Aprelin
20-də Bakıdakı Heydər Əliyev adına liseydə xalqımızın
dahi oğlu, ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi ilə bağlı tədbir
keçirilmişdir. Tədbirdə liseyin müəllim-şagird
kollektivi ilə yanaşı, Milli Məclisin deputatı Aydın
Mirzəzadə, Xətai Rayon İcra Hakimiyyəti başçısının
müavini Zaməddin Əkbərov, KİV nümayəndələri, valideynlər
və digər şəxslər iştirak etmişlər. Öncə iştirakçılar
liseyin qarşısında ulu öndər Heydər Əliyevin xatirəsinə
ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri
qoymuş, liseydə yaradılmış Heydər Əliyev muzeyi ilə
tanış olmuşlar.
Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən
sonra tədbiri giriş sözü ilə açan liseyin direktoru,
əməkdar müəllim Fikrət Xəlilov dahi şəxsiyyət, ümummilli
lider Heydər Əliyevin xalqımızın taleyində, iqtisadi,
siyasi, mənəvi həyatında misilsiz xidmətlər göstərdiyini
bildirmişdir. Liseyin yaranma tarixindən danışan
F.Xəlilov qeyd etmişdir ki, ulu öndərimiz Heydər Əliyev
4 iyun 2000-ci ildə Xətai rayonu ərazisində
"Azərneftyağ" Neft Emalı Zavodunun fəhlə, qulluqçu və
mühəndis-texniki işçiləri üçün 18 mərtəbəli yaşayış
binalarının istifadəyə verilməsində iştirak etmiş və bu
ərazidə yeni bir ümumtəhsil məktəbinin inşa edilməsini
tövsiyə etmişdir. Bildirilmişdir ki, Heydər Əliyev
şəxsiyyətinin müdrikliyi, böyüklüyü ondadır ki, onun
ideyaları, əməli fəaliyyəti təkcə bu günlə
məhdudlaşmamış, həm də uzaq gələcəyə ünvanlanmışdır.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu
öndərin parlaq ideyaları, başladığı quruculuq siyasəti
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün
uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq aləmdə
nüfuzunun getdikcə yüksəlməsini, uğurlarının artmasını
diqqətə çatdıran direktor ölkəmizin hazırda bir çox
beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin sevindirici
hal olduğunu və bu faktın özünün Azərbaycanın
müstəqilliyinin təməlinin ulu öndər tərəfindən möhkəm
əsaslar üzərində qurulmasının göstəricisi olduğunu qeyd
etmişdir.
Tədbirdə
çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə ulu
öndərin xalqı qarşısında göstərdiyi misilsiz
xidmətlərdən danışmışdır. Bildirmişdir ki, Vətən və xalq
qarşısında tarixi xidmətlər göstərmək yalnız dahi
şəxsiyyətlərə xas olan xüsusiyyətdir. Ulu öndərimiz də
məhz belə şəxsiyyət olduğundan yaddaşlarda əbədi yer
tutmuşdur. Xeyirli əməllər sahibi, müqəddəs şəxsiyyət
olduğundan Heydər Əliyevin qurub-yaratdıqları, dərin
düşüncəli ideyaları yalnız dünənki və bugünkü nəsillərə
deyil, həm də neçə-neçə gələcək nəsillərə
hesablanmışdır. Onu həmişəyaşar edən, xalqın qəlbində
ona əbədi abidə ucaldan məhz bu xüsusiyyətləridir. Dahi
rəhbərin bütün fəaliyyətinin, atdığı addımların
mahiyyəti yalnız xalqına xidmət etmək arzusundan
doğurdu. Ürəyində vətən sevgisi olan hər bir soydaşımız
yaxşı bilir ki, işıqlı gələcəyimiz ulu öndərimizin
zəngin irsini öyrənməkdə, onun əbədiyaşar ideyalarına
sədaqətlə əməl etməyimizdədir.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Zaməddin
Əkbərov tədbirdə çıxış edərək qeyd etmişdir ki, müasir
Azərbaycan cəmiyyətinin, onun milli mənəvi dəyərlərinin
formalaşması ulu öndərin əsas xidmətlərindən olmuşdur.
Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövləti bu
gün xalqa, onun milli maraqlarına şərəflə və ləyaqətlə
xidmət edir. Ulu öndərin həyata keçirdiyi ciddi liberal
və demokratik islahatların nəticəsində siyasi cəhətdən
güclü dövlət yaradılmışdır. Heydər Əliyev müasir
Azərbaycan cəmiyyətinin və onun mənəvi-əxlaqi
dəyərlərinin formalaşması missiyasını da öz üzərinə
götürmüş ümummilli liderdir.
Tədbirin bədii hissəsində tanınmış muğam ifaçısı Alim
Qasımov, Aşıq Əli Tapdıqoğlu öz çıxışları ilə
iştirakçılara xoş ovqat bəxş etmişlər. Liseyin "Zərifə"
rəqs qrupu tərəfindən nümayiş olunan rəqslər,
şagirdlərin ifasında ulu öndərə həsr edilmiş şeirlər və
nəğmələr iştirakçılara xoş anlar yaşatmışdır.
Tədbirin sonunda Təhsil Nazirliyi tərəfindən ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar
onun adını daşıyan liseyin bir qrup müəllimi gənc nəslin
təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji
fəaliyyətlərinə görə "Azərbaycan Respublikası qabaqcıl
təhsil işçisi" döş nişanı və fəxri fərmanlarla təltif
edilmişdir.
Niyazi RƏHİMOV |