Aprelin 24-də ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyi ilə əlaqədar Tovuzda bu il hərbi məktəblərə
hazırlaşan 209 şagirdin ümumrayon toplantısı
keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər
Əliyev meydanına gələrək ulu öndərin abidəsi önünə əklil
və tər çiçək dəstələri qoymuş, ümummilli liderin
xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri "N" saylı hərbi hissədə davam etdirmək üçün
şagirdlər 5 kilometrlik məsafəyə yürüş keçirmişlər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq
Zeynalov qeyd etmişdir ki, müstəqil Azərbaycan
Respublikasının maraqlarını hər şeydən uca tutan
ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə
yaratdığı hərbi məktəblər indi dövlət müstəqilliyimizin
möhkəmləndirilməsində, ordu quruculuğunda əvəzsiz rol
oynayır. İndiki nəsillər dahi Heydər Əliyevin
fəaliyyətinin şah əsəri olan müstəqil Azərbaycanda
peşəkar zabit kadrlarının yetişdirilməsində müstəsna
xidmətlər göstərən həmin tədris müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsində Prezident, Ali Baş
Komandan İlham Əliyevin hərtərəfli qayğısını hiss
edirlər.
Natiq son dörd ildə 320 nəfər tovuzlunun ölkənin hərbi
məktəblərinə daxil olduğunu qeyd edərək bildirmişdir ki,
bu il rayon məktəblərinin XI siniflərində təhsil alan
209 şagird hərbi məktəblərə daxil olmağa çalışır. Çünki
mənfur qonşularımızla 69 kilometrlik ərazidə həmsərhəd
olan Tovuz rayonunun gəncləri bilirlər ki, düşmən
tapdağı altındakı torpaqlarımızı azad etmək üçün
dövlətimizin bacarıqlı hərbiçilərə ehtiyacı vardır.
Sonra hərbi hissəyə yürüşdə birinci yerə çıxan Düz
Qırıqlı kənd orta məktəbinin şagirdi Seyfəddin Yüsifov,
ikinci nəticə göstərən Bayramlı kənd orta məktəbinin
şagirdi Elçin Ələkbərov və üçüncü yeri tutan Dondar
Quşçu kənd orta məktəbinin şagirdi Fazil Vəliyev rayon
icra hakimiyyətinin fəxri fərmanları və qiymətli
hədiyyələrlə mükafatlandırılmışlar.
AzərTAc |