Bakı
Slavyan Universitetində tələbə və müəllimlərin Çexiya
Respublikası parlamentinin ölkəmizdə səfərdə olan
nümayəndə heyəti ilə görüşü olub. BSU-nun rektoru,
əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, professor Kamal Abdullayev
qonaqları səmimi salamlayaraq Çexiya Respublikasının
Deputatlar Palatasının vitse-spikeri Yan Xamaçek başda
olmaqla parlament nümayəndə heyətinin üzvlərini təqdim
etmişdir.
K.Abdullayev qonaqlara bu ali məktəbin fəaliyyəti və
strukturu barədə məlumat verərək qeyd etmişdir ki,
50-dən çox bakalavr və magistrantın təhsil aldığı
filologiya fakültəsinin çex dili və ədəbiyyatı
bölməsində dörd müəllim çex dilindən dərs deyir.
Universitetdə həmçinin Çex dili və mədəniyyəti Mərkəzi
fəaliyyət göstərir. Rektor ümidvar olduğunu bildirmişdir
ki, Çexiya nümayəndə heyətinin Bakıya bu səfəri iki ölkə
arasında əlaqələrin daha da genişlənməsinə kömək
edəcəkdir.
Çexiya nümayəndə heyətinin rəhbəri Yan Xamaçek demişdir
ki, iki ölkə arasında iqtisadi və mədəni əlaqələr uğurla
inkişaf edir. BSU-da çex dilini öyrənən tələbələr
gələcəkdə bu əlaqələrin genişlənməsində mühüm rol
oynayacaqlar.
Qonaq qeyd etmişdir ki, bu onun Bakıya ikinci səfəridir.
Y.Xamaçek ölkəmizdə ilk dəfə 2008-ci ildə olduğunu
xatırlayaraq vurğulamışdır ki, o vaxtdan Azərbaycanın
paytaxtı tanınmaz dərəcədə dəyişmişdir. Sürətli iqtisadi
artım və davamlı inkişaf göz qabağındadır.
Sonra tərcümə, beynəlxalq münasibətlər və regionşünaslıq
fakültələrinin tələbələri kiçik bədii proqramla çıxış
etmiş, çex şairlərinin şeirlərini söyləmiş, mahnı
oxumuşlar.
Qonaqlar Çex dili və mədəniyyəti Mərkəzində də olmuşlar.
Mərkəzin direktoru R.Şəfiyeva qurumun fəaliyyəti barədə
qonaqlara məlumat vermişdir. Böyük Azərbaycan şairi
Hüseyn Cavidin "Şeyda" pyesinin Çex dili və mədəniyyəti
Mərkəzinin əməkdaşları tərəfindən çex dilinə tərcüməsi
nümayəndə heyətinin rəhbərinə təqdim edilmişdir.
Çexiya nümayəndə heyətinin üzvləri Mərkəzin Fəxri
Qonaqlar Kitabında ürək sözlərini yazmışlar.
Görüşdə Çexiya Respublikasının Azərbaycandakı səfiri
Radek Matula və Azərbaycanın Çexiya Respublikasındakı
səfiri Tahir Tahirzadə iştirak etmişlər.
Şakir CƏFƏROV |