Ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi
ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 21
yanvar 2013-cü il tarixli Sərəncamının icrası məqsədilə
19 aprel 2013-cü il tarixdə Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Binəqədi
Rayon İcra Hakimiyyəti ilə birgə "Heydər Əliyev və
Azərbaycançılıq" mövzusunda elmi-praktik konfrans
keçirmişdir. Tədbirdə respublikanın tanınmış ziyalıları,
təhsil ictimaiyyətinin nümayəndələri və KİV təmsilçiləri
iştirak etmişlər.
Öncə konfrans iştirakçıları institutda yaradılmış Heydər
Əliyev muzey-lektoriyası ilə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə açan Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun
rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor
Asəf Zamanov "Təhsilin inkişafı və azərbaycançılıq
ideologiyası" mövzusunda geniş məruzə etmişdir. Rektor
fransız və alman filosoflarından Kondilyak, Helvetsi,
Hegel və başqalarının əsərlərinə istinad edərək,
ideologiyanın cəmiyyətin və dövlətin idarəçiliyində rolu
məsələlərinə toxunmuş, ümummilli liderin azərbaycançılıq
ideologiyasının inkişafı üçün daima geniş fəaliyyət
göstərdiyini xüsusi vurğulamışdır. A.Zamanov
bildirmişdir ki, Azərbaycan xalqının tarixində və
taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan
tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət
xadimləri çox olmuşdur. Onlar gördükləri böyük işləri və
əməlləri ilə yadda qalmışlar. Belə tarixi şəxsiyyətlər
sırasında Azərbaycan xalqının böyük oğlu, ümummilli
lider, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi
Heydər Əliyevin xüsusi rolu var. Dünyanın sayca çox az
ölkələrində dövlət xadimləri ümummilli lider səviyyəsinə
yüksəlmişdir. Ulu öndər milli liderliklə siyasi liderlik
keyfiyyətlərini ehtiva etməklə fəaliyyət göstərdiyi
bütün sahələrdə də özünü əsl lider kimi təsdiq etmişdir.
Qeyd edilmişdir ki, bu dahi insan tarixi yazan və
yaradan, onu yönəltməyi bacaran nadir şəxsiyyətlərdən
idi. Professor Asəf Zamanov bildirmişdir ki, ümummilli
lider Heydər Əliyev müstəqil Azərbaycanda elmin,
təhsilin inkişafına daim xüsusi diqqət ayırmışdır. O,
hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan xalqının
xoşbəxt gələcəyi haqqında düşünərək ölkədə intellektual
potensialın formalaşması üçün bilikli kadrların
hazırlanmasına şərait yaradırdı. Məhz həmin uğurlu
siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək
intellektual potensial formalaşmışdır. Bu siyasət
hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm
İlham Əliyev cənabları tərəfindən uğurla davam
etdirilir. Bugünkü tədbirimiz də məhz bu dəyərlərdən
qaynaqlanır.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini
Vüsal İsmayılov "Regionların sosial-iqtisadi inkişafının
gəncliyə təsiri", Milli Məclisin deputatı, AMEA-nın
müxbir üzvü, professor Nizami Cəfərov "Gənclərin
vətənpərvərlik hissinin formalaşmasında azərbaycançılıq
ideologiyası", filologiya elmləri doktoru, professor
Nizaməddin Şəmsizadə "Bədii ədəbiyyat azərbaycançılıq
ideologiyasının məxəzi kimi" mövzularında məruzə
etmişlər.
Tədbirdə 2013-cü ilin Azərbaycan Respublikasında
"İnformasiya-Kommunikasiya Texnologiyaları ili" elan
edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin
16 yanvar 2013-cü il tarixi 2664 nömrəli Sərəncamına
uyğun yüksək hazırlığa malik pedaqoji kadrların
formalaşmasının stimullaşdırılması, yaradıcı təfəkkürə
malik innovativ müəllimlərin aşkar edilməsi və
informasiya-kommunikasiya texnologiyalarının tədris
prosesinə tətbiqinin təbliğ olunması məqsədi ilə
institutun Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə
keçirdiyi "İnnovativ müəllim" müsabiqəsinin qaliblərinə
diplomlar və mükafatlar verilmişdir.
Niyazi RƏHİMOV |