Bu
yaxınlarda Ukraynanın paytaxtı Kiyev şəhərində
M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində
beynəlxalq elmi-təcrübi konfrans keçirilmişdir. Astara
Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru, əməkdar
müəllim, dosent Əlihəsən Həmzəyev və kollecin müəllimi
Azər Fərəməzov konfransda iştirak etmişlər.
Konfrans "Beynəlxalq diplomdansonrakı təhsilin aktual
problemləri: vəziyyəti və inkişaf perspektivləri" kimi
əhəmiyyətli bir mövzuya həsr edilmişdi. 30-a yaxın
xarici ölkədən və Ukraynanın 50-dən artıq ali təhsil
müəssisəsindən olan görkəmli alimlər arasında iki gün
ərzində mövzu ətrafında müzakirələr getmişdir.
Mütəxəssislər fikirlərini bölüşmüş, praktik olaraq
dərslərdə iştirak etmiş və təcrübə mübadiləsi
aparmışlar.
Milli Pedaqoji Universitetin Yenidənhazırlanma və
Pedaqoji Kadrların İxtisasının Artırılması İnstitutunun
mərkəzi korpusunun konfrans zalında keçirilmiş plenar
iclası giriş sözü ilə universitetin rektoru, fəlsəfə
elmləri doktoru, professor, Ukrayna Milli Pedaqoji
Elmlər Akademiyasının akademiki, Ukrayna Milli Elmlər
Akademiyasının müxbir üzvü Viktor Petroviç Andryuşenko
açmış və iştirakçıları salamlamışdır.
Fərəhləndirici haldır ki, konfransın açılış günü
həmyerlimiz, fəlsəfə doktoru Əlihəsən Həmzəyevin
"Qloballaşma və beynəlxalq təhsilin fəlsəfi problemləri"
mövzusunda məruzə-təqdimatı dinləyicilərin böyük
marağına səbəb olmuşdur. Məruzə-təqdimatda Azərbaycan və
Ukrayna xalqlarının dostluq əlaqələrindən, müasir
Azərbaycan dövlətinin son dövrlərdə beynəlxalq arenada
əldə etdiyi uğurlardan və təhsil sahəsində qazanılan
nailiyyətlərdən bəhs olunmuşdur. Məruzəçi xüsusilə
vurğulamışdır ki, cəmiyyətin inkişafı konsepsiyasını və
təhsil sahəsində onun innovativ modelini ilk dəfə yeni,
müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər
Heydər Əliyev yaratmışdır. Ulu öndərin siyasi kursunu
uğurla davam etdirən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyəti
nəticəsində istər siyasi və iqtisadi sahədə, istərsə də
elm və təhsil sahəsində böyük uğurlar əldə edilmişdir.
Azərbaycan təhsilinin uğurları barədə hazırlanmış
videoçarx iştirakçıların nəzərinə çatdırılmışdır.
Videoçarxda həmçinin Astara Pedaqoji Kollecində görülmüş
işlərdən, tədris-maddi bazanın vəziyyətindən, kollecin
beynəlxalq əlaqələrindən, müxtəlif illərdə keçirilmiş
beynəlxalq konfranslardan hazırlanmış foto və
videomateriallar iştirakçıların dərin marağına səbəb
olmuşdur.
Konfransda Ə.Həmzəyevə fəal iştiraka, maraqlı və aktual
məruzəyə görə M.P.Draqomanov adına Milli Pedaqoji
Universitetinin xatirə medalı və sertifikatı təqdim
edildi. Xoş təəssüratla vətənə qayıdan Ə.Həmzəyev səfər
təəssüratlarını bölüşərək bildirdi ki, kollecin
beynəlxalq əlaqələrini bundan sonra da genişləndirmək
istiqamətində əhəmiyyətli işlər aparılacaqdır. Biz orada
xeyli dostlar tapdıq və onların da Azərbaycana -
Astaraya gəlmələri üçün əməli addımlar
atacağıq.
Azad ABDULLAYEV |