Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumatda
bildirilir ki, paytaxt məktəblərində "Narkotiksiz həyat
- fiziki və mənəvi kamillik" devizi altında aylıq
keçirilir.
Aylığın əsas məqsədi məktəblilərin asudə vaxtlarının
səmərəli təşkili, mənəvi saflığının, sağlam həyat
tərzinin təmin olunması, onların zərərli vərdişlərdən
uzaqlaşdırılması, habelə şagirdlər arasında hüquq
pozuntuları və cinayətkarlıq, sərxoşluq və siqaretçəkmə
hallarını doğuran səbəblərin müəyyənləşdirilib aradan
qaldırılması, narkomaniya və narkotik vasitələrin
qanunsuz dövriyyəsinin qarşısının vaxtında alınmasıdır.
Digər məqsəd isə məktəblilərin zərərli vərdişlər və
onların törətdiyi acınacaqlı fəsadlar haqqında
maarifləndirilməsi, belə hallara qarşı kütləviliyin
artırılması, uşaq, yeniyetmə və gənclərdə sağlam
təfəkkürün formalaşdırılmasıdır. Mart ayından
başlanılan bu aylıq BŞTİ-yə daxil olan təhsil
müəssisələrini əhatə edir. Bu məqsədlə məktəblərdə
mütəxəssislərin iştirakı ilə konfrans, seminar, "dəyirmi
masa"lar və digər tədbirlər keçirilir. Həmçinin
məktəblilər arasında mövzu ilə əlaqədar "Ən yaxşı
referat", "Ən yaxşı plakat" və "Ən yaxşı səhnəcik"
müsabiqələri və sərgiləri təşkil edilir.
Şərtlərə uyğun olaraq paytaxtın hər rayonu üzrə 1 təhsil
müəssisəsində "Narkotiksiz həyat - fiziki və mənəvi
kamillik" aylığı ilə əlaqədar yekun tədbir keçirilir.
Rayon üzrə yekun tədbirdə fəal iştirak edən təhsil
işçiləri, məktəblilər, elan olunan müsabiqələrin
qalibləri mükafatlandırılırlar.
Şakir CƏFƏROV |