrinin reytinqlərin tərtib olunmasında
istifadə olunan metodologiyalarla bağlı iradları var.
Bəzi ali məktəblər isə etiraf edirlər ki, onlar müxtəlif
reytinqlərlə hesablaşmağa məcburdurlar. Bir sıra məlum
çatışmazlıqlarına baxmayaraq, reytinqlər
universitetlərin qəbul etdiyi qərarlara və onun
fəaliyyətinə böyük təsir göstərirlər. Universitetlərin
onların fəaliyyətinə qiymət verilməsinin bu və digər
mexanizmlərinə necə reaksiya bildirməsi üzrə tədqiqata
başlanması reytinqlərdən universitetlərin xeyrinə
istifadə olunması yönündə atılmış ilk addımdır",-deyə
Avropa Universitetləri Assosiasiyasının məlumatında
bildirilir.
Tədqiqat gedişində Avropa universitetlərinin
onlayn-sorğusunun keçirilməsi nəzərdə tutulmuşdur.
Bundan əlavə, adıçəkilən mövzu ətrafında "dəyirmi masa"
keçiriləcəkdir. Tədqiqatın nəticələri 2014-cü ilin sonu
və 2015-ci ilin əvvəllərində işıq üzü görəcəkdir.
Stenford Universiteti 1 milyard dollardan artıq ianə
toplamışdır
Amerikanın bir sıra nüfuzlu universitetləri xeyriyyə və
digər qeyri-büdcə təşkilatlarından, eləcə də ayrı-ayrı
şəxslərdən daxil olan ianələr hesabına öz
fəaliyyətlərini təşkil edə və uğurlu təhsil xidmətləri
göstərə bilirlər. "Təhsilə Yardım Şurası"nın
hazırladığı yeni hesabat Amerika ali məktəblərinin
qeyri-büdcə mənbələrindən maliyyələşməsi həcmini
hesablamışdır.
Hesabata görə, Stenford Universiteti Amerika tarixində
və eləcə də bütün dünyada ilk ali məktəbdir ki, 1
milyard dollardan artıq ianə toplamışdır. Qeyri-büdcə
maliyyə vəsaitlərinin cəlb olunması Stenford
Universitetində ən yüksək səviyyədə aparılır. Bu
universitet artıq 8 ildir Şuranın siyahısına başçılıq
edir.
Qeyd olunur ki, Stenford Universitetinin ianəçilərinin
siyahısında 79 minə yaxın kompaniya və fiziki şəxs yer
almışdır.
Bütövlükdə ötən il ərzində Amerikanın 3500 universiteti
yardım kimi 31 milyard dollar almışdır.
Ötən il ən çox ianə yardımları toplamış 10 universitet
bunlardır:
1. Stenford Universiteti (1,05 milyard dollar), 2.
Harvard Universiteti (650 milyon dollar), 3.Yel
Universiteti (544 milyon dollar), 4. Cənubi Kaliforniya
Universiteti (492 milyon dollar), 5. Kolumbiya
Universiteti (490 milyon dollar), 6.Con Hopkins
Universiteti (480 milyon dollar), 7. Pensilvaniya
Universiteti (441 milyon dollar), 8. Kaliforniya Berkli
Universiteti (405 milyon dollar), 9.Nyu-York
Universiteti (396 milyon dollar), 10. Massaçusets
Texnologiya Universiteti (396 milyon dollar).
Fransa ali məktəblərində ingilisdilli tədris
gücləndiriləcək
Fransanın təhsil naziri Jenevıyev Fıorazo ölkənin ali
təhsil sistemində xarici dillərin tədrisinin
gücləndirilməsi təklifi ilə çıxış etmişdir. "Mond"
qəzetinin yazdığına görə, təhsil naziri xarici dillərin
öyrənilməsi səviyyəsinin yaxşılaşdırılması üçün
tədbirlərin görülməsini tələb etmişdir. Ölkənin ali
məktəblərində xarici dillərin, əsasən də ingilis dilinin
öyrənilməsinə çox vaxt ayrılır. Bir sıra ali məktəblər
(məsələn, Paris İqtisadiyyat Kolleci və ya Biznes və
İqtisadiyyat Məktəbi) var ki, onlara ingilis dilini
bilmədən daxil olmaq qeyri-mümkündür. Bu məktəblərdə
tədris ingilis dilindədir. Lakin qloballaşma və təhsilin
beynəlmiləlləşməsi şəraitində ölkənin ali məktəblərində
ingilisdilli tədrisin səviyyəsi arzuolunan deyil.
"Hindistanın əhalisi bir milyardı keçmişdir. Lakin biz
bu ölkədən cəmi 3 min tələbə qəbul edirik. Bu rəqəm
gülüncdür. Səbəb nədədir? Bizdə təhsilin ingilis dilində
aparıldığı fakültələr yoxdur",-deyə nazir J.Fıorazo
bildirmişdir. Fransanın təhsil dairələrində ingilis
dilinə diqqətin kifayət qədər olmadığına dair fikirlər
çoxdan gündəmdədir. Lakin bu sahədə vəziyyət ürəkaçan
deyildir.
İngilis dilində təhsil almaq istəyən bir sıra xarici
ölkələrdən olan tələbələr məcburi qaydada fransız
dilində təhsilə keçirlər. Təhsil nazirinin səylərini
dəstəkləyən "Mond" qəzeti qeyd etmişdir ki, bu gün
ingilis dilini əsaslı şəkildə bilmədən Fransada maraqlı
iş tapmaq mümkün deyildir. Bu mənada ingilis dilini
bilmək hava kimi vacibdir. İngilis dili elmi nəşrlər
və beynəlxalq konfranslar dilidir. Artıq bir sıra Fransa
universitetləri təhsil nazirinin təşəbbüsünə
qoşulmuşdur.
Gürcüstanda dərsliklər pulsuz paylanacaq
2013-2014-cü dərs ilindən başlayaraq Gürcüstanın bütün
təhsil müəssisələrində dərsliklər pulsuz paylanacaqdır.
Gürcüstan hökumətinin başçısı Bidzina İvanişvili
dərsliklərin şagirdlərə pulsuz verilməsinə görə təhsil
naziri Georgi Marqvelaşviliyə minnətdarlıq etmişdir.
Təşəbbüs çərçivəsində 650 mindən çox şagird pulsuz
dərsliklərlə təmin olunacaqdır. Son vaxtlara qədər isə
dərsliklərin alınması valideynlərə 100-200 lariyə
(50-100 manat) başa gəlirdi. "Təhsil nazirinə
minnətdarlıq edirəm, bu, şəxsən mənim üçün, bütün
Gürcüstan əhalisi üçün hədiyyə oldu. Əhalinin 90 faizi
üçün bu böyük kömək olacaqdır", - deyə baş nazir
jurnalistlərə bildirmişdir. Hökumət başçısı əlavə
etmişdir ki, ölkənin Təhsil Nazirliyi dövlət büdcəsindən
əlavə vəsait cəlb etmədən bu problemi həll edə
bilmişdir.
Xarici mətbuat materialları əsasında hazırladı: Oruc
MUSTAFAYEV |