Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Aprel 2013 - №15

 

AMİ-də "Azərbaycan ədəbiyyatının tarixi inkişafında Heydər Əliyev mərhələsi" mövzusunda "dəyirmi masa" keçirilmişdir

 

Aprelin 23-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı "Azərbaycan ədəbiyyatının tarixi inkişafında Heydər Əliyev mərhələsi" mövzusunda "dəyirmi masa" keçirilmişdir. İnstitutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq qeyd etmişdir ki, bu il ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi respublikamızın bütün müəssisələrində, o cümlədən AMİ və onun on bir filialında silsilə tədbirlərlə qeyd olunur. Rektor A.Naxçıvanlı tədbirin əhəmiyyətindən danışaraq bildirmişdir ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində və ideya-nəzəri irsində aparıcı yer tutan məsələlərdən birincisi və ən vacibi Azərbaycan xalqının milli şüurunun inkişafı və möhkəmlənməsi olmuşdur. Hələ sovet illərində N.Gəncəvinin, M.Füzulinin, İ.Nəsiminin, H.Cavidin, S.Vurğunun və digər korifeylərin yaradıcılıqlarına diqqət, onların ideyalarının, əsərlərinin geniş təbliği Heydər Əliyevin fəaliyyətində aparıcı yer tuturdu. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.    

AMEA Folklor İnstitutunun əməkdaşı Tahir Paşazadə "Heydər Əliyev - milli mənəvi dəyərlərin fədaisi" mövzusunda çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərin qorunub yaşadılması siyasətinin özəyini dərin elmilik təşkil etmişdir. Ümummilli lider Heydər Əliyev bütün hakimiyyəti illərində, hətta DTK-ya rəhbərlik etdiyi dövrlərdə də Azərbaycanın milli dəyərləri, vətənpərvərlik tarixi uğrunda çalışan, soy-kökümüzün həqiqətlərini üzə çıxaranların imperiya basqılarından qorunması naminə əlindən gələni etmişdir. Xüsusilə də hakimiyyətinin ikinci dövründə qloballaşmanın artan təhlükələri qarşısında daha da böyük fədakarlıqla milli mənəvi irsimizin qorunmasına xüsusi önəm vermişdir.

Əlizadə Əsgərli "Milli idealda azərbaycançılıq təfəkkürü" mövzusunda çıxış edərək ulu öndər Heydər Əliyevin ideyalarının, onun siyasi fəaliyyətinin çoxşaxəli, dərin məzmunlu olduğunu və həmişə uğur gətirdiyini vurğulamışdır. Ulu öndərin irəli sürdüyü azərbaycançılıq ideologiyası həm də milli mənəvi dəyərlərin, dövlətçilik ideologiyasının qorunmasını ən mühüm şərt kimi önə çəkir.

Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının müdiri Ramil Əliyev, ibtidai və məktəbəqədər təhsilin metodikası kafedrasının müdiri, professor Mircəfər Həsənov da çıxış edərək bildirmişlər ki, ulu öndər Heydər Əliyev bütün həyatı boyu xalqın tarixən formalaşmış yüksək əxlaqi-mənəvi dəyərlərinə, xalqımızın ədəbiyyat tarixində böyük iz buraxmış şairlərin, eləcə də müasir dövrdə yaşayıb yaradan görkəmli ədiblərin yubileylərinin keçirilməsinə hər zaman xüsusi  diqqət göstərmişdir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yeni üzvü olan bir neçə tələbəyə partiya biletləri təqdim olunmuşdur. 

AMİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov