Beynəlxalq
Mendeleyev Olimpiadasının bürünc medalçısı
Son illər respublikamızda neft-kimya sənayesi sürətlə
inkişaf edir. Qloballaşan müasir dünyada bu sahəyə böyük
ehtiyac olduğundan neft-kimya sənayesi üçün yüksək
ixtisaslı kadrların yetişdirilməsi də prioritet
məsələlərdəndir. Bu yöndə aparılan məqsədyönlü işlər
nəticəsində istedadlı gənclər yetişdirilmişdir ki,
bunlardan biri də İsmayıl İsmayılovdur. O, 1984-cü ildə
Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1991-ci
ildə Bakıdakı 115 nömrəli məktəbdə I sinfə gedən İsmayıl
1996-1997-ci tədris ilində VII sinfi 83 nömrəli liseydə
oxumuşdur. 1998-ci ildən təhsilini türk özəl liseyində
davam etdirən İsmayıl 2001-ci ildə həmin təhsil
müəssisəsini fərqlənmə attestatı ilə bitirmişdir. Orta
məktəb illərindən müəllimlərin verdiyi tapşırıqlara
məsuliyyətlə yanaşan və öz məqsədinə doğru inamla
irəliləməyə çalışan gənc İsmayılın ən böyük arzusu
kimyaçı olmaq və bu sahədə respublikamızın inkişafı
naminə var gücü ilə çalışmaq idi. Elə bu məqsədlə də
2001-ci ildə Moskvada keçirilən Beynəlxalq Mendeleyev
Olimpiadasına qatılan İsmayıl həmin olimpiadanın bürünc
medalına sahib olmuş və qəbul imtahanında iştirak
etmədən M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin kimya fakültəsinin tələbəsi adını
qazanmışdır. 2006-cı ildə universiteti bitirmişdir.
Daha çox çətin və düşündürücü məsələləri həll etməyi
sevirdim
İsmayılın dediklərindən: Məktəb illərindən riyaziyyat,
kimya, fizika kimi texniki və dəqiq fənlərə üstünlük
vermişəm. Çünki bu fənlərə marağım daha çox idi. Misal
və məsələləri həll etməkdən xüsusi zövq alırdım. Daha
çox çətin və düşündürücü məsələləri həll etməyi sevirdim
və onları həll edib bitirəndə sanki özümü bir qalib kimi
hiss edirdim. İndiyə kimi də həmin misal və məsələ
dəftərlərimi saxlayıram. Əsasən də kimya
olimpiadalarındakı məsələləri. Düşünürdüm ki, sonralar
bu məsələləri cəmləyib kitab şəklində çap etdirim və
məndən sonra olimpiadalara hazırlaşan və kimya fənninə
maraq göstərən şagirdlər bundan yararlansınlar. Kimya
olimpiadasına qatılmağıma səbəb təhsil aldığım müddətdə
imtahanlarda yüksək nəticələr əldə etməyim olmuşdur.
Atamın və kimya müəllimim Ahmet müəllimin məsləhətləri
ilə respublikada keçirilən fənn olimpiadalarına
qatıldım. Qarşıma məqsəd qoydum və kimya fənninə daha
çox vaxt ayırdım. Olimpiadaların rayon, şəhər və
respublika mərhələlərində uğur qazanaraq respublika
olimpiadasının qalibi oldum. Bundan sonra 2001-ci ildə
Moskvada keçirilən Beynəlxalq Mendeleyev Olimpiadasına
qatıldım və həmin olimpiadada bürünc medala layiq
görüldüm. Mükafatçı olduğumu bildikdə özümü çox xoşbəxt
hiss etdim. Çünki pillə-pillə hədəflərimə doğru
addımlayırdım. Bu, mənim həyatımın ən yaddaqalan və
gözəl anları idi. Təmsil etdiyim dövlətimizin,
məktəbimizin adını şərəflə daşıdığım üçün sevincimin
həddi-hüdudu yox idi. Onu da nəzərə çatdırım ki,
liseyimizə beynəlxalq səviyyəli ilk medalı gətirən mən
olmuşam. Bu gün əldə etdiyim nailiyyətlərə görə mənim
üzərimdə əməyi olan hər bir şəxsə xüsusi minnətdarlığımı
bildirirəm. Xüsusən də respublikamızda kimya sahəsinin
inkişafında xüsusi rolu və biz gənclərin bu sahədə
yetişməyində böyük əməyi olan tanınmış alim Vaqif
Abbasovu qeyd etmək istəyirəm. Respublika olimpiadasında
qalib olduqdan sonra Moskvada keçirilən Beynəlxalq
Mendeleyev Olimpiadasında Vaqif müəllimin başçılıq
etdiyi komandanın tərkibində iştirak edib olimpiadanın
mükafatçısı kimi M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinə imtahansız qəbul haqqı qazandım. Həmin
vaxt eyni zamanda Türkiyə universitetlərinə keçirilən
TCS imtahanından da yüksək nəticə topladığım üçün
Türkiyədən də təklif almışdım. Fikrim Türkiyədə təhsil
almaq idi. Lakin Vaqif müəllim düzgün seçim etmək üçün
mənimlə söhbət etdi və Lomonosov adına Moskva Dövlət
Universitetinin mənim üçün daha perspektivli olduğunu
məsləhət gördü və mən MDU-da təhsil almağa qərar verdim.
Universitetdə
təhsil aldığım ilk illərdə yeni mühitə alışana qədər bir
az çətinlik çəkdim. Lakin getdikcə adaptasiya oldum.
Universitetdə təhsil aldığım müddətdə türk özəl
liseyində və Vaqif müəllimin təşkil etdiyi olimpiadalara
xüsusi hazırlıq mərkəzində aldığım təhsilin mənə çox
köməyi oldu. Çox keçmədən universitetin ictimai
həyatında yaxından iştirak etməyə başladım. Eyni zamanda
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı
səfirliyinin və diasporumuzun təşkil etdiyi tədbirlərdə
də fəal iştirak edirdim. Düşünürəm ki, bu hər bir
azərbaycanlının vətəndaşlıq borcudur. Moskvada
tələbələrin ən çox maraq göstərdiyi tədbirlərdən biri də
Azərbaycan Respublikasının Moskvadakı səfirliyinin və
Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə ənənəvi
olaraq may ayında azərbaycanlı tələbələr arasında
keçirilən futbol turniri idi. Bu turnir təkcə bir idman
yarışı deyildi. Həm də həmrəylik, bərabərlik üçün ən
yaxşı vasitə idi. Çox keçmədi ki, azərbaycanlı
tələbələrdən ibarət komanda yaratdıq və mən həmin
komandanın kapitanı oldum. Biz tələbələr arasında
keçirilən turnirə qatıldıq və iki il dalbadal çempion
olduq. 2008-ci ildən isə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın başçılığı ilə təşkil
olunan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı
tərəfindən Heydər Əliyevin xatirəsinə həsr olunmuş
futbol turniri keçirilir. Onu da qeyd edim ki, Leyla
Əliyevanın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər
Təşkilatı yarandıqdan sonra həmin təşkilat tərəfindən
tələbələrə və gənclərə diqqət və qayğı, onların
problemlərinin həllində yaxından köməklik
göstərilmişdir.
Düşünürəm ki, biz xaricdə yaşayan gənclər elm sahəsi ilə
bərabər ictimai fəaliyyətlə də məşğul olmalıyıq. Bu
məqsədlə mən də 2007-ci ildə Brüsseldə keçirilən
Azərbaycanlı Tələbələrin Avropa Forumunda iştirak etdim.
Məqsədimiz Azərbaycan həqiqətlərini, ermənilərin Dağlıq
Qarabağda törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə
çatdırmaq üçün Azərbaycan gənclərini bir yerə yığıb
lobbiçilik fəaliyyətini gücləndirmək idi. Bununla bağlı
bir çox ictimai təşkilatlar ətrafında birləşən
gənclərimizlə birlikdə fikir mübadilələri aparırdıq.
Hazırda belə təşkilatların sayı çoxdur və dövlətimizin
də dəstəyi ilə bu yöndə məqsədyönlü işlər aparılır.
Universiteti
bitirdikdən sonra aspiranturada oxumağa dəvət aldım.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə
təhsilimi aspiranturada davam etdirdim. Elmi işim bu gün
dünyanın ən aktual problemlərindən olan alternativ
enerji resursları və ətraf mühitin ekoloji təmizliyi
sahəsində "Yanacaq elementləri üçün hidrogenin alınması
məqsədi ilə mis tərkibli serium-sirkonium
katalizatorları üzərində metanolun çevrilməsi"
mövzusunda idi. Avtomobillərdə daxiliyanma
mühərriklərinin hidrogen yanacaq elementləri ilə əvəz
olunması nəticəsində ekoloji vəziyyət xüsusi ilə böyük
sahələrdə mühüm dərəcədə yaxşılaşdırıla bilər.
Bildiyimiz kimi, ekoloji problemlər XXI əsrin,
qloballaşan dünyanın ən böyük probleminə çevrilmişdir.
Bu gün dünyada neft-qaz emalı sənayesi, həmçinin onunla
əlaqəli neft-kimyası və başqa sənaye sahələri ətraf
mühitə mənfi təsirinin miqyasına görə birinci yerdə
dururlar. Artıq bəşəriyyət yeni ekoloji təmiz enerji
mənbələrini getdikcə daha geniş miqyasda tətbiq etməyə
çalışır və onların istifadəyə verilməsi üçün aktiv
şəkildə işlər görülür. Aspiranturada oxuduğum müddətdə
əldə etdiyim nəticələrlə Koreyanın və Danimarkanın bir
neçə şirkəti çox yaxından maraqlanırdı. Düşünürəm ki,
gördüyüm işlərin nəticələri gələcəkdə istifadəyə
veriləcək hidrogen yanacaq elementli avtomobillərin
yaradılmasında lazımi fundamental əsaslardır.
Aspiranturanın 1-ci kursunda oxuyarkən İngiltərənin BP
şirkətindən iş təklifi almışdım. Bu mənim üçün
sevindirici xəbər idi. Lakin təhsilimi davam etməli
olduğumdan bu təklifi qəbul etmədim. Aspiranturada
təhsil aldığım müddətdə bakalavr və magistr pillələrində
təhsil alan tələbələrin diplom işlərindəki təcrübələrin
aparılmasında elmi məsləhətçi kimi iştirak edirdim.
Kimya üzrə fəlsəfə doktoru elmi işimin nəticələri 7
jurnalda çap olunmuş və 9 elmi konfransda təqdimatı
olmuşdur.
Hazırda V.Abbasovun və E.M.Yefremenkonun rəhbərliyi
altında doktorluq dissertasiyası üzərində çalışıram və
MDU-nun dekanı akademik V.V.Luninin təqdimat məktubuna
əsasən Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin kimya fakültəsində elmi işimi
davam etdirirəm. Amerika, İngiltərə, Almaniya,
Hindistan, Danimarka, Braziliya, Koreya, Türkiyə və
Rusiyanın jurnallarında 43 elmi məqalə və tezisim dərc
olunmuşdur.
Bu gün Azərbaycanın neft və qeyri-neft sektorunun uğurlu
inkişafı respublikamızın gələcəkdə daha da qüvvətli bir
dövlət olacağına zəmin yaradır. Ölkə Prezidenti cənab
İlham Əliyevin biz gənclərə göstərdiyi diqqət və qayğı
nəticəsində istedadlı gənclərin potensialları üzə
çıxarılır. Mən inanıram ki, bugünkü gənclik gələcəkdə
dinamik və sürətlə inkişaf edən respublikamızın
çiçəklənməsində aparıcı rol oynayacaq. İstedadlı
gənclərə hər zaman dəstək verdiyinə və onların
hərtərəfli inkişafına şərait yaratdığına görə hörmətli
Prezidentimiz İlham Əliyev cənablarına xüsusi
minnətdarlığımı bildirmək istəyirəm.
Mən onu perspektivli alim adlandırıram
Vaqif
Abbasov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru,
professor:
İsmayıl ilk tanıdığım tələbələrimdən biridir. İlk
tanışlığımızda məktəbdə oxuyan İsmayıl bu gün təhsilini
elm məktəbinin ən yüksək pilləsində doktorluq
dissertasiyasını yazmaqla davam etdirir. Onu da qeyd
etmək istəyirəm ki, mən onun doktorluq dissertasiya
işində elmi məsləhətçilərindən biriyəm. Ona görə mənim
üçün tələbələrim arasında İsmayılın xüsusi yeri var.
İsmayıl 2001-ci ildə Moskvada keçirilən Beynəlxalq
Mendeleyev Olimpiadasında mənim rəhbərlik etdiyim
Azərbaycan komandasının üzvü kimi iştirak etmiş və həmin
ildə olimpiadanın qalibi kimi imtahansız Rusiya
Federasiyasının bir nömrəli, dünyada sayılıb-seçilən
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə qəbul
olmuşdur. Qeyd etmək lazımdır ki, kimyaya olan
sevgisinin nəticəsidir ki, universitetdə oxuduğu
müddətdə 8-11-ci siniflər üçün respublika kimya
olimpiadasının suallarının tərtibində aktiv iştirak
etmişdir. Həmin suallar cavabları ilə bir yerdə
olimpiadadan sonra kimya jurnalında çap edilmişdir.
Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra elmə
maraq göstərən İsmayıl "Neft kimyası" ixtisası üzrə
aspiranturaya qəbul olmuş və aspiranturada oxuduğu
müddətdə elmi işini başa çatdırmışdır. Mən İsmayılın
kimya üzrə fəlsəfə doktoru dissertasiya işinin
müdafiəsində iştirak etmişəm və onu deyim ki, etdiyi
çıxışı ilə verilən sualları dəqiqliklə cavablandırmaqla
elmi işinə tam şəkildə yiyələndiyini Elmi Şuraya sübut
etdi. İsmayılın yüksək səviyyədə yazılmış və 20-yə yaxın
məqalədə və tezisdə öz əksini tapmış dissertasiya işi
çox keçmədən Ali Attestasiya Komissiyasında təsdiq
olundu.
Kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldıqdan
sonra İsmayıl Azərbaycan Milli Elmlər Akademiyasında
aparıcı elmi işçi vəzifəsində çalışmağa başlamışdır.
Moskva Dövlət Universitetinin dekanı, akademik
V.V.Luninin AMEA-nın mərhum prezidenti akademik
M.K.Kərimova yazdığı, MDU-ya qəbul olmaq haqda olan
təqdimat məktubu əsasında İsmayıl AMEA-nın Rəyasət
Heyətinin qarşısında çıxış etmiş və komissiyanın müsbət
rəyi ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"na əsasən Moskva Dövlət Universitetinə
doktorluq təhsili almaq üçün göndərilməsinə qərar
verilmişdir. AMEA-nın mərhum prezidenti, akademik
M.K.Kərimov İsmayılın komissiya qarşısında çıxışının
sonunda "Azərbaycan elminə İsmayıl kimi elmə bağlı
savadlı, gənc alimlər lazımdır", - demişdir. Onu da qeyd
edim ki, İsmayılın elmi məsləhətçiləri mən və professor
E.N.Yefremenko olmaq üzrə elmi işi MDU və bizim
Neft-Kimya Prosesləri İnstitutunun birgə əməkdaşlığı ilə
gerçəkləşdirilir.
İsmayıl doktoranturada dünyada və neft ölkəsi olan
Azərbaycan Respublikasında perspektivli sahə olan daha
əlverişli xammal əsasında neft sənayesi üçün
çoxfunksiyalı təsirə malik bakterisid-korroziya
inhibitorlarının səmərəli və effektiv alınması
yollarının yaradılması və inkişafı üzrə öz elmi
fəaliyyətini davam etdirir. Görülən işləri Amerika,
İngiltərə, Almaniya, Hindistan, Danimarka, Braziliya,
Koreya, Türkiyə və Rusiyanın aparıcı jurnallarında çap
olunmuşdur. O, 43 elmi məqalə və tezisin müəllifidir.
İsmayıl kimya üzrə fəlsəfə doktorudur, doktorluq
dissertasiyasını yazır və tələbələrim içində ən yüksək
elmi səviyyədə təhsil alanlardan biridir. İsmayılın bu
cavan yaşda elmə olan marağını və əldə etdiyi
nailiyyətləri nəzərə alaraq mən onu perspektivli alim
adlandırıram.
İsmayılın dəyər verdiyim xüsusiyyətlərindən biri elmə
olan marağıyla yanaşı, onun insanlarla həmişə ünsiyyətdə
olması, bir azərbaycanlı kimi vətəni, milli dəyərləri
əlindən gəldikcə layiqincə təmsil etmək üçün diaspor
həyatında, müxtəlif tədbirlərin təşkil olunmasında aktiv
istirak etməsidir. O, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Rusiya
Azərbaycanlı Gənclər Təşkilatının üzvüdür.
İsmayıl kimi gənclər Azərbaycan təhsilinin, bütövlükdə
ölkəmizin gələcəkdə daha güclü olmasını təmin edəcəklər.
Məhz bu səbəbdən də dövlətimiz belə gənclərin yüksək
səviyyəli təhsil almaları üçün olduqca əlverişli şərait
yaradır.
İsmayıl
öz davranışı ilə məktəb yoldaşlarına həmişə örnək
olmuşdur
İsmayılın oxuduğu illərdə müəllimi olmuş Bakı Özəl Türk
liseyinin direktoru Hayrettin Ünverin dedikləri:
İsmayıl 1998-ci ildə liseyimizə yüksək göstərici ilə
daxil olmuşdur. Liseydə ilk gündən nümunəvi şagird kimi
tanınan İsmayıl öz davranışı ilə məktəb yoldaşlarına
həmişə örnək olaraq göstərilmişdir. Onun yüksək zəkası
və əxlaqı hər zaman pedaqoji kollektivimizin də
diqqətini çəkmişdir. Bu gün də öz vətənpərvərliyi və
gözəl mənəvi dəyərlərə malik olması ilə seçilən
İsmayılın hələ məktəbdə oxuyarkən dərs həftəsinin
başlanması və başa çatması zamanı necə iftixarla və
qürur hissi ilə himnimizi oxuduğuna diqqət yetirirdim.
Qeyd edim ki, liseylərimiz daxilində olimpiadaya
hazırlıq qrupları var. Şagirdlər içərisindən ən yüksək
biliyə malik olanlar və əla nəticələr göstərənlər həmin
qruplara daxil edilir. İsmayıl da ən yüksək göstərici
nümayiş etdirərək kimya fənni üzrə olimpiadaya hazırlıq
qrupuna daxil olmuşdur. Öz yüksək zəkası ilə fərqlənən
İsmayıl 1999-2001-ci illərdə liseyimizi fənn
olimpiadalarının rayon və respublika turlarında, 2001-ci
ildə isə Moskvada keçirilən Beynəlxalq Mendeleyev
Olimpiadasında təmsil etmiş və liseyimizə ilk beynəlxalq
medalı qazandırmış, dövlətimizin bayrağını uca etmişdir.
İsmayıl 10-11-ci siniflərdə oxuyarkən artıq
olimpiadaların qalibi kimi liseyimizin kimya olimpiada
qrupunda olan şagirdləri hazırlaşdıraraq biliklərini
onlarla bölüşürdü. İsmayıl liseyimizi bütün fənlərdən
əla qiymətlər alaraq fərqlənmə diplomu ilə bitirmişdir.
İsmayılın gözəl cəhəti ondadır ki, ucaldıqca sadəliyini
qoruyub saxlamışdır. Dünən çox sevimli şagirdim olan
İsmayıl bu gün yüksək tədqiqatçı gücünə və böyük elmi
potensiala malik gənc alim kimi tanınır. O, təkcə dəqiq
fənlərə deyil, eyni zamanda humanitar elmlərə də daim
xüsusi maraq göstərmişdir. Onda tariximizə olan maraq
hər zaman məni sevindirmişdir. Bu da onun vətənpərvər
insan olmasının daha bir nümunəsidir. Bu gün ölkə
başçısı cənab İlham Əliyev neft kapitalının insan
kapitalına çevrilməsinin vacibliyini xüsusi vurğulayır.
Əminliklə deyə bilərəm ki, liseyimiz bu etimadı hər
zaman olduğu kimi bu gün də doğruldur. İsmayıl kimi
yüksək elmi biliyə malik olan şagirdlərin yetişdirilməsi
buna bariz nümunə ola bilər. İnanıram ki, İsmayıl
liseyimizdə təhsil aldığı müddətdə qazandığı yüksək
bilik və əxlaqi-mənəvi dəyərləri bu gün gənclərimizə
səbrlə, təmkinlə, əzm və fədakarlıqla çatdıracaq və
gələcəkdə ölkəmizin, eyni zamanda dünyamızın özü kimi
gözəl insanlarla zənginləşməsində böyük pay sahibi
olacaqdır.
İsmayıl gələcəkdə əldə etdiyi biliklər vasitəsilə
neft-kimya mütəxəssisi kimi öz ölkəsinə və eyni zamanda
neft-kimya elminə töhfəsini verəcək
M.V.Lomonosov adına MDU-nun kimya fakültəsinin dekanı,
akademik V.V.Luninin dedikləri:
İsmayılı 2001-ci ildə Moskvada keçirilən Beynəlxalq
Mendeleyev Olimpiadasından tanıyıram. Həmin ildə
olimpiadanın bürünc mükafatçısı kimi universitetimizin
kimya fakültəsinə imtahansız qəbul olmuşdur. Təhsil
aldığı 5 il müddətində İsmayıl Azərbaycan Respublikası
üçün çox əhəmiyyətli sahə olan neft kimyası və üzvi
kataliz kafedrasında neft kimyası mütəxəssisi olaraq
yetişmişdir. Elmə olan marağı nəticəsində təhsilini
aspiranturada davam etdirmiş və elmi işini "Neft
kimyası" va "Kimyəvi kinetika və kataliz" ixtisasları
üzrə müdafiə edərək kimya elmləri namizədi elmi
dərəcəsini almışdır. İsmayılın əldə etdiyi nailiyyətləri
nəzərə alaraq universitetimizin doktorantura şöbəsində
oxuması üçün tövsiyə məktubu yazdım və bu məktub
əsasında İsmayıl doktorantura şöbəsində təhsilini davam
etdirir. Hazırda İsmayıl universitetimizdə "Neft
kimyasi" va "Bionanotexnologiya" ixtisaslarının
qovşağında əlverişli xammal əsasında neft sənayesi üçün
çoxfunksiyalı təsirə malik bakterisid-korroziya
inhibitorlarının səmərəli və effektiv alınması
yollarının yaradılması və inkişafı sahəsində uğurla öz
elmi fəaliyyətini davam etdirir və alınmış nəticələrə
görə artıq 20-dən çox məqaləsi dünyanın ən nüfuzlu
jurnallarında dərc olunmuşdur. İsmayıl İsmayılov Moskva
Dövlət Universitetinin və Azərbaycan Respublikasının
birgə ixtisaslı kadrlarının hazırlanması və elmi
tədqiqat sahəsindəki əməkdaşlığının uğurlu nümunəsidir.
İsmayıl gələcəkdə əldə etdiyi biliklər vasitəsilə
neft-kimya mütəxəssisi kimi öz ölkəsinə və eyni zamanda
neft-kimya elminə töhfəsini verəcək.
Hazırladı: Niyazi RƏHİMOV |