Aprelin 24-də Riqa Texniki Universitetinin rektoru,
professor Leonid Ribiskisin başçılıq etdiyi nümayəndə
heyəti Bakı Dövlət Universitetində (BDU) olmuşdur.
Bakı Dövlət Universiteti mətbuat və informasiya
şöbəsindən AzərTAc-a bildirmişlər ki, BDU-nun elm və
innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə,
tədrisin təşkili və təlim texnologiyaları üzrə
prorektoru, professor İradə Əliyeva, beynəlxalq əlaqələr
və əməkdaşlıq üzrə prorektoru, dosent Şəlalə Məmmədova
və sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə
əlaqələr üzrə prorektoru, professor Sani Hacıyevin
iştirak etdikləri görüşdə müvafiq əməkdaşlıq
müqaviləsinə uyğun olaraq həyata keçirilmiş tədbirlər
barədə fikir mübadiləsi aparılmışdır.
Həmçinin əməkdaşlığın daha da səmərəli olması üçün
tələbə mübadiləsinin, eləcə də birgə layihə və
proqramlarda iştirak etməyin vacibliyi vurğulanmışdır.
Qeyd edək ki, Riqa Texniki Universitetində Fransa,
Almaniya, İtaliya, İspaniya, Hindistan, Çin, ABŞ,
Rusiya, Türkiyə və digər ölkələrdən tələbələr də
oxuyurlar. Universitetin əsas tədqiqat istiqamətlərinə
mühəndislik elmi, informasiya texnologiyaları, üzvi
kimya, memarlıq və mühəndislik iqtisadiyyatı daxildir.
Qonaqlar BDU-nun tədris şəraiti ilə də tanış olmuşlar. |