Aprelin
16-da Bakı Dövlət Universitetinin rektoru, akademik Abel
Məhərrəmov Slovakiya Parlamentinin Elm və Təhsil
Komitəsinin sədri, Sladkoviçovo Ali Məktəbinin rektoru,
professor Moymir Mamoykanı, Sladkoviçovo Ali Məktəbinin
elm və xarici əlaqələr üzrə prorektoru, professor
Miroslav Danişi, Azərbaycanın Slovakiyadakı Fəxri
konsulu, Sladkoviçovo Ali Məktəbinin İdarə Heyətinin
sədri, professor Cəlal Qasımovu və Slovakiya
səfirliyinin əməkdaşı Dominika Fifikovanı qəbul edib.
Rektor BDU-nun yaranma və inkişaf tarixindən, dünyanın
aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli
əlaqələrdən danışıb, Slovakiyanın Sladkoviçovo
Universitetilə də elm və təhsil sahəsində
münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu
bildirib.
Təmsil etdiyi universitet barədə məlumat verən professor
Moymir Mamoyka da öz növbəsində BDU ilə əməkdaşlıqda
maraqlı olduğunu qeyd edib.
Daha sonra universitetlərarası beynəlxalq əlaqələrin
inkişafı barədə Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, Memorandumda tədqiqatçı, aspirant və
magistrantların mübadiləsi, birgə layihələr üzərində
elmi araşdırmaların aparılması, alimlərin və
müəllimlərin ixtisaslarını artırmaq məqsədilə təcrübə
mübadiləsinin həyata keçirilməsi kimi məsələlər əks
olunub. Bundan başqa, birgə seminar və konfransların
təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda
birgə iştirak da nəzərdə tutulub.
Sonra qonaqlar BDU-nun laboratoriyaları və elmi
mərkəzlərində olublar. Qonaqlar universitetdən xoş
təəssüratla ayrılıblar.
BDU-nun Mətbuat və informasiya şöbəsi |