Maraqlı,
məzmunlu kitab bir mənəvi yoldur, yerindən tərpənmədən
səni çox-çox uzaqlara apara bilir. Açıb qiraətə
başlayanda sanki ilk qədəmlərini atırsan. İrəlilədikcə
gördüklərin-duyduqların tədricən diqqətini özünə çəkir.
Hiss eləmədən analitik düşüncələrini yeyinləşdirirsən.
Nəhayət, niyyətində tutduğun ünvana yetişirsən və
nəticədə xoş ovqat yaşayırsan, öyrənirsən, bilik,
dünyagörüşü qazanırsan. Zəmanəmizin nüfuzlu
ziyalılarından biri, əməkdar incəsənət xadimi, akademik
Yusif Məmmədəliyev adına mükafatın laureatı, "Şöhrət"
ordenli ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri
doktoru, görkəmli kulturoloq alim, professor Timuçin
Əfəndiyevin yenicə nəşr olunmuş "Mədəniyyət və
İncəsənətimizin məbədgahı" kitabını oxumaq belə bir yolu
getməyə bərabərdir.
Əsər mənə doğma olan Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin 90 illiyinə həsr edilib. Artıq
altı ildir, orada muğam sənəti kafedrasında pedaqoq kimi
fəaliyyət göstərirəm. Bu qocaman ali məktəbin
quruluşuna, insanlarına, iş prinsipinə az-çox bələdəm.
Amma onun tarixi, tərəqqisi ilə bağlı vərəqləri
çevirdikcə, qarşımda bilmədiklərimin bildiklərimi sayca
üstələdiyi onlarca qiymətli məlumatla rastlaşdım.
Gözlərim qarşısında unudulmaz məqamlarla zəngin bir
mənəviyyat dünyası canlandı...
Kitabın ilk məqaləsində ADMİU-nun keçdiyi şərəfli
inkişaf yolu xronoloji ardıcıllıqla verilir. Adi teatr
məktəbindən beynəlxalq aləmdə yaxşı tanınan bir
universitetə çevrilməsinin, daha doğrusu, çevrilə
bilməsinin əsas səbəbi kimi orada böyük sənətkarların
dərs deməsi, qismətinə uğurlu rəhbər silsiləsinin
çıxması göstərilir.
Müəllif qeyd edir ki, 1968-ci ildə Azərbaycan Dövlət
İncəsənət İnstitutu adını alan tədris müəssisəsində ulu
öndərimiz Heydər Əliyevin respublika hakimiyyətinə ilk
gəlişindən sonra işlər nəzərəçarpacaq dərəcədə
sürətləndi. Yeni dərslik və dərs vəsaitləri, daha
mükəmməl proqramlar hazırlandı, teatr yaradıcılığında
öndə gedən aktyorlar müəllim kimi instituta cəlb edildi.
Köhnə kadrlar səviyyələrini artırmaq, təkmilləşmək üçün
Sovet İttifaqındakı qabaqcıl ali təhsil ocaqlarında
ixtisasları üzrə kurs keçdilər, təcrübədə oldular. Öz
peşəsinin öhdəsindən bacarıqla gələnlər dövlət
tərəfindən müxtəlif titullara, mükafatlara layiq
görülərək ruhlandırıldılar. Yaradıcılıqlarını inkişaf
etdirmək üçün tələbələrə münbit şərait yaradılırdı.
Vaxtaşırı müsabiqələrə göndərilirdilər, diplomlarla,
hədiyyələrlə geri qayıdırdılar. Sərhədlərimizdən kənarda
mədəniyyətimizin, incəsənətimizin təbliğatını
aparırdılar. Ümummilli liderin müdrik və uzaqgörən
siyasəti Azərbaycanın hər yerində olduğu kimi bu
institutda da öz əksini tapdı.
ADMİU-da əsl oyanış isə ötən əsrin səksəninci illərinin
ikinci yarısından başlayıb. Kitabda bu göstərilir, o
vaxt görülən işlərin məzmunu yetərincə geniş açıqlanır,
amma inkişafdakı sıçrayışın həlledici səbəbi xüsusi
olaraq vurğulanmır. Müəllif yazır: l1987-ci ildən
etibarən İncəsənət İnstitutunda köklü dəyişikliklər baş
verdi. Belə ki, əgər həmin dövrə qədər burada cəmi 2
dekanlıq, 6 kafedra fəaliyyət göstərirdisə, 9 ixtisasda
mütəxəssis hazırlanırdısa, sonradan ixtisasların,
fakültə və kafedraların sayı artmağa başladı. 1987-ci
ildə İncəsənət İnstitutunda bir elmlər doktoru, 6 elmlər
namizədi işləyirdisə, 90-cı illərdə burada çalışan
elmlər doktorlarının, professorların, elmlər
namizədlərinin sayı 100-ü ötüb keçdi». Sual oluna bilər:
1987-ci ildə nə baş vermişdi? Başqa sözlə, bütün bu
uğurların arxasında hansı qüvvə, konkret olaraq kim
dayanırdı? Əsərdə əvvəlki illərdə institutda rəhbər
kimi çalışmış görkəmli şəxsiyyətlərin hamısı haqqında
ətraflı məlumat verilməsinə baxmayaraq, 1987-ci ildə
təyin olunan rektorun adı-soyadı qeyd edilmir. Bu,
əlbəttə ki, diqqətsizlik deyil. Heç bir yazı
priyomunada, oxucunu təəccübləndirmək, intizarda
saxlamaq cəhdinə də oxşamır. Sadəcə müəllif
təvazökarlığıdı, öz fəaliyyətini vətən qarşısında adi
vəzifə borcu kimi qiymətləndirməkdi.
Mənəviyyatımız üçün olduqca böyük əhəmiyyət kəsb edən bu
ali təhsil ocağının rəhbərliyinə Timuçin Əfəndiyev
kənardan gətirilməmişdi. Artıq 10 il idi ki, burada
işləyirdi. Pedaqoq kimi çalışmasına baş müəllimliklə
başlamış, çox keçmədən dosent, daha sonra fakültə dekanı
olmuşdu. Mövcud çatışmazlıqlara dərindən bələd idi.
Dünyadakı eyni yönlü nümunəvi ali məktəblərdən xəbəri
vardı və onlar kimi yüksək səviyyəli tədris müəssisəsi
yaratmaqdan ötrü işləri necə qruplaşdırmaq, hansı
islahatları aparmaq lazım olduğunu yaxşı bilirdi.
Atılan doğru addımlar tezliklə öz bəhrəsini verdi.
Xüsusən nəzəri və praktik sahələri əhatə edən yeni
ixtisaslar şəbəkəsinin qurulması yaradıcılığa meyli
gücləndirdi. Aspirantura şöbəsinin açılması, Müdafiə
Şurasının təşkili, müasir tipli kitabxananın yaradılması
kimi texniki irəliləyişləri professor-müəllim heyətinin
elmi tədqiqatları tamamladı.
İşlər tarıma çəkildikcə, əhatə genişləndikcə, milli
metodik vasitələrə ehtiyac günü-gündən artırdı.
Rəhbərliyin tövsiyəsi ilə bu çətinlik elə institutdaca
dəf edildi. Çox çəkmədi, orada işləyən təcrübəli
müəllimlər tərəfindən demək olar ki, əksər ixtisaslar
üzrə sanballı dərsliklər, tutarlı monoqrafiyalar
yazıldı.
Müəllif kitabda bəyan etməsə belə, reallıq göstərir ki,
həmin alimlər sırasında ən məhsuldarı məhz özü olub.
Təşkilati məsələlər vaxtının, enerjisinin çox hissəsini
əlindən alsa da, o, heç zaman yaradıcılıqdan qalmayıb.
Mədəniyyətlə, incəsənətlə bağlı neçə-neçə əsəri işıq üzü
görüb, tələbələrin, aspirantların, gənc mütəxəssislərin
stolüstü öyrəncinə dönüb, bu sahələrə xüsusi marağı olan
insanların ixtiyarına verilib. "Rus dramaturgiyası və
Azərbaycan teatrı", "Hüseyn Cavidin ideyalar aləmi",
"Cəfər Cabbarlı və romantik dramlar", "Romantik
dramaturgiyada tarixilik və bədiilik", "Azərbaycanın
teatr tarixi", "Azərbaycanın kino tarixi oçerkləri",
"Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz",
"Mədəniyyətimizdə tarixilik və müasirlik", həmçinin
hazırda məziyyətlərindən bəhs etdiyimiz "Mədəniyyət və
İncəsənətimizin məbədgahi" kitabları ilə professor
Timuçin Əfəndiyev cismən və ruhən bağlandığı bu ali
təhsil ocağında həm də bir alim kimi fədakarlıq
göstərmişdir. 1987-ci il, yəqin əksəriyyət təsdiq edər
ki, əslində respublikamızda hər hansı vəzifəyə gəlmək
üçün münasib dövr deyildi. Sovetlər Birliyinin süqutu
getdikcə şiddətlənirdi və bu eniş mədəniyyətə,
incəsənətə də mənfi təsir göstərirdi. Amma Timuçin
müəllim rəhbəri olduğu ali təhsil ocağını dörd bir
yandan əsən bəd küləklərdən qorumağı bacardı. Kənardan
heç bir kömək ummadan daxili imkanlar hesabına, yüksək
nizam-intizam sayəsində işi düzgün qura bildi. Bunun
gerçək nəticəsi, bariz təzahürü kimi, institut BDU-dan
sonra ikinci olaraq 1991-ci ildə universitet statusu
qazandı.
Həmin illərdə daha irimiqyaslı hadisələr də baş verdi.
Azərbaycan müstəqillik əldə etdi, ardınca xalqımızın
xilaskarı Heydər Əliyevin respublika rəhbərliyinə Böyük
Qayıdışı - ikinci gəlişi baş verdi. Ümummilli lider tez
bir zamanda cəmiyyətimizi iqtisadi-siyasi böhrandan
qurtardı. Onun zəkasının sönməz işığı az bir vaxtda
yurdumuzdakı bütün dəyərləri dünyaya göstərdi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
də görünənlər cərgəsində idi.
Bu təhsil ocağı sovet dönəmində başqa müttəfiq
respublikalar üçün yüzlərlə kadr hazırlamışdı. Rusiyada,
Orta Asiyada, Pribaltikada neçə-neçə yetirməsi sonralar
öz milli mədəniyyət və incəsənətlərinin inkişafında
görkəmli simaya çevrildi. Həmin vaxt institutda sözsüz
ki, bütün işlər çərçivə daxilində həyata keçirilirdi.
Hər yerdə, o, cümlədən burada mərkəzdən asılılıq hökm
sürürdü.
Müstəqillik ölkəmizdə fəaliyyət göstərən bütün ali
məktəblər kimi onun da məramını dəyişdi, öz
göstəriciləri ilə beynəlxalq aləmə birbaşa çıxışı üçün
optimal şərait yaratdı. Hazırda ADMİU dünyanın bir çox
universitetləri ilə möhkəm dostluq münasibəti yaradıb,
işgüzar əlaqələr qurub. Onlarla mədəniyyət, elm və
təhsil sahəsində müntəzəm surətdə təcrübə mübadiləsi
aparır. Avropa İncəsənət Universitetləri liqasının
tamhüquqlu üzvüdür. Diplomu beynəlxalq sertifikata
malikdir. Dünyada yüksək keyfiyyətli tədris müəssisəsi
kimi tanınır, təsadüfi deyil ki, İngiltərənin Kembric
Universitetinin Beynəlxalq Biblioqrafik mərkəzi uzun
illərdir ADMİU-ya rəhbərlik edən professor Timuçin
Əfəndiyevi "2005-ci il dünyanın aparıcı pedaqoqu"
nominasiyasına layiq görmüşdür.
"Mədəniyyət və İncəsənətimizin məbədgahı" kitabını
oxuyarkən universitetdə görülmüş və görülən işlərin
möhtəşəm mənzərəsi ilə qarşılaşırıq. Müəllif zəngin
faktlara əsaslanaraq Azərbaycanda peşəkar teatr
təhsilinin yaranmasından, onun inkişaf
mərhələlərindən, peşəkar kadr hazırladığından
söhbət açır, ekran sənətlərinin tədrisindən,
rəssamlıqdan, kulturologiya elmindən bəhs edir.
Əsərin musiqi təhsilinə həsr edilmiş fəslində bu ecaskar
sənət növünün keçdiyi keşməkeşli yola nəzər salınır,
janrlar haqqında geniş məlumat verilir, inkişaf boyunca
müəyyən ardıcıllıqla ayrı-ayrı sənətkarların
yaradıcılığına münasibət bildirilir. Fərəhli haldır ki,
onların əksəriyyəti bu məbədgahın öz yetirməsidir.
Universitetdə baş verən dəyişiklikləri diqqətlə
izləyəndə, bir məsələ istər-istəməz diqqət çəkir. Həyata
keçirilən ideya hər zaman mütləq dövlət proqramına,
milli mənafeyə və beynəlxalq arenadakı tələbata
köklənir. Bu dəsti-xətt hesabına da edilən bütün cəhdlər
yerinə, məqamına düşür. Daha yaxşı tanıdığım, hazırda
çalışdığım musiqi sənəti fakultəsində görülən işləri
buna misal göstərə bilərəm. Ölkəmizdə son iki onillikdə
dövlət səviyyəsində qayğı, bu istiqamətdə göstərilən
sistematik şəkildə irəli sürülən və müvəffəqiyyətlə
yerinə yetirilən layihələr, Milli Məclisin deputatı,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
səyi ilə keçirilən tədbirlər muğam sənətini zirvələrə
qaldırıb. Mütəmadi surətdə təşkil olunan müsabiqələr,
beynəlxalq festivallar Azərbaycanı muğam mərkəzinə
çevirmişdir. Universitetimiz də onun qaynar
nöqtələrindən biridir. Burada xanəndəliyin sirləri, bu
qayım-qədim sənətin incəlikləri, elmi əsası öyrənilir.
Universitet rəhbərliyinin qarşıya qoyduğu vəzifəni daim
axtarışda olmadan yerinə yetirmək mümkün deyil. Burada
əhvali-ruhiyyə elədir ki, özündən razı olsan, təhsilə
elmlə vəhdətdə yanaşmasan, çox çəkməz, tələbələrə,
işlədiyin kollektiv üzvlərinə bəsit görünərsən. Gərək
işinə yaradıcı yanaşasan... Professor Timuçin
Əfəndiyevin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 90 illik yubileyinə həsr edilmiş
"Mədəniyyət və İncəsənətimizin məbədgahı" kitabında
adları, fəaliyyətləri hörmətlə xatırlanan
sənətkar-pedaqoqlar kimi...
Ruzə İBİŞOVA,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin dissertantı,
muğam sənəti kafedrasının müəllimi, xanəndə,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü |