Aprelin 15-də Azərbaycan Müəllimlər İnstitutunda dahi
bəstəkar Fikrət Əmirovun 90 illik yubileyi ilə əlaqədar
"Biz səni ararıq" mövzusunda "dəyirmi masa" keçirildi.
İnstitutun rektoru, Milli Məclisin deputatı, professor
Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq dahi
bəstəkarın Azərbaycan mədəniyyətində böyük iz
buraxdığını qeyd etdi. Rektor Prezident cənab İlham
Əliyevin sərəncamı ilə musiqi və bəstəkarlıq sahəsi üzrə
bir çox yeniliklərin, eləcə də yeni simfonik muğam
janrının əsasını qoymuş Fikrət Əmirovun 90 illik
yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunduğunu
bildirdi.
Tədbirdə Milli Konservatoriyanın nəzdində İncəsənət
Gimnaziyasının müəllimi, kulturologiya üzrə fəlsəfə
doktoru Hicran Sadıqzadə böyük bəstəkarın həyat və
yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edərək
Fikrət Əmirovun XX əsr Azərbaycan musiqisinin aparıcı
simalarından biri olduğunu vurğuladı. Onun simfonik
muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur
dirijorlarının idarəsi ilə ifa olunub. Bəstəkarın
yaratdığı yeni, simfonik muğam janrı "Şur", "Kürd
Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli
əsərlərdir.
İnstitutun Təhsildə İnnovasiya kabinetinin müdiri
Dilguşə Süleymanova "Min bir gecə" və "Nəsimi" kimi
baletlərin müəllifi olan F.Əmirovun həm də rəhbər
vəzifələrdə də çalışdığını qeyd etdi. F.Əmirov
C.Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası ilə
Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını
qoyub.
İnstitutun pedaqoji fakültəsinin I kurs tələbəsi Asiman
Xəlillinin dahi bəstəkarın "Kor ərəbin mahnısı" və "Mən
səni araram" əsərlərini canlı ifa etməsi böyük maraqla
qarşılandı. Sonra tələbələri maraqlandıran suallar
cavablandırıldı, onların fikirləri dinlənildi.
Tədbirin sonunda isə Fikrət Əmirovun həyat və
yaradıcılığından bəhs edən film nümayiş olundu.
AMİ-nin Mətbuat xidməti |