Bakıdakı
18 nömrəli peşə liseyinin Resurs Mərkəzində "Elektrik
alətlərindən istifadə" təlimi adlı tədbir keçirilib.
Tədbiri Almaniyanın BOSCH şirkətinin Rusiyadakı
təlimçisi Vadim Petroviç Dorofeyev açaraq öncə şirkət
haqqında qısa məlumat verərək qeyd edib ki, 1886-cı ildə
Ştutqartda "Dəqiq mexanika və elektrotexnika
emalatxanası" adı ilə əsası qoyulan şirkət hazırda
istehsal, satış və texniki xidmət sahəsində ən böyük
konsernlərdən biridir. Şirkətin təxminən 350 filialı və
140-dan çox ölkədə 12 mindən artıq xidmət mərkəzi
vardır. Sevindirici haldır ki, Azərbaycanda BOSCH
şirkətinin ilk təlimi bu peşə liseyində aparılır.
Təlimdə iştirak edənlər elektrik avadanlıqları, məişət
texnikaları, qızdırıcı ötürücülər, mühafizə xidməti
avadanlıqları, sənayedə qablaşdırıcı avadanlıqlar,
hərəkət və ötürücü alətlərdən istifadə qaydaları və s.
haqqında məlumatlandırılıblar.
Sonra isə tədbir iştirakçıları slaydlarla nümayiş
olunan texnika ilə daha yaxından tanış olublar. Təlimin
keçirilməsində əsas məqsəd elmin, texnikanın sürətlə
inkişaf etdiyi bir dövrdə istehsal müəssisələrini
mütəxəssislərlə təmin edəcək təhsil ocaqlarında müasir
elektrik avadanlıqlarının istifadə qaydalarının
öyrədilməsidir. İlk dəfə olaraq sertifikatlar
Azərbaycanda 18 nömrəli peşə liseyinin 8 nəfər müəllimi
- Rəsmiyyə Allahverdiyeva, Zahid Şahbazov, Balakişi
Balakişiyev, Hafizə Tağıyeva, Kamran Mikayılov, Namiq
Salayev, Vaqif Qasımov, Miri Əhmədov və BOSCH-un rəsmi
satış nümayəndələrinə təqdim olunub. Təlimçilərə test
tapşırığı verilib, ən yaxşı təlimçi müəllim BOSCH
şirkəti tərəfindən mükafatlandırılıb. Liseyin Resurs
Mərkəzinə 49 adda elektrik alətləri və əyani vəsaitlər
təqdim olunub.
Liseyin
direktor müavini Rəsmiyyə Allahverdiyeva bildirdi ki,
belə bir innovativ təlim tədbirinin keçirilməsi üçün
peşə liseyinin seçilməsi heç də təsadüfi deyil. İstər
onun bu gün sahib olduğu mövcud maddi-texniki baza,
istər təlimin yeni dünya standartlarına
uyğunlaşdırılması, istərsə də kollektivdə yeni pedaqoji
təfəkkürün formalaşması imkan verir ki, qarşıya qoyulan
məqsədlər bu təhsil ocağında həyata keçirilsin.
Qeyd edilib ki, hazırda liseydə ilk peşə ixtisası
pilləsinin ixtisas klassifikatorunda öz əksini tapmış
Təhsil Nazirliyinin qəbul planına uyğun qaydada
iqtisadiyyatın 6 istiqaməti - inşaat, kompüter
texnikası, mühasibatlıq, avtomobil təmiri, ictimai iaşə
və ticarət sahələri üzrə kadr hazırlığı aparılır.
Liseydə 500-dən artıq tələbə təhsil alır. Həm tələbələr,
həm də əməkdaşlar üçün daxili intizam qaydaları,
liseydaxili nəzarət qrafiki, buna uyğun illik və aylıq
planlar, təhsil alanların vəzifələri təsdiq olunub.
Qarşılıqlı münasibətlərin tənzimlənməsi məqsədilə
"Müəllim-təhsilalan", "Müəllim-müəllim",
"Müəllim-valideyn" münasibətlərinin əsas konseptual
prinsipləri hazırlanaraq xidməti istifadəyə verilib.
Metodiki işlərin təşkili zamanı pedaqoji məruzələr,
tematik iclaslar, yaradıcı işlərə baxış, qabaqcıl
müəllimlərin hesabatlarının dinlənilməsi, metodik
həftələrin keçirilməsi, psixoloji seminar və
treninqlərin təşkili mühüm əhəmiyyət kəsb edir. Tələbə
özünüidarə və ümumi idarəetmədə aktiv iştirak
komponentləri əsas götürülərək liseydə Tələbə
Parlamenti yaradılmış və Pedaqoji Şurada müzakirələrdən
sonra parlamentin əsasnaməsi təsdiq edilmişdir.
Parlamentin sədri, müavin, üzvləri bütün tələbələrin
iştirak etdikləri ümumi yığıncaqda səsvermə yolu ilə
seçilir. Parlamentin yaradılmasında əsas məqsəd tədris
müəssisəsinin idarə olunmasında daha demokratik
modellərin tətbiqi, qərar qəbul etmə prosesində
təhsilalanların bilavasitə iştirakı, tələbələrin ictimai
fəaliyyətinin dəyərincə genişləndirilməsi, onların bu
proseslərdə aktiv fəaliyyətinin təmin olunması, tərbiyə
konsepsiyasının reallaşdırılmasında gənclərin rolunun
artırılmasıdır. Tədbirdə bildirilib ki, təhsilalanların
təlim-tərbiyəsinin faydalılığını daha da artırmaq,
onların təhsilə maraqlarını stimullaşdırmaq, ailə ilə
lisey arasında səmərəli əlaqələr-ünsiyyət qurmaq
məqsədilə müəllim-valideyn birliyinin əsasnaməsi
yaradılmışdır. Artıq bu gün liseydə "nəyi öyrədirik",
"necə öyrədirik", "necə qiymətləndiririk" və "kim
öyrədir" kimi sualların cavablandırılması ilə əsas
məqsədlərə çatmaq niyyəti birmənalı şəkildə bəyan
edilmiş, fəaliyyət məhz elə bunların əsas hədəf kimi
götürülməsi istiqamətində qurulmuşdur. Əgər əvvəllər
təhsilalanın biliyinə formal şəkildə qiymət yazılırdısa,
artıq müasir mərhələdə yeni qiymətləndirmə modeli üzrə
həmin tələb köklü şəkildə dəyişdirilmişdir. Tədris ili
ərzində "açıq dərs"lər metodiki komissiyaların illik
planına uyğun olaraq aparılır. Hər "açıq dərs" müvafiq
metodiki komissiyada geniş müzakirə olunur. Qeyd
edilməlidir ki, ilk peşə-ixtisas təhsili sistemində
təhsilalanların aşağı səviyyəsi stereotipinin aradan
qaldırılması məhz elə tərbiyə konsepsiyasının lazımi
səviyyədə reallaşdırılması ilə bilavasitə bağlıdır.
Burada hərbi vətənpərvərlik, fiziki tərbiyə, psixoloji
xidmət strukturlarının müasir tələblər səviyyəsində
fəaliyyəti, valideynlərlə əlaqəli işin aparılması,
yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili kimi
aspektlər xüsusi önəm kəsb edir. Müəllim-tələbə
münasibətlərinin düzgün tənzimlənməsi üzrə liseydə
hazırlanmış tövsiyələr daim diqqət mərkəzində
saxlanılır. 30 nəfər üzvü olan müəllim-valideyn
birliyinin fəaliyyəti müsbət effekt verir. Valideynlərin
fikirləri öyrənilir, onlar "açıq dərs"lərə dəvət
edilirlər.
Liseydə təhsil alan yeniyetmələr ulu öndər Heydər
Əliyevin, ölkə Prezidenti İlham Əliyevin, Heydər Əliyev
Fondunun çoxşaxəli fəaliyyətinə, Milli Qəhrəman Mübariz
İbrahimov, eləcə də şəhidlərin əziz xatirəsinə həsr
olunmuş guşələrlə bəhrələnirlər. Gənc nəslin milli ruhda
tərbiyələnməsi məqsədilə narkomaniyaya qarşı mübarizə,
gənclər siyasətinə, dövlət atributlarına, ali qanun-
Konstitusiyaya, hüquq və vəzifələrə aid çoxsaylı
stendlər liseyin dəhlizində yerləşdirilib. Xocalı
soyqırımı qanlı hadisələrini özündə əks etdirən
soyqırımı qurbanlarının anma guşəsi yaradılmış, guşə
qarşısında tələbələrin "Xocalı soyqırımı- ana fəryadı"
mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiya
nümayiş olunmuşdur. Tədbirlərin təşkilində İctimai
Birliyin rəhbərliyi də yaxından iştirak edir. Müxtəlif
səviyyəli idman yarışlarında tələbələr liseyi layiqincə
təmsil ediblər. Ötən dərs ilində liseyin tələbələri
idmanın voleybol növü üzrə keçirilmiş 2 yarışda, güləş
növü üzrə peşə məktəbləri və liseyləri tələbələrinin
arasında keçirilən Bakı birinciliyində və stolüstü
tennis yarışlarında uğurla çıxış edib. Liseyin 3
tələbəsi güləş yarışlarında I və III yerlərə layiq
görülüb. Tələbələr arasında asudə vaxtın səmərəli
təşkili işinə ən önəm verən hal lisey üzrə yaradılmış
özfəaliyyət dərnəyinin təşkili ilə birbaşa bağlıdır.
Belə ki, 20 tələbənin mütəmadi qaydada iştirak etdiyi
həmin dərnəyin üzvləri ulu öndər Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümü münasibətilə ilk peşə-ixtisas
təhsili müəssisələrinin tələbələri arasında ifa, xalq
çalğı alətləri və şeir üzrə II respublika müsabiqəsində
fəal iştirakı ilə seçilmiş, müsabiqənin şəhər turunda
liseyin tələbəsi G.Novruzova şeir nominasiyası üzrə I
yerə, C.Kürçaylı isə xalq çalğı alətlərində ifa
nominasiyası üzrə həvəsləndirici IV yerə layiq
görülmüşdür.
Vurğulandı ki, liseydə 43 nəfər valideyn himayəsindən
məhrum olmuş yeniyetmə də təhsilə cəlb olunub. Onlarla
aparılan iş "İnsan hüquqları klinikası"nın fəaliyyəti
ilə əlaqələndirilir. Klinikanın mütəxəssisləri mütəmadi
olaraq liseyə dəvət olunur, həmin tələbələrlə treninqlər
keçirilir. Hər tədris ilinin başlanğıcında bu tələbələr
müvafiq dərs vəsaitləri, zəruri geyim əşyaları, onların
bir hissəsi yataqxana ilə təmin olunurlar.
Liseyin ən əhəmiyyətli göstəricilərindən biri
davamiyyətin monitorinqi ilə bağlıdır. Davamiyyətin
monitorinqi İKT-nin tətbiqi ilə iki kompüter proqramı
çərçivəsində aparılır, məlumatlar liseyin İnternet
saytında yerləşdirilir. Bütün hallarda yeni
mexanizmlərin həyata keçirilməsindən əvvəl xüsusi
treninqlərin təşkili, öyrədənlərin öyrədilməsi
sisteminin tətbiqinə xüsusi diqqət yetirilir. Təkcə bir
faktı qeyd etmək kifayətdir ki, son il yarım ərzində
müxtəlif təhsil mütəxəssislərinin, o cümlədən də xarici
ekspertlərin dəvət olunması ilə 27 müəllim və 15
istehsalat təlimi ustası üçün 50-ə yaxın treninq və
öyrədici seminar-kurslar təşkil edilib. Həmin müddət
ərzində lisey əməkdaşlarından 1 nəfər Yaponiyada, 2
nəfər Türkiyədə, 1 nəfər Almaniyada təlim səfərlərində
olmuş, qabaqcıl təcrübəni mənimsəmişlər.
Liseydə müvafiq proqramlarla təchiz olunmuş 2 kompüter
sinfi, (hər birində 20 kompüter dəsti olmaqla), 1 tədris
mərkəzi açılmış, fizika və kimya
kabineti-laboratoriyalar quraşdırılmış, tam funksiyalı
31 ümumtəhsil və ixtisas fənn kabinetləri,
laboratoriyaları yaradılmışdır. Konfrans zalı tikilərək
ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Nəzəri
biliklərin öyrədilməsi məqsədilə xeyli sayda yeni dəzgah
və cihazlar, eləcə də yanğından mühafizə avadanlıqları
alınmışdır. Tədris emalatxanası dəzgahlarla təchiz
olunmuşdur.
Sifai SƏFƏROVA |