Amerikalı alim bu kəşfinə görə 2012-ci ildə Nobel
mükafatına layiq görülmüşdür
Ötən
ilin oktyabrında Nobel Mükafatları Komitəsinin qərarı
Amerika tibb professoru Brayan Kobilka üçün gözlənilməz
oldu. Təbabət sahəsində professor olan Kobilka heç
inanmazdı ki, ötən əsrin 60-cı illərindən başlayaraq 20
il ərzində məşğul olduğu və parlaq elmi nəticələr
qazandığı tədqiqat işi dünya elmi ictimaiyyəti üçün bu
qədər diqqətçəkən olacaqdır. Reseptorların quruluş
mexanizminin öyrənilməsi sahəsində innovativ inqilaba
imza atmış bu alimin kəşməkəşli həyatı və elmi karyerası
günümüz üçün çox aktualdır. Müasirimiz olan amerikalı
alimin elm yolu maraqlı nümunələrlə zəngindir. O, elmin
ən ali zirvəsini inadkarlığı və gərgin əməyi sayəsində
fəth edə bilmişdir.
Uşaqlıq illəri
Brayan Kobilka 1955-ci ildə ABŞ-ın Minnesota ştatının
Litl-Fols şəhərciyində alman-polyak mənşəli ailədə
anadan olmuşdur. Uşaqlıqda onun qəbul etdiyi ən yaxşı
hədiyyə mikroskop olmuşdur. Brayan artıq yuxarı
siniflərdə oxuyarkən müəllimləri onun üçün alim
karyerası müəyyən etmişdilər. Brayan təbiət elmlərinə
çox maraq göstərmişdir. "Mən təbiət elmləri - kimya,
biologiya və fizika üzrə müəllimlərimi çox sevirdim.
Onlar böyük müəllimlər idilər".
O, Dulutda Minnesota Universitetinə daxil olmuşdur.
Onun istedadlı biologiya müəllimi, Brayanın öz sözləri
ilə desək, ona "düşünməyi, işləməyi və hər şeyi düzgün
etməyi" öyrətmişdir. Gənc Brayan dərs ilinin ilk
günlərindən müəllimlərinə yanaşaraq elmi təcrübələrə
maraq göstərdiyini bildirmişdir.
Atası
Franklin Kobilkanın 20 nəfərin çalışdığı çörəkxanası var
idi. Anası Betti kökələrə naxışlar vururdu. "Mən
laboratoriyamın idarəçiliyi barədə çox şeyləri atamın öz
çörəkxanasına necə rəhbərlik etməsindən aldığım
müşahidələrdən öyrənmişdim", - deyə sonralar B.Kobilka
bildirmişdir. "Bizneslə məşğulsansa yuyulmalı olan
boşqablar da daxil olmaqla hər şeyə əl vurmalısan. Bu
mənə tələbələrə və insanlara bir çox vərdişləri necə
aşılamağı öyrətmişdir".
Maraqlıdır ki, Brayanın valideynləri nəslən çörəkçi
olmuşdur. Baxmayaraq ki, onlar öz çörəkxanalarını hələ
1985-ci ildə satmışdılar, alim bu günə kimi doğma şəhərə
gəlir, övladlarını, nəvələrini dədə-baba çörəkxanasına
ekskursiyaya aparır ki, onlar öz köklərini
unutmasınlar.
Brayan Kobilka sonralar Stenford Universitetində
çalışdığı ilk illərdə maliyyə sıxıntıları ilə
üzləşmişdir. Kobilka ilk vaxtlar istirahət günlərində
təcili tibbi yardım şöbəsində çalışmaqla ailəsini
dolandırmalı olmuşdur.
Universitet illəri
Brayan
Kobilkanın elmi karyerası universitet illərindən
başlamışdır. O, tipik botanik olmuşdur. Kimya və
biologiya üzrə bakalavr diplomunu Minnesota
Universitetində almışdır. Daha sonra Yel Universitetinin
tibb fakültəsinə daxil olaraq oranı "əla" qiymətlərlə
başa vurmuşdur. O, burada tibb doktoru elmi dərəcəsini
almışdır. Sent-Luisdəki Vaşinqton Universitetinin tibb
fakültəsində internatura keçən Kobilka Dyuk
Universitetində 2012-ci ilin nobelçi alimlərindən
Robert Lefkoviçin laboratoriyasında tədqiqatçı kimi
fəaliyyətə başlamışdır. O, R.Lefkoviçin rəhbərliyi
altında doktorluq dissertasiyasını müdafiə etmişdir.
1987-2003-cü illər arasında Hovard Xyuz Tibb
İnstitutunda tədqiqatçı işləmişdir. 2007-ci ildə
"Science" jurnalı Kobilkanın serpentinlərin strukturunun
öyrənilməsi sahəsində tədqiqatlarını ilin hadisələrindən
biri kimi qiymətləndirmişdir. G-zülal reseptorlarının
funksional quruluşu və strukturunun tədqiqi sahəsində
işlər Brayan Kobilkaya məşhurluq qazandırmışdır. Onun
rəhbərlik etdiyi qrup ilk dəfə olaraq beta-adrenergetik
reseptorların molekulyar strukturunu müəyyən edə
bilmişdir. 1994-cü ildə Kobilka farmakologiya sahəsində
Con Abel mükafatına layiq görülmüşdür. O, hazırda
Stenford Universitetində çalışır. Alim adıçəkilən
universitetin nəzdində onun adını daşıyan laboratoriyaya
rəhbərlik edir.
Nobel
mükafatını öz müəllimi ilə bölüşmüşdür
1968-ci
ildə onun müəllimi, Amerika Milli Sağlamlıq İnstitutunda
işləyən Robert Lefkoviç adrenokortikotrop hormon
reseptorunu tapmaq üzərində tədqiqatlar aparmışdır.
Radioaktiv yodla işləyən R.Lefkoviç spesifik hormon
reseptorlarını əldə etmişdir. Bir neçə ildən sonra,
1971-ci ildə Alfred Qilman və Martin Rodell hüceyrə
siqnallarının ötürülməsində iştirak edən maddə kəşf
etmişdilər. Bu maddə G-zülal adlandırılmışdır. 1994-cü
ildə bu kəşf Nobel mükafatına layiq görülmüşdür. O zaman
mükafat tibb sahəsində verilmişdir. Alimlərə yüksək
mükafat ona görə verilmişdir ki, onlar G-zülalın siqnal
verən hüceyrə gücləndiricisi kimi fəaliyyət göstərməsini
kəşf etmişdilər. 80-ci illərdə isə bu tədqiqatları
insan genomu üzərində araşdırmalar aparan Brayan
Kobilka inkişaf etdirmişdir. O, konkret reseptorlar əldə
etməyin yolunu tapmışdır.
Robert Lefkoviç öz əməkdaşları qarşısında
adrenoreseptorları kodlaşdıran genin tapılması kimi çox
ambisiyalı bir vəzifə qoymuşdu. Ötən əsrin 60-cı
illərinin sonlarında və 70-ci illərin əvvəllərində elmin
inkişaf səviyyəsi bu problemi həll etməyə praktik olaraq
hazır deyildi. Tezliklə olduqca qətiyyətli, iradəli,
elmi həssaslığı ilə çoxlarından seçilən gənc Kobilka bu
çətin məsələnin həllinə çalışmışdır. Elmi ictimaiyyətin
fikrincə, əgər Brayan Kobilka bu məsələnin həllinə
çalışmasaydı, digər bir tədqiqatçı bu problemin həllinə
nail ola bilməyəcəkdi. Lakin Kobilka qeyri-adi
inadkarlığı, dözümlülüyü və fərasəti ilə seçilirdi. O,
öz əməkdaşları ilə birlikdə böyük miqdarda bu reseptoru
ayırd edərək onların tərkibinə görə amin turşu
ardıcıllığını oxuya və bu ardıcıllıq sayəsində bütün
geni əldə edə və onu klonlaşdıra bilmişdi. Artıq
alimlərin sərəncamında beta-adrenoreseptor geninin
nukleotid ardıcıllığı var idi və onlar klonlaşdırma yolu
ilə qeyri-məhdud miqdarda bu zülalı əldə edə
bilərdilər. Lakin qarşıda daha bir vəzifə dururdu: bu
reseptorları daha ətraflı öyrənmək lazım idi. Və yenə də
Brayan Kobilka böyük elmi uğura nail ola bilmişdir.
Robert Lefkoviçin laboratoriyasını tərk edərək Stenford
Universitetində işləməyə gedən Brayan Kobilka
beta-adrenoreseptorların kristalloqramını əldə etməyə
cəhd etmişdir. Lakin bu işin öhdəsindən gəlməyə nə az,
nə çox, tam 20 il vaxt sərf etmişdir. Kobilkadan başqa
hamı üçün bu problemin həlli müşkül idi. Məsələ ondadır
ki, kristalloqramın əldə olunması texnikası yalnız suda
həll olmuş zülallar üçün yaxşı nəticələr verir.
Beta-adrenoreseptor isə yağda həll olur. Brayan Kobilka
son dərəcə heyrətdoğuran incə texnikadan istifadə
etməklə 2011-ci ildə fəaliyyətdə olan
beta-adrenoreseptorun mənzərəsini əldə edə bilmişdir.
Kobilka rəhbərlik etdiyi gənc tədqiqatçı qrupla
birlikdə fenomenal nəticələrə nail olmuşdur. Onlar maddə
və reseptorların qarşılıqlı təsir anını tuta
bilmişdilər.
Bu nailiyyətin elm üçün nə dərəcədə əhəmiyyətli olmasını
sözlə ifadə etmək çox çətindir. Yalnız qətiyyətli,
yaradıcı yanaşma və molekulyar-bioloji priyomlara malik
olması sayəsində Brayan Kobilka reseptorun hormondan
hüceyrənin xaricindəki G-zülalların daxilinə necə siqnal
verməsinin mənzərəsini yarada bilmişdir. "Nature"
jurnalında dərc olunmuş bu struktur GPCR reseptorları
(G-protein-coupled receptors) barədə yeni təfərrüatlar
verir. Misal üçün, aktivləşmiş reseptorun G-zülalı ilə
birləşmə anında hansı formada olması məlum olmuşdur. Bu
cür informasiya yeni dərman preparatlarının işlənib
hazırlanmasında çox faydalı ola bilər.
2012-ci il oktyabrın 10-da Nobel Mükafatları Komitəsi
Brayan Kobilkanın 20 illik gərgin elmi axtarışlarının
məhsulu olan G-zülal reseptorları sahəsindəki kəşfini
ali elmi mükafata layiq görmüşdür. Brayan Kobilka
mükafatını öz müəllimi ilə bölüşmüşdür.
Nobel komitəsinin üzvü jurnalistləri qorxutmuşdu
Nobel komitəsinin ötən il oktyabrın 10-da keçirilən
təqdimolunma mərasimindəki çıxışında professor Sven
Liden bidirmişdir ki, bu kəşf bütün mənalarda molekulyar
şedevrdir. "Təbiətin möcüzələrindən biri özünün bütün
gözəlliyi ilə indi nümayiş olunur. Alimlər bəşəriyyət
üçün böyük əhəmiyyət kəsb edən reseptorları öyrənmək
üçün bizə güclü metodologiya və incə strategiyalar
formasında parlaq şedevr vermişlər".
Brayan Kobilkanın kəşfinin hansı elmi əhəmiyyəti var?
İlk növbədə, bu kəşfin praktik əhəmiyyəti böyükdür. Bu
kəşf həm sistemin necə işləməsi barədə bizə geniş
təsəvvür vermiş, həm də hüceyrələrin siqnal sistemini
nizama salan yeni nəsil dərmanların istehsalına
başlanması üçün imkan yaratmışdır. Onlar ürək-damar,
psixi, endokrin, infeksion və hətta xərçəng
xəstəliklərinin müalicəsinə kömək edə bilər. Nobel
Mükafatları Komitəsi qeyd etmişdir ki, bu tədqiqatlar
sayəsində siqnalların qəbul edilməsi və onların
hüceyrələrə ötürülməsində iştirak edən transmembran
reseptorların bütöv bir sinfinin quruluşu və fəaliyyət
mexanizmini ətraflı öyrənmək mümkün olmuşdur. Beləliklə
də Nobel komitəsinin kəşfin mahiyyətinə dair qısa
arayışının arxasında nəhəng işlər durmuşdur.
Bir haşiyə:
Təqdimolunma zamanı Nobel komitəsinin üzvü, professor
Sven Liden elmi işlərin məna və əhəmiyyətini zalda
əyləşənlərə və jurnalistlərə daha yaxşı izah etmək üçün
nitqinə uzun bir fasilə vermiş və birdən-birə çox
bərkdən elə qışqırmışdır ki, bütün zaldakılar
diksinmişdir. Sonra o, sakit və təmkinlə aşağıdakıları
söyləmişdir:
"Siz birdən bərk qorxduqda nələr baş verdiyini, nələri
hiss etdiyinizi yadınıza salın. Sizdə ürək çırpınır,
döyüntülər artır, adamın nəfəsi kəsilir, ağzı quruyur.
Bu onun əlamətidir ki, sizin orqanizm ani təhlükəyə
dərhal reaksiya verdi və düşmənə cavab verməyə
hazırlaşdı və ya qaçmağa üz tutdu. Bu cür "döy və ya
qaç" tipli reaksiya bir sıra stres vəziyyətlərində
miqdarı kəskin surətdə artan adrenalinlə bağlıdır.
Adrenalin əzələ tonusu və metabolizmə, qan dövranına,
nəfəsalmaya, görmə həssaslığına təsir edir. Axı, insan
orqanizmi on milyardlarla hüceyrələrdən ibarət olan,
müxtəlif toxuma və orqanlardan təşkil olunmuş, ən
müxtəlif funksiyaları yerinə yetirən sistemdir və
tamamilə lazımdır ki, onların hamısı xarici
qıcıqlandırıcılara birlikdə cavab versin. Bununla
yanaşı, adrenalin hüceyrələrin daxilinə nüfuz etmir,
lakin onlar xaricdən reaksiya verirlər. Bu reaksiya
reseptorlar vasitəsilə həyata keçirilir ki, onların da
ötürülməsində alimlər bu cür böyük nailiyyətlər əldə
etmişlər".
"İnsan xəstə olanda biz həkimlərə müxtəlif maddələrin
və dofamin kimi hormonların fəaliyyətini idarə etmək
lazımdır. Bunsuz tam müalicə mümkün deyildir. Bundan
ötrü bizə reseptorların işini bilmək vacibdir. İndi bunu
etmək asan olacaqdır", - deyə Brayan Kobilka
bildirmişdir.
"Uşaqlarım da bu xəbərdən sonra evdə sakitlik tapa
bilmirlər..."
Nobel mükafatına layiq görülməsi barədə xəbəri Brayan
Kobilka gecəyarısı saat 02:30-da (Amerika vaxtı ilə)
aldığını bildirmişdir. İlk telefon zənginə o çata
bilməmişdir. Lakin ikinci dəfə telefonun dəstəyini əlinə
götürəndə Nobel Mükafatları Komitəsinin 5 üzvü ilə
danışmışdır.
"Məni İsveç Elmlər Akademiyasından gələn telefon səsi
oyatdı. İki dəfə telefon zəngi gəldi. Birinci dəfə
götürmədim. Nə yaxşı ki, onlar ikinci dəfə zəng
etdilər... Düşündüm ki, zəng edənlər dostlarımdan
biridir. Elə ki, gecəyarısı kimsə səni yuxudan
qaldıraraq təbrik edir, bu, zarafat ola bilər. Lakin
dostlarım arasında təmiz İsveç ləhcəsi ilə danışanı
yoxdur. Buna görə də zəngin İsveçdən, yalnız Nobel
komitəsindən gələ biləcəyinə inandım. 5 nəfər təmiz
İsveç ləhcəsi ilə sizi təbrik edəndə onda bu artıq
zarafat deyil. Mənim üçün gözlənilməz bir xəbərdir,
mənim uşaqlarım da bu xəbərdən sonra evdə sakitlik tapa
bilmirlər. İndi onlar bütün Birləşmiş Ştatlarda ən
yuxusuz insanlardır. Mən elmi araşdırmalarımın bu cür
diqqət cəlb etməsinə alışmamışam. Mənə niyə mükafat
vermişlər, mən bunu dəqiq bilmirəm. Lakin mənə elə
gəlir ki, bu, bir qədər əvvəl kəşf etdiyim zülallarla
bağlı olmuşdur". O, Nobel Mükafatları Komitəsinin
saytına verdiyi ilk müsahibəsində çox təəccübləndiyini
və mükafat alması faktını yavaş-yavaş dərk etdiyini
bildirmişdir.
Mətbuatın
diqqətindən qaçan təvazökar alim
Brayan Kobilka olduqca təvazökar və hədsiz dərəcədə
sakit təbiətli, utancaq insandır. Onu yaxından
tanıyanlar, onunla uzun illər bir yerdə işləyən
əməkdaşları Kobilkanın olduqca xeyirxah, səmimi,
təvazökar, mərd insan olmasından yüksək heyranlıq hissi
ilə danışırlar. İşlədiyi Stenford Universitet kampusuna
velosipedlə gəlir. Brayan mükafata layiq görülməsində
onunla çiyin-çiyinə işləmiş əməkdaşların əməyini yüksək
qiymətləndirmişdir: "Bu, bütün dünya tədqiqatçılarının
birgə əməyinin nəticəsidir. Düşünürəm ki, mükafat həm də
onların əməyinə verilən qiymətdir".
O, mətbuatın diqqətində olmaqdan qaçmışdır. Nobel
mükafatına layiq görüləndən sonra isə Brayan Kobilka ali
mükafat dalınca Stokholma getməli və orada çıxış etməli
idi, onu jurnalistlər gözləyirdi. İlk müsahibəsində
alim İsveç səfərinə elə də səbirsizliklə
hazırlaşmadığını demişdir. Lakin ABŞ-dan İsveçə təyyarə
səfərində özünün Nobel çıxışına hazırlaşan Kobilka
yazdığı mühazirənin mətnini dəfələrlə dəyişməli
olmuşdur.
Qeyd etdiyimiz kimi, Brayan Kobilka Nobel mükafatını öz
müəllimi Robert Lefkoviçlə bölüşmüşdür. Müəllimi barədə
B.Kobilka bunları demişdir: "Düzdür, biz çox
fərqlənirik. Lakin biz bir-birimizi çox yaxşı başa
düşürük və bizim uzunillik birgə fəaliyyətimiz çox
önəmli nəticələr vermişdir. O, fantastik müəllimdir".
Brayan Kobilka hesab edir ki, elmi tədqiqatlar
məqsədyönlü şəkildə, ardıcıl aparılmalıdır. "Əgər
qarşınızda hər hansı məqsəd varsa, siz durmadan ona
doğru gedirsiniz. Siz birinci olmaq istəyirsiniz.
Alimlər bəzən peşəkar atletlər kimi rəqabət aparırlar.
Lakin siz bu barədə o qədər də narahatlıq
keçirməməlisiniz, çünki bu, sizi əsas məqsədə aparan
yoldan yayındıra bilər. Əgər siz həqiqətən hansısa
məsələ ilə kifayət qədər maraqlanırsınızsa, onda sadəcə
olaraq bu məsələ üzərində işləməyi davam etdirin...", -
deyə Brayan Kobilka Nobel mükafatları saytına verdiyi
ilk müsahibəsində bildirmişdir.
Brayan Kobilka apardığı tədqiqatlara əsl yaradıcılıq
ehtirası ilə yanaşır. Onu tanıyanlar və əməkdaşları
xüsusilə bir məqamı qeyd edirlər ki, Brayan Kobilkanı
nobelçi alim kimi digər məşhurlardan fərqləndirən odur
ki, o, laboratoriyasında iş prosesində hər şeyi öz əli
ilə etməyi sevir. "Brayan işlərinin çoxunu özü edir.
Buna görə də o, digər professorlardan seçilir.
B.Kobilka ən çətin vəzifələrin öhdəsindən gəlməkdə
əməkdaşlara kömək edir. Məşhur professor olmasına
baxmayaraq, hətta təcrübələrdən sonra yerə dağılmış
kristalları belə yığışdırmaqda həmkarlarına kömək
edir",-deyə artıq 4 ildir ki, Kobilkanın aspirantı
işləyən A.Kruz bildirmişdir.
"Dərman preparatlarının hamısı eynilə gözəl deyil"
GPCR-nin strukturunu bilmək ən effektiv dərman
preparatlarını yaratmaq, reseptorları gücləndirmək və ya
onların fəaliyyətini dayandırmaq baxımından çox
zəruridir.
Müasir təbabətdə istifadədə olan və istehsal olunan
dərmanların 40 faizi Brayan Kobilka və onun müəllimi
Robert Lefkoviçin on illər ərzində üzərində işlədikləri
reseptorların təsirinə əsaslanmışdır. Brayan Kobilka
deyir ki, reseptorların necə idarə olunması tam məlum
deyil. Buna görə də dərman preparatlarının hamısı eynilə
gözəl deyil. Onların bəzilərinin yan təsirləri var.
Brayan və onun əməkdaşlarına G-zülal reseptorlarını əldə
etmək üçün illər lazım gəlmişdir. Bu, ilk baxışdan
həlli qeyri-mümkün olan bir məsələ idi. "Bu, doğrudan
da çətin problem idi. Lakin mən bu problemi həll eməyə
tam səfərbər olunmuşdum. Rəhbərlik etdiyim böyük
tədqiqatçı qrup gərgin işləyirdi. Biz hamımız bu
problemin həllindən riqqətə gəlmişdik. İlk vaxtlarda biz
ümidverici tərəqqi əldə etmişdik, daha sonra məsələnin
həllinə nail ola bildik. Mən demək istəyirəm ki, nəticə
bütün elm qrupunun səyləri ilə əldə olunmuşdur. Bu
layihədə çoxları iştirak etmişdir və layihə özü də
olduqca cəlbedici idi".
Alim bildirmişdir ki, son bir neçə il ərzində biz
siqnalların ötürülməsi gedişində reseptorları ayırd edə,
eləcə də molekulların bütün siqnalları özlərinin protein
membranı vasitəsilə necə qəbul etməsi prosesini və onun
hüceyrə daxilində hansı böyük dəyişikliklərə yol
açmasını öyrənə bilmişik. Alim qeyd etmişdir ki,
onların tədqiqatları daha təhlükəsiz, effektiv və ucuz
dərman maddələrinin yaradılmasına kömək edə bilər. Onun
sözlərinə görə, bu gün dərmanların yaradılması kifayət
qədər bahalı prosesdir. Bununla belə, dərmanların
orqanizmə təsiri heç də həmişə lazımi nəticə vermir.
Tədqiqatçılar hesab edirlər ki, hüceyrələrin strukturu
barədə daha çox məlumatları əldə etməklə şəkərli diabet,
xərçəng, eləcə də depressiya kimi xəstəliklərlə
mübarizədə daha təsirli dərman preparatları yaratmaq
olar.
Brayan çox yaxşı tələbə olmuşdur
Brayan Kobilka həyat yoldaşı Tun Sunn Tyan ilə Minnesota
Tibb Məktəbinin biologiya sinfində tanış olmuşdur.
T.S.Tyan əri ilə fəxr edir. O, tələbəlik illərindən
tanıdığı Brayan Kobilka ilə biologiya laboratoriyasında
birlikdə işləmişdir. "O, məndən bir yaş böyük idi. Biz
birinci kursdan biologiya üzrə təcrübələrə başlamışdıq",
- deyə Brayan bildirmişdir. Müəllimləri B.Kobilkanın
tələbəlik illərindən digər yaşıdlarından çox
fərqləndiyini qeyd edirlər. "Brayan çox yaxşı tələbə
idi. Biz bilirdik ki, onun üçün elə bir xüsusi şərait
yaratmalıyıq ki, elmi tədqiqatçılıq fəaliyyətində ona
kömək edə bilək. Biologiya professoru Konrad Firlinq və
mən elə bir əməkdaşlıq şəraiti qurmuşduq ki, Brayan
molekulyar biologiya və kimya sahəsində tədqiqatlar
apara bilsin. Biz ilk dəfə idi ki, bu cür fənlərarası
əməkdaşlıq qurmuşduq", - deyə Brayanın kimya müəllimi
Robert Karlson bildirmişdir. "Brayan olduqca yaxşı
yeniyetmə idi. Hamıya yaxşı aydın idi ki, Brayan
başqalarından xüsusilə seçilir". Onun biologiya müəllimi
Firlinq bir neçə il əvvəl demişdir ki, Kobilka Nobel
mükafatı almağa layiqdir. "O fantastik, çox parlaq,
istedadlı və gözəl atlet idi", - deyən Konrad Firlinq
əlavə etmişdir ki, mən digər tələbələri də tədqiqatlara
həvəsləndirmək üçün sinifdə dəfələrlə onlara Brayan
barədə danışırdım. "Elmi ictimaiyyətdə bir çoxları
düşünürdü ki, Kobilkanın tədqiqatları əlçatmaz
vəzifədir. Lakin Brayan uzunillik çox gərgin əmək
sayəsində bu vəzifənin öhdəsindən gələ bilmişdir", -
deyə Stenford Universitetinin prezidenti Con Xennessi
bildirmişdir.
Brayan Kobilkanın iki övladı var. 28 yaşlı qızı Meqan
ali məktəb məzunudur, ingilis dili müəllimidir. Oğlu 31
yaşlı Ceyson Darmut Universitetinin məzunudur, o,
hazırda Apple kompaniyasında çalışır.
Hazırladı: Oruc MUSTAFAYEV |