Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Aprel 2013 - №15

 

Dünyanın 50 gənc universitetinin reytinqi

 

Təhsilin, xüsusilə də ali təhsilin qloballaşdığı bir dövrdə universitetlərin fəaliyyət müddəti (yaşı) onların əldə etdikləri uğurda o qədər də əhəmiyyətli faktor hesab olunmur. Yaranma tarixi baxımından nisbətən gənc Asiya universitetlərinin beynəlxalq reytinqlərdə yüksək pillələri tutması və mövqelərini ilbəil yaxşılaşdırması buna əyani sübutdur.

Məlumat üçün qeyd edək ki, QS şirkəti (QS World University Rankings) dünyanın 50 yaşdan aşağı 50 ən yaxşı universitetinin reytinqini ilk dəfə 2012-ci ildə nəşr etmişdir. 1962-ci ildən etibarən təsis edilən universitetlərin reytinqi gələcəyə nəzər salmağa və hansı ali təhsil ocağının Oksford və Harvard kimi universitetlərə potensial rəqib ola biləcəyini görməyə imkan verir. Bundan əlavə, 50 ən gənc universitetin reytinqinin tərtib edilməsində məqsəd bu universitetlərin əldə etdikləri nailiyyətləri görmək və universitetin yaşının uğur qazanmaq üçün əsas amil olmadığını nümayiş etdirməkdir.

Yeni yaradılmış Asiya universitetlərinin reytinqdə yüksək pillələri tutmasına münasibət bildirən QS şirkətinin tədqiqatlar departamentinin rəhbəri Ben Souterin fikrincə, Çin, Koreya və Sinqapur kimi ölkələrdə ali təhsil ocaqları iqtisadiyyatın yüksəldilməsi üçün yeni innovasiyaların tətbiqi məqsədilə yaradılmışdır. "Asiya universitetlərinin özləri ilə eyni vaxtda təsis edilmiş Qərb universitetlərindən fərqli olaraq, reytinqdə yüksək pillələr tutması Asiya regionunun bu sahədə daha fəal olduğunu göstərir", - deyə o bildirmişdir.

Qeyd edək ki, QS-in dünyanın 50 gənc universitetinin reytinqində ilk onluğa daxil olan 10 universitetdən altısı Asiya qitəsini təmsil edir. 

QS şirkəti dünya universitetlərinin reytinqi ilə yanaşı, hər il tələbələr üçün ən yaxşı şəhərlərin də reytinqini tərtib edir. Reytinq bir neçə meyar əsasında müəyyənləşdirilir. Buraya şəhərdə fəaliyyət göstərən və beynəlxalq reytinqlərdə yer tutan universitetlərin sayı, tədrisin keyfiyyəti, münasib qiymətlər, yaşayış şəraiti, əcnəbi tələbələrin sayı, şəhərdəki universitetlərin yerli və əcnəbi iş adamları arasında nüfuzu kimi meyarlar daxildir. Bundan əlavə, hər hansı şəhərin reytinqə daxil edilməsi üçün burada ən azı 250 min əhali yaşamalı, həmçinin həmin şəhərdə fəaliyyət göstərən iki ali məktəb reytinqə düşməlidir.

Qeyd edək ki, QS-in 2012-ci il üzrə tələbələr üçün ən yaxşı şəhərlər reytinqinə Paris (Fransa) başçılıq edir. Bundan başqa, ilk onluğa London (İngiltərə), Boston (ABŞ), Melburn (Avstraliya), Vyana (Avstriya), Sidney (Avstraliya), Sürix (İsveçrə), Berlin (Almaniya), Dublin (İrlandiya) və Monreal (Kanada) şəhərləri daxil ola bilmişlər.

QS Dünya universitetlərinin reytinqi haqqında daha ətraflı məlumatı QS-in rəsmi saytından (www.topuniversities.com) almaq mümkündür.

  Dünyanın 50 gənc universitetinin reytinq cədvəli

Hazırladı: Leyla HEYDƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov