Azərbaycan Respublikası müstəqil dövlət kimi bərpa
olmasının artıq 3-cü onilliyinə qədəm qoyur. Bu zaman
kəsiyində Azərbaycan dövləti özünü təsdiq etmiş,
çoxsaylı problemləri dəf edərək dünya dövlətləri
sırasında özünə müvafiq yerini tutmuşdur. Digər
sahələrdə olduğu kimi, təhsil sahəsi də inkişaf
mərhələsi keçmiş və dövlətin yürütdüyü müvafiq təhsil
siyasətinin nəticəsi kimi uğurlu göstəricilərə nail
olmağı bacarmışdır. Məlumdur ki, təhsil sistemi ölkənin
sosial, iqtisadi, siyasi və mədəni səviyyəsi ilə
əlaqədar təşəkkül tapır və inkişaf edir. Sovet dövründə
təhsil sistemimiz beş dəfə yenilənmişdir: 1921-ci,
1958-ci, 1966-cı, 1984-cü, 1988-ci illərdə.
Respublikamızda dövlət müstəqilliyi elan ediləndən sonra
1992-ci ilin dekabrında növbəti dəfə "Təhsil haqqında"
Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bununla
da təhsilimizin inkişafında tamam yeni dövrə qədəm
qoyuldu. Təhsil sisteminin köhnə şablonlardan azad
edilərək yeniləmməsi və yeni ictimai-iqtisadi şəraitin
tələblərinə uyğun şəkildə formalaşdırılmasına başlandı.
O zaman ulu öndər Heydər Əliyev öz nitqlərinin birində
böyük uzaqgörənliklə bildirmişdi: "İqtisadiyyatı güclü
olan dövlət hər şeyə qadirdir".
Doğrudan da, güclü iqtisadiyyata nail olmaq üçün birinci
növbədə insan kapitalına sərmayə yatırmaq lazımdır. Bu,
inkişaf etmiş dövlətlərin sosial siyasətinin təməl
prinsiplərindən birini təşkil edir. "İnsan kapitalı"
termini XX əsrin ortalarında elmi dövriyyəyə gətirilib
və daha çox iqtisadi anlayış kimi işlədilir.
İqtisadiyyat sahəsində Nobel mükafatı laureatları Teodor
Şults və Harri Bekker bu sahədə geniş elmi araşdırmalar
apararaq "insan kapitalı"nın bütün digər kapitalların
fövqündə durduğunu elmi şəkildə əsaslandırmışlar.
Azərbaycan dövləti müasir dövrdə özünün intellektual
resurslarının yetişdirilməsində daha çox maraqlıdır və
insan kapitalının səmərəli təmərküzləşməsi və istifadəsi
üçün müvafiq təhsil siyasətini həyata keçirməyə,
xüsusilə ali təhsil sisteminin inkişafını haqlı olaraq
sürətləndirməyə başlayıb.
Təhsilin, elmi fikrin humanistləşməsi YUNESKO-nun bütün
fəaliyyətinin ana xəttini təşkil edir. Təşkilatın 9
oktyabr 1998-ci ildə qəbul etdiyi "XXI əsr üçün ali
təhsilə dair Ümumdünya Bəyannaməsi: yanaşmalar və əməli
tədbirlər" sənədi bu sahədə işləmələrin çoxdan vüsət
aldığını göstərməkdədir.
Müşahidələr göstərir ki, təhsilin fəlsəfi problemlərinin
araşdırılması sahəsində görünməmiş canlanma mövcuddur.
YUNESKO son 10 ildə müasir təhsilin, xüsusilə də ali
təhsilin idealları, prioritetləri məsələsini dönə-dönə
qabardır. Avropa dövlətlərinin vahid iqtisadiyyata,
valyuta və gömrüyə keçidinin ardınca əmək bazarında
insan kapitalının dövriyyəsində qarşıya çıxan
çətinlikləri dəf etmək üçün vahid Avropa təhsil
məkanının yaradılması, beləliklə də müxtəlif millətlətin
bir yerdə təhsil alması və sosial sektorda bərabər
çalışmağa başlaması təhsildə humanizm prinsiplərinin
inkişafına böyük təkan verdi.
Ali təhsil sisteminin inkişaf etdirilməsi, onun Avropa
təhsil məkanına inteqrasiya yollarının axtarışında olan
Azərbaycan dövləti də 2005-ci ildə "Boloniya
bəyannaməsi"ni imzalayaraq ali təhsil sisteminin Avropa
təhsil sisteminə inteqrasiyası sahəsində mühüm bir addım
atmış oldu və ali təhsilimizi Avropa ölkələrinin təhsil
standartlarına uyğunlaşdırmaq sahəsində üzərinə bir sıra
öhdəliklər götürdü. Bu öhdəliklərdən biri də təhsilin
sosial yönümlülüyünün təmin edilməsi idi.
Prezident İlham Əliyev öz çıxışlarının birində
bildirmişdir: "Bizim iqtisadi uğurlarımız sosial
məsələlərin həllinə də öz təsirini göstərir. Bütün
bunlarla bərabər, humanitar sahəyə böyük diqqət
göstərilməlidir və ilk növbədə təhsilə. Mən buna bir də
qayıtmaq istəyirəm, tam əminəm ki, bizim gələcəyimiz
təhsillə bağlıdır".
Çox keçmədi ki, Azərbaycan Avropa təhsil məkanına
mərhələli şəkildə inteqrasiyanın həyata keçirilməsilə
bağlı mühüm addımlar atmağa başladı.
Ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin Avropa ali
təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər
haqqında" imzaladığı 31 yanvar 2008-ci il tarixli
sərəncam qarşıda duran vəzifələri müəyyən edirdi.
19 iyun 2009-cu ildə Azərbaycan Respublikası Milli
Məclisi yeni Təhsil Qanununu təsdiq etdi. Bu Qanun
vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında
təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində
dövlət siyasətinin əsas prinsiplərini və təhsil
fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən
etdi. Ardınca Prezidentin "2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı"nın qəbul edilməsi haqda
sərəncamı və "Ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə"
fərmanı ölkəmizdə aparılan təhsil islahatlarının
uğurundan xəbər verirdi.
Yuxarıda da qeyd etiyimiz kimi, hazırda Avropada
təhsilin "beynəlmiləlləşməsi" prosesi gedir. Bu, əsasən,
Avropa ölkələrinin inteqrasiyası ilə əlaqədar olub,
təbii xarakter daşıyır. Elə Avropa Şurasının əsas
məqsədi də humanitar sahədə əməkdaşlığın inkişafına
yardım etməkdir. Təbii olaraq, Azərbaycan bu prosesdən
geri qala bilməz, buna görə də mövcud sahədə Avropa
ölkələri ilə əməkdaşlığı hər zaman yüksək səviyyədə
həyata keçirir.
Ümumiyyətlə, təhsilin və tərbiyənin hunanistləşməsi
tendensiyası vətəndaş cəmiyyətinin sosial-mədəni
mühitinin bir tələbi kimi, əsasən ali təhsil sistemində
formalaşır. Şəxsiyyətin azad və hərtərəfli inkişafının,
onun cəmiyyətin ictimai həyatında iştirakının təminatı
məhz bu tendensiya ilə bağlıdır. Pedaqoji fikrin
görkəmli nümayəndələrinin yaradıcı irsini öyrənərkən
humanizm ideyalarına rast gəlmək mümkündür ki, bunun da
öyrənilməsi hazırkı dövrün pedaqoji problemlərində
aktuallıq kəsb edir.
Azərbaycan milli pedaqogikasında humanizm ideyalarının
genezisinə nəzər salanda aydın olur ki, o heç də
yüksələn xətt üzrə getməyib, əksinə, dövrün tələblərinə
uyğun olaraq, mürəkkəb, enişli-yoxuşlu yol qət edib,
bəzən uğurlu, bəzən müvəffəqiyyətsizliklərlə dolu olub:
hər dövrün müəyyən mərhələsində humanizm ideyalarının
gah artma, gah azalması ilə müşayiət olunan müxtəlif
səviyyələri məqbul hesab olunmuşdur. Amma qəbul etmək
lazımdır ki, Azərbaycanın ali təhsil sistemində humanizm
ideyaları, həmçinin açıqfikirlilik, tolerantlıq, mədəni
müxtəliflik, sosial məsuliyyət çar Rusiyası dövründə də,
xüsusilə sovetlər dönəmində xalqlar dostluğu
ideologiyası çərçivəsində davamlı sınaqlardan keçmiş və
bu proses məhz vahid təhsil mühitinin sayəsində tam
formalaşmağı bacarmışdır. Məhz bu amil deməyə əsas verir
ki, Azərbaycan ali təhsil sistemində humanizm və
tolerantlığın tarixi uzunömürlü olduğu qədər möhkəm və
sarsılmazdır. Azərbaycan pedaqogikası tarixində humanizm
ideyalarının genezisinin ayrıca təhlil olunması həmin
tendensiyaların mahiyyətini üzə çıxarmağa, onu müəyyən
qanunauyğunluq halında öyrənməyə imkan verir. Belə bir
aktual problemin araşdırılması üçün də elə bir mənbə
tələb olunur ki, orada problem sırf pedaqoji mövqedən
təhlil olunsun və tarixi ardıcıllığı olan
materiallarla zəngin olsun. Fikrimizcə, bunun üçün ən
optimal vasitə pedaqoji mətbuatdır. Məhz pedaqoji
mətbuatda dövrün aktuallıq kəsb edən məsələlərinə
obyektiv yanaşma mütəxəssis şərhləri əsasında
işıqlandırılmışdır. Etiraf etmək lazımdır ki, kifayət
qədər aktual olan haqqında danışdığımız mövzu təhsil
problemlərinə həsr olunmuş elmi tədqiqatların xaricində
qalmış və araşdırma predmeti olmamışdır. Halbuki
Azərbaycanın müasir təhsil sistemi və onun inkişafı
haqqında danışarkən pedaqoji mətbuatın bu sahədə
oynadığı rolu görməzlikdən gəlmək ədalətsizlik olar.
Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, "İctimai və
humanitar elmlər: zaman kontekstində baxış" sərlövhəli
məqaləsində bu problemə toxunan akademik R.Mehdiyev
haqlı olaraq yazır: "Son beş ildə Azərbaycanda müdafiə
edilmiş dissertasiyalar arasında elələri var ki,
tragikomik təsir bağışlayır. Xüsusilə filologiya
sahəsində hansısa yazıçının "yaradıcılıq yolu"na həsr
olunmuş dissertasiyaları qeyd etmək istərdim. Adları
qədər özləri də bəsit olan bu dissertasiyalar elmi
tədqiqatdan daha çox son dərəcə zəif yazılmış
publisistik yazıları xatırladır. Eyni mənzərə ictimai və
humanitar elmlərin digər sahələrində də müşahidə
olunur". Doğrudan da bəzi elmi tədqiqatların mövzusuna
baxarkən onun aktuallıq kəsb etmədiyi, araşdırılması
tələb olunan mövzuların isə diqqətdən kənarda qalması
təəssüf hissi doğurur.
Boloniya Bəyannaməsinin müvafiq müddəalarını daha
səmərəli həyata keçirmək məqsədilə ölkə Prezidenti
tərəfindən "Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası
ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalanmış
və müvafiq olaraq "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı" təsdiq edilmişdir. Göründüyü kimi,
qarşıya qoyulan məqsəd ölkənin ali təhsil sisteminin
Avropa təhsil məkanına inteqrasiyası proseslərinin
sürətləndirilməsi, ölkə iqtisadiyyatının inkişaf
tələblərinə uyğun yüksək hazırlıqlı kadrlara tələbatının
ödənilməsi və əhaliyə müasir standartlar səviyyəsində
təhsil almaq imkanı yaradan səmərəli ali təhsil
sisteminin formalaşdırılmasıdır.
Pedaqoji mətbuatın əsas əhəmiyyəti ondadır ki, burada
problemə müxtəlif baxışlar, yeni yanaşmalar mövcud olur
və təhsil sahəsində gedən innovativ proseslər haqda onun
mənfi və müsbət cəhətlərini saf-çürük edən mövqelər yer
alır. Həm də pedaqoji publisistikanın mahiyyəti pedaqoji
fikrin bədii-emosional və peşəkar elmi tərzdə ifadə
olması ilə fərqlənir ki, bu da həm ictimai rəyin, həm də
sırf pedaqoji şüurun formalaşmasına öz təsirini
göstərməsindədir.
Pedaqoji mətbuat özünün spesifikliyi ilə fərqlənən
ayrıca publisistik sahə təşkil edərək elmi əhatəliliyinə
və təsir publikasına görə aşağıdakı funksiyaları yerinə
yetirdiyini görmüş oluruq:
a) informativ - pedaqoji mətbuat hər zaman dövrün aktual
problemləri, həlli yollarını, aparılan islahatların
effektini, gələcək perspektivləri və elmi-pedaqoji
əhəmiyyətə malik yenilikləri geniş əhatə edərək oxucu
kütləsinə lazımi məlumatı ötürmə qabiliyyətinə malik
olur.
b) formalaşdırıcı - müasir pedaqoji problemlər üzrə
ictimai rəyi formalaşdıran funksiyanı yerinə yetirir.
c) öyrədici - təlim, tərbiyə, təhsil və psixoloji
inkişaf kateqoriyalarından hər hansı birinin nəzəri və
ya praktiki probleminə yaradıcı yanaşan və həmkarları
üçün yenilik kimi qəbul oluna bilən mütəxəssis baxış
bucağının ideya məhsulu kimi xarakterizə olunur.
d) diaqno-proqnoztik - problemin hazırkı aktual
vəziyyətini təsvir edir və analitik mühakimə yürütməklə
təhsilin sonrakı inkişafını proqnozlaşdırıb problemə
diqqəti cəlb etmək məqsədini özündə ehtiva edir.
e) inteqrallaşdırıcı - mübahisə obyekti olan pedaqoji
problemə ekspertlərin və ya müstəqil mühakimə yürüdən
müəlliflərin bir neçə mövqedən fərdi yanaşma tərzləri və
ya polemikaların aparılması məsələ ətrafında müəyyən
ortaq nəticəyə gəlməni sürətləndirir və s.
Məsələn, "Azərbaycan müəllimi" qəzetinin 1992-ci il
yanvar sayında işıq üzü görmüş "dəyirmi masa"da sovet
dövrünün diqtə etdiyi təhsil sistemində, onun
strukturunda, məzmununda, proqram və dərsliklərdə
təkmilləşdirilmənin tez bir zamanda vacibliyi
ictimaiyyətə çatdırılır.
Sirr deyil ki, müasir dövrümüzdə mövcud olan şərait
təhsilin və təhsil ocaqlarının yeni sosial və mədəni
dəyərlər məxrəcində formalaşmasını tələb edir. Ali
təhsil sosial-mədəni fenomen olaraq insan şəxsiyyətinin
formalaşmasında önəmli faktor rolunu oynayır.
Qloballaşma ilə bilavasitə bağlı olan Boloniya prosesi
təhsil kontekstində milli mədəniyyət, əxlaq və etik
dəyərlərə güclü təsir göstərəcəyi şübhəsizdir.
Azərbaycanın elm və təhsil məkanında keyfiyyətcə yeni,
zamanın tələbinə uyğun elmi innovasiya və idarəçilik
siyasətinin həyata keçirilməsi də çox vacibdir. Məhz
bunun üçün Azərbaycan ali təhsil sisteminin Avropa
təhsil məkanına inteqrasiya üzrə fəaliyyət istiqamətləri
üzərində işləyərkən təhsildə milli xüsusiyyətlərin
saxlanılması şərtilə, bu sahədə lider olan güclü
dövlətlərin elmi innovasiyalarının operativ şəkildə
tətbiqi zamanı məhz pedaqoji mətbuatın rolundan
yararlanmağı məqsədəuyğun hesab edirik.
Ali təhsilin inkişafının və modernləşməsinin mühüm
istiqamətlərindən biri kimi, bu sahədə ölkənin pedaqoji
fikrinin və təcrübəsinin öyrənilməsi və onun ali təhsil
sistemində müasir tolerant düşüncənin formalaşması
prosesində qarşıya çıxacaq çətinliklər zamanı tətbiqinə
cəhdlər edilməsi məqsədəuyğundur. Pedaqoji mətbuat
təhsildə milli xüsusiyyətləri saxlamaqla innovasiyaların
geniş şəkildə tətbiq olunmasına imkan verən
sosial-mədəni tribunadır. Orada səslənən tənqidi
fikirlərə etinasız yanaşmamaq, qaldırılan aktual
məsələlərə biganə qalmamaqla ali təhsil sistemimizdə baş
verən nöqsanların aradan qaldırılmasında elm
ictimaiyyəti ilə əməkdaşlıq kimi vacib məqamı nəzərdən
qaçırmamaq istənilən pedaqoji problemin həlli
istiqamətində irəliyə doğru daha bir addım atmaq
deməkdir.
Nurlan MƏMMƏDOV,
Bakı Slavyan Universitetinin doktorantı |