Xalqımız
üçün may ayının 10-u əlamətdar gündür. Həmin gün - biz
azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib.
Çünki zənaməmizin ən böyük şəxsiyyəti, Azərbaycanın
görkəmli ictimai-siyasi və dövlət xadimi, bütün
xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əlirza oğlu
Əliyev məhz 90 il öncə - mayın 10-da anadan olmuşdur. O
böyük insan XX-XXI əsrlərin canlı əfsanəsi idi. Tarix
dəfələrlə sübut etmişdir ki, ulu öndər böyük iradə və
qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin
vəziyyətdən belə çıxmaq üçün düzgün yol tapmağı
bacarırdı. Ona görə də həmişə başladığı işi uğurla sona
çatdırırdı.
Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider
məqamına yüksəldən keyfiyyətlərdən birincisi onu xalqına
bağlayan qırılmaz tellər idi. O, heç zaman özünün dediyi
kimi, nə yüksək dövlət vəzifəsinin imkan verdiyi
şəraitdə, nə də Naxçıvanda yaşadığı dövrdə xalqından
uzaq düşmədi. Onunla birgə oldu, yaxşı günündə də, yaman
günündə də. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən
böyük öndərimiz bütün ömrünü xalqının rifahına,
ölkəsinin tanınmasına, onun güclü dövlət olmasına sərf
etdi. Bundan heç vaxt yorulub-usanmadı, bədxahların
əməllərinə, böhtanlarına əhəmiyyət vermədi, xalqa
xidməti hər şeydən uca tutdu. Güclü və yenilməz bir
dövlət qurdu.
1969-cu ilin ortalarında Heydər Əliyev Azərbaycan KP
MK-nın birinci katibi seçildi. O vaxta qədər Azərbaycan
geridə qalmış aqrar respublika idi. Zəngin təbii
sərvətləri olan xalq ehtiyac içində yaşayırdı. Odur ki,
respublikanın yeni rəhbəri regionlara səfər edir,
adamlarla görüşür, onların problemlərini, aqrar sahənin
geridə qalmasının səbəblərini öyrənir, onu inkişaf
etdirməyin yollarını araşdırırdı. Tezliklə respublikada
çox böyük islahatlar həyata keçirilməyə başlandı. Qısa
müddətdə hər şey dəyişdi. Hara baxırdınsa həyat
qaynayırdı. Bir neçə ilə bölgələrdə insanların yaşayış
şəraiti yaxşılaşdı, rayonların büdcələrinə xeyli vəsait
toplandı. Və bu vəsaitlər rayonların inkişafına və
sosial problemlərin həllinə yönəldildi. O illər uzaq
tariximiz deyil. Həmin islahatları həyata keçirən
insanların çoxu müasirlərimizdir. Azərbaycanın elə bir
şəhəri, qəsəbəsi, kəndi yox idi ki, orada
tikinti-quruculuq işləri aparılmasın, məktəblər,
xəstəxanalar, yaşayış binaları tikilməsin.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərliyinin
birinci dövründə (1969-1982-ci illər) Azərbaycan Sovet
İttifaqının ən qabaqcıl respublikalarından birinə
çevrildi, kənd təsərrüfatı ilə yanaşı, sənaye də inkişaf
etməyə başladı. Bakıdakı kondisioner zavodunu
Yaponiyadan gəlmiş mütəxəssislər inşa edirdilər.
Halbuki, bu zavod Ukraynanın Zaporojye şəhərində
tikilməli imiş, lakin Heydər Əliyevin təkidi ilə həmin
müəssisəni Azərbaycanda tikməli oldular. O dövrlərdə çox
adam bunun əhəmiyyətini o qədər də dərk etmirdi. Ancaq
zavodun tikilməsi, orada minlərlə insanın işləməsi və
sonradan böyük istehsal sahəsinə çevrilməsi Azərbaycana
şöhrət gətirdi. Azərbaycanın o dövrdə bütün şəhər və
rayonlarında inkişaf geniş vüsət aldı.
Həmin dövrdə Azərbaycanda təhsil sahəsində də çox böyük
uğurlar qazanıldı. Hər il yüzlərlə azərbaycanlı gənc
başqa şəhərlərə oxumağa göndərildi. Azərbaycanda ali
təhsil ocaqlarının sayı 12-dən 17-yə çatdırıldı.
Heydər Əliyev birinci dəfə Azərbaycanda rəhbər olduğu
illərdə respublikamız hərtərəfli inkişaf etdi, tanındı.
Hətta xarici ölkələrlə də əlaqələr quruldu. Azərbaycanda
istehsal olunan məhsullar dünyanın onlarla ölkəsinə
göndərilirdi.
Ulu öndərin nüfuzunu və təşkilatçılıq bacarığını nəzərə
alıb 1982-ci ilin dekabrında onu SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini vəzifəsinə təyin etdilər və
Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçdilər. Tam
cəsarətlə demək olar ki, SSRİ-də ən çox quruculuq işləri
həmin dövrdə görüldü. Azərbaycanda İttifaq büdcəsi
hesabına iri sənaye və emal müəssisələri tikildi.
Azərbaycanın Xəzər sahilboyunda kurort zonasının
yaradılmasına dair İttifaq əhəmiyyətli proqram qəbul
edildi. Heydər Əliyev Sovetlər İttifaqında çox cəsarətli
rəhbər kimi tanınırdı. 1986-cı ilin aprelində Çernobıl
qəzasının baş verdiyi əraziyə SSRİ rəhbərliyindən ancaq
Heydər Əliyev getmişdi və lazımi tədbirlərin
görülməsinin də təşəbbüskarı o olmuşdu.
Sovet dövlətinin başçısı M.Qorbaçov bu qədər nüfuzlu,
istedadlı dövlət xadimini öz yanında görmək istəmədi.
Belə ədalətsiz münasibətə etiraz olaraq 1987-ci ilin
oktyabrında Heydər Əliyev partiya və dövlət
vəzifələrindən istefa verdi. Bu hadisədən düz 21 gün
sonra M.Qorbaçovun məsləhətçisi erməni Aqanbekyan
Fransada erməni icmasına Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi barədə Qorbaçovun razılıq verdiyini
bildirdi. Ermənistandan qısa müddətdə (1988-ci ildə) 260
min soydaşımız didərgin salındı, hazırkı Ermənistanın
24,6 min kv.km ərazisindən azərbaycanlılar qovuldu,
evləri talan edildi, 20 min nəfərdən çox soydaşımız
öldürüldü və şikəst edildi, ardınca Sumqayıt faciəsi
təşkil olundu, Dağlıq Qarabağdakı torpaqlarımız işğala
məruz qaldı.
1990-cı ildə Heydər Əliyev Azərbaycandan uzaqda -
Moskvada xüsusi nəzarət altında yaşayırdı. Ancaq 20
Yanvar faciəsinin ertəsi günü özünün və ailə üzvlərinin
həyatını açıq təhlükə qarşısında qoyaraq Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gəlib sərt bəyanatla
çıxış etməsi göstərdi ki, bu böyük şəxsiyyət üçün
vətənindən, xalqından əziz heç nə yoxdur.
Həmin dövrdə hakimiyyətdə olanlar milli xəyanət yolunu
tutmuşdular. Ölkənin həyati əhəmiyyətli məsələlərini bir
tərəfə qoyub Heydər Əliyevə qarşı çirkin kampaniya
aparırdılar. Lakin bütün bunlara baxmayaraq 20 Yanvar
qırğınından sonra Azərbaycan xalqının ümidi ancaq Heydər
Əliyevə qalmışdı.
Vaxtilə meydanlarda demokratiyadan, insan hüquq və
azadlığından ağızdolusu danışan AXC-Müsavat cütlüyü
siyasi hakimiyyəti ələ keçirdikdən sonra dövləti
bolşevizm üsulları ilə idarə etməyə başladı. Belə bir
şəraitdə cəmiyyətdə vətəndaş həmrəyliyi üçün zəruri olan
ictimai razılıq sarsıldı, hakimiyyətin və əhalinin
ayrı-ayrı qrupları arasında narazılıq və qarşıdurma
gücləndi. Ölkəni xaos və anarxiya bürümüşdü.
Müstəqilliyimizin ilk illəri Azərbaycan üçün çox ağır
keçdi. Vaxtı ilə Heydər Əliyevin qurub-yaratdıqlarını
dövlət quruculuğunda və idarəçiliyində heç bir səriştəsi
olmayanlar talan elədilər. Bu azmış kimi cəmiyyətin
ayrı-ayrı zümrələrinə də münasibət dəyişdi. İkinci dünya
müharibəsi veteranlarına az qala düşmən kimi baxırdılar.
Vaxtı ilə respublikamızın inkişafı üçün böyük əmək sərf
edən adlı-sanlı insanlar unuduldu. Hər şeyə, hər kəsə
bolşevikcəsinə yanaşılırdı. Xalq aclıqla da imtahana
çəkilmişdi. Daha insanlar cana doymuşdular. Geri
çəkilməyə yer yox idi. Uçurumun bir addımlığında
dayanmışdıq.
Belə bir şəraitdə Azərbaycan xalqı, onun qabaqcıl
ziyalıları, elm, mədəniyyət xadimləri yaranmış böhranlı
vəziyyətdən çıxış yolunu, ölkənin etibarlı gələcəyini
dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin simasında
görürdülər. Bu məqsədlə Azərbaycanın vətənpərvər
ziyalıları və qədirbilən xalqımızın əksəriyyəti Heydər
Əliyevə müraciət edərək ölkəni düşdüyü bəladan xilas
etməsini xahiş etdilər.
1993-cü ilin iyunun 15-də Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü, xalqımızın
nicat gününün başlanğıcı oldu. Təcrübəli siyasətçi və
dövlət xadimi Heydər Əliyev öz nüfuzuna, bacarığına və
xalqına arxalanıb insanları azərbaycançılıq, müstəqil
dövlətçilik və demokratik ideyalar ətrafında birləşdirib
yeni dövlət quruculuğuna başladı. Ulu öndərin həyata
keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkədə
ictimai-siyasi sabitlik yarandı, həyatın bütün
sahələrini bürümüş tənəzzülə son qoyuldu.
Ölkədə müharibə gedirdi. Ordu yox idi. Belə bir vaxtda
dövlətçiliyi, müstəqilliyi qoruyub saxlamaq üçün
müharibəni dayandırmaq zəruri idi. 1994-cü il mayın
12-də Ermənistanla atəşkəs haqqında saziş imzalandı.
Mühüm məsələlərdən biri də ölkənin sərvətlərinin
başlı-başına qalması, talanması idi. Digər tərəfdən,
dənizin və yerin təkindəki sərvətlərdən səmərəli
istifadə edilməli, xalqın sərvətinə çevrilməliydi ki,
inkişafa, rifaha nail olunsun. Bunun üçün böyük öndər
çox ciddi müqavimətləri sındıraraq "Əsrin müqaviləsi"ni
reallaşdırdı. Əfsanə sayılan Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin tam
reallığa çevrilməsi ümummilli liderimizin
uzaqgörənliyinin, qətiyyətinin, zəkasının, müdrikliyinin
və böyük siyasətinin nəticəsi idi.
Azərbaycanın düşmənləri ölkəmizin iqtisadiyyatına ciddi
zərbələr vurmaq üçün dəridən-qabıqdan çıxdıqları bir
vaxtda böyük siyasi xadim tarixi İpək yolunun bərpası
məsələsini qaldırdı. Və sübut etdi ki, dünyada Şərqlə
Qərbi birləşdirən ən səmərəli yol elə tarixi İpək
yoludur. O, dünya dövlətlərini məntiqlə inandırdı.
Onların elmi institutlarının on illərlə işləyib həll edə
bilmədiyi problemlərin Heydər Əliyev Bakıda keçirilən
bir beynəlxalq konfransda söylədiyi çıxışında elmi
əsaslarla şərhini verdi.
Cəmiyyət və dövlət həyatının bütün sahələrində əsaslı
islahatlar keçirildi. Keçmiş postsovet məkanında ilk
dəfə Azərbaycanda dövlət başçısı Heydər Əliyevin
göstərişi ilə torpaq islahatı aparıldı. Aqrar islahatın
bu fazası ilə bərabər kolxoz və sovxozların şəxsi və
fermer təsərrüfatlarına çevrilməsi kənd təsərrüfatına
yeni həyat verdi. Az bir zaman içində bazar
iqtisadiyyatına keçidin qanunvericilik bazası
formalaşmağa, iqtisadi həyatımızda sahibkarlıq
fəaliyyəti yaranmağa başladı.
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyası qəbul edildi. Bilavasitə ümummilli
liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu sənəd
Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və
təmin olunmasında yeni mərhələ açdı. Şərqdə ilk dəfə
olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu.
Azərbaycan xalqının taleyi ilə aparılan pərdəarxası
oyunlara, siyasi anarxiya və eksperimentlərə Heydər
Əliyevin rəhbərliyi altında son qoyulmuş, ölkədə
cinayətkarlığın qarşısı tam alınmış, qanunsuz silahlı
dəstələr ləğv olunmuşdu. Bunlar da bütövlükdə
Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla
aparılması üçün şərait yaratmışdı.
Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə
olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət
çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti
sayəsində alınmış, dövlət müstəqilliyi qorunub
saxlanmışdır.
2003-cü ildə böyük öndərin qurduğu Azərbaycan tərəqqiyə
və inkişafa istiqamət götürüb irəliləyirdi. Böyük
realist və praqmatik siyasətçi olan Heydər Əliyev isə
insan üçün əbədi olmayan dünyanın təbii qanunlarına
bələd idi. Elə bu səbəbdən də müstəqilliyinin ən məsul
dövründə olan Azərbaycanı xoşbəxt gələcəyə aparacaq
liderin kim olacağı sualı onu çox düşündürür və narahat
edirdi. O bu məsələni həll etməli idi. Bu, Vətənə
xidmətin ən ali nümunəsi idi və Heydər Əliyev bunu özünə
müqəddəs borc bilirdi.
Heydər Əliyev o vaxtlar hökumətə uğurla rəhbərlik edən
İlham Əliyevin üzərində dayandı və doğma xalqına
müraciət ünvanlayaraq yazırdı: "O, yüksək intellektli,
praqmatik düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir
şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra
bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin
köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra
biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm".
Tarix bu böyük dahinin uzaqgörənliyini yenə təsdiqlədi.
Bunun təsdiqi üçün elə də böyük bir vaxt lazım gəlmədi.
Çünki İlham Əliyev millət atasının missiyasını davam
etdirməyin sirrini çox gözəl bilirdi. Prezident İlham
Əliyev qısa bir müddətdə uğurlara imza atdı və xalqının
sonsuz rəğbət və hörmətini qazandı. O uğurlar böyük
qələbələrin estafeti kimi bu gün də davam edir və
xalqımızı xoşbəxt gələcəyə doğru aparır.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının
sədri, möhtərəm İlham Əliyevin rəhbərliyi altında
ölkəmiz böyük inkişaf yolundadır. Məhz onun liderliyi
ilə ölkəmizdə görülmüş işlərin miqyası əminliklə
söyləməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin
yaratdığı və sarsılmaz təməl üzərində tərəqqi edən
Azərbaycan Respublikası yaxın gələcəkdə ən qüdrətli
dövlətə çevriləcəkdir.
Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, Heydər
Əliyev də olacaqdır!
Abuzər XƏLƏFOV,
Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq
kafedrasının müdiri,
əməkdar elm xadimi, BMT yanında Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının akademiki,
tarix elmləri doktoru, professor |