Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

Böyük Britaniyada İngilis Dili Müəllimlərinin Beynəlxalq Assosiasiyasının növbəti konfransı

 

7-14 aprel 2013-cü il tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində İngilis Dili Müəllimlərinin Beynəlxalq Assosiasiyasının (IATEFL) "IATEFL - 2013" konfransı keçirilib.

Britaniya Şurasının dəstəyi ilə keçirilən konfransda bu təşkilatın ingilis dili və imtahanlar şöbəsinin direktoru Mark Robson, Avropa regionu üzrə ingilis dili proqramlarının direktoru Eylid Hamilton, marketinq və ictimaiyyətlə əlaqə üzrə direktoru Kleyr Sirs, ingilis dili proqramlarının meneceri Maja Mandekic iştirak ediblər.

Konfransda ölkəmizi Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov təmsil edib. Konfransa 100 ölkədən 2500-dən artıq nümayəndə qatılıb, 70 min nəfər isə tədbiri online izləyib. Konfrans çərçivəsində 500 təqdimat və sessiya keçirilib.

Xatırladaq ki, IATEFL 1967-ci ildə Böyük Britaniyada xeyriyyə təşkilatı kimi yaradılıb.  4 mindən artıq üzvü olan təşkilatın əsas məqsədi bütün dünyada ingilis dilinin tədrisinə və ingilis dili müəllimlərinin inkişafına dəstək verməkdir. Təşkilatın konfransı hər il keçirilir. 100-dən çox ölkənin ingilis dili müəllimləri assosiasiyaları, o cümlədən AzETA da IATEFL təşkilatının üzvüdür.

Konfransı IATEFL təşkilatının prezidenti Erik Baber açıb. İlk plenar iclasda linqvistika üzrə mütəxəssis David Kristalın təqdimatı dinlənilib. Sonra ingilis dilində düzgün və sürətli danışıq bacarıqlarının  inkisafı üçün praktik təkliflər; oxu və dinləmə öyrənmə məqsədləri kimi; şagirdlərin motivasiyasının inkişaf etdirilməsi; birgə əməkdaşlığın inkişafı; ingilis dili vasitəsilə şagirdlərin İnternet təhlükəsizliyi barədə biliklərinin artırılması; dərsliklərin videoillüstrasiyalar vasitəsilə zənginləşdirilməsi; tələffüzün inkişafı; peşəkar inkişaf üçün tapşırıqlar; elektron resurslardan istifadə; sərbəst öyrənmə; dilin tədrisində musiqinin rolu; ingilis dilinin tədrisində keyfiyyətin təminatı; mobil ingilis dilinin öyrənilməsi üçün materialların hazırlanması; ingilis dilinin öyrənilməsində autentik materialların rolu; tapşırıq əsaslı öyrənmədə  yeni yanaşmalar; akademik təqdimat, yazı bacarıqlarının inkişaf etdirilməsi və s. kimi  məsələlər üzrə müzakirələr aparılıb.

İkinci plenar iclasda müəllim motivasiyasının inkişafı; ilkin müəllim hazırlığı; xarici dil təlimində humanistləşdirmə; animasiya vasitəsilə kiçikyaşlı uşaqlara ingilis dilinin tədrisi; müəllimlərin online ixtisasının artırılması; online magistr proqramlarının tətbiqi; işçilər üçün XXI əsr ingilis dili bacarıqları, çətinliklər və onların həlli yolları; dərsliklərin müqayisəli təhlili; online təlim və öyrənmənin çətinlikləri və digər məsələlər müzakirəyə təqdim edilib.

Üçüncü plenar iclasda akademik idarəetmə üçün müəllimə tövsiyələr; akademik tədqiqatın planlaşdırılması; davamlı peşəkar inkişafda mentorluğun rolu; dil vərdişlərinin inteqrasiyası; yuxarı siniflərdə dilin tədrisində smart lövhədən istifadə; səhvlərin korreksiyasına sistemli və kreatıv yanaşma; lüğətlərin rəqəmsal gələcəyi; elektron lüğətlərdən tədrisdə istifadə məsələləri müzakirə edilib.

Dördüncü plenar iclasda isə kreativ pedaqogika və dil təlimi; Web2.0 proqramı vasitəsilə alternativ qiymətləndirmə; dil öyrənilməsində kompüter oyunlarından istifadə; vizual nitq texnologiyalarından istifadə etməklə təqdimat qabiliyyətinin inkişafı; idarəetmə sahəsində çalışanların və müəllimlərin akkreditasiyası təcrübəsi müzakirə obyekti olub.

Plenar iclaslarda müzakirə olunan məsələlər üzrə Azərbaycan təcrübəsi də konfrans iştirakçılarına çatdırılıb. Son illərdə ölkəmizdə ingilis dilinin tədrisi, yeni kurikulumların, qiymətləndirmə sisteminin, dərsliklərin tətbiqi sahəsində əldə olunmuş təcrübə maraqla qarşılanıb. Eyni zamanda 20 məktəbdə ingilis dilinin intensiv tədrisi, əldə olunan nailiyyətlər barədə konfransda məlumat verilib. Bununla yanaşı, modul-kredit sisteminə əsaslanan, rəqabət mühitinin yaradılmasına imkan verən yeni ixtisasartırma sisteminə keçid sahəsində Azərbaycanda əldə olunmuş nəticələr də konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Konfrans zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov ilə Britaniya Şurasının və IATEFL təşkilatının rəhbərliyi arasında görüş keçirilib, qarşılıqlı əməkdaşlığın genişləndirlməsi məsələləri müzakirə edilib.

Konfrans zamanı əhatəli təhsil sərgisi təşkil edilib. Sərgidə universitetlər, kolleclər, dil kursları və digər təhsillə məşğul olan təşkilatlar olmaqla 60-dək müəssisə və təşkilat iştirak edib. 6 gün ərzində konfrans iştirakçıları nümayiş etdirilən resurslarla, o cümlədən ingilis dilinin tədrisi ilə bağlı yeni texnologiyalar, modellər və innovasiyalarla tanış olmaq imkanı qazanıblar.

Konfrans çərçivəsində maraqlar üzrə qruplar da yaradılıb ki, bunlar da dilin tədrisi ilə əlaqədar müxtəlif yeniliklərin, nəşrlərin, elektron resursların mütəxəssislərə çatdırılması məqsədini daşıyıb.  Cari ildə keçirilən konfransda maraqlar üzrə qruplar biznes ingilis dili, qlobal məsələlər, öyrənmə texnologiyaları, tələffüz, müəllim hazırlığı, spesifik sahələr üzrə ingilis dili, liderlik və idarəetmə, ədəbiyyat, media və mədəni əlaqələr, tədqiqat, testləşdirmə və qiymətləndirmə, ingilis dilinin ikinci xarici dil kimi tədrisi (ESOL), sərbəst öyrənmə, tədris materiallarının hazırlanması, müəllim inkişafı, kiçik və orta yaşlı şagirdlərə dilin tədrisi sahələri üzrə təşkil edilib. Bu təşəbbüsün əhəmiyyətli cəhətlərindən biri də budur ki, konfranslararası müddətdə maraqlar üzrə qrupların üzvlərinə yeni tədris resursları göndərilir. Bununla yanaşı, hər il Böyük Britaniya və ya digər ölkədə maraqlar üzrə qrupların minimum bir tədbiri keçirilir. Bu tədbirlərə qrupların ən yaxşı mütəxəssisləri dəvət edilir və müəllimlər üçün təqaüd proqramları təklif edilir.

Konfransda Azərbaycanla IATEFL təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə ingilis dilinin tədrisi sahəsində təşkilatın təcrübəsindən səmərəli istifadə üzrə Britaniya Şurası ilə birgə tədbirlərin müəyyənləşdirilməsi istiqamətində irəli sürülmüş təkliflərin nəzərə alınması məqsədəmüvafiq hesab edilib. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov