Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

"Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti" mövzusunda sərgi

 

Aprelin 18-də Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti" mövzusunda sərgi keçirildi. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbirdə adıçəkilən nazirliklərin rəsmiləri, tanınmış alim və ziyalılar, təhsil ictimaiyyətinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri, dərslik müəllifləri, ekspertlər, kitabxananın əməkdaşları və KİV təmsilçiləri iştirak edirdilər.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov açaraq qonaqları salamladı və giriş sözündə ümummilli lider Heydər Əliyevin təhsilə, dərsliklərin nəşrinə göstərdiyi diqqət və qayğıdan bəhs etdi.

Sonra çıxış üçün söz Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova verildi. Qonaqları salamlayan nazir dəvəti qəbul edərək bu müqəddəs məkanda keçirilən tədbirdə iştirak etdikləri üçün onlara öz minnətdarlığını bildirdi. Çıxışında ulu öndər Heydər Əliyevin dərsliklərin nəşri sahəsindəki çox önəmli xidmətlərindən söz açan Misir Mərdanov bununla bağlı tarixi faktları iştirakçıların diqqətinə çatdırdı.

Qeyd olundu ki, hələ Heydər Əliyevin Azərbaycandakı hakimiyyətinin birinci dövründə - 1978-ci ildə dərsliklərin şagirdlərə pulsuz çatdırılması barədə qərar qəbul edilmişdi. Müstəqilliyin ilk illərində latın qrafikasına keçilməsi dərsliklərin hazırlanması sahəsindəki çətin vəziyyəti daha da ağırlaşdırdı. Lakin Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra şagirdlərin dərsliklərlə təminatı  məsələsinə ən prioritet sahələrdən biri kimi xüsusi diqqət yetirildi. İlk növbədə məcburi köçkün və qaçqınların uşaqları, sonrakı illərdə isə ibtidai sinif şagirdləri dərsliklərlə pulsuz təchiz edildi, daha sonra yuxarı sinif şagirdlərinə də kitablar pulsuz verilməyə başladı. Bir neçə ildən sonra Azərbaycan MDB məkanında I sinifdən XI sinfə kimi bütün dərslikləri şagirdlərə pulsuz verən ilk respublika oldu. 10 il əvvəl latın qrafikası ilə çap olunmuş əlavə oxu vəsaitlərinin çox az olduğunu deyən Misir Mərdanov bildirdi ki, bu gün bütün kitabxanalar, xüsusilə məktəb kitabxanaları latın qrafikalı dərsliklər, ensiklopediyalar, lüğətlər, müxtəlif ədəbiyyatlar və s. vəsaitlərlə zəngindir.

Daha sonra çıxışında ölkəmizdə dərsliklərin hazırlanmasına dair qəbul olunmuş sənədlərdən, həmin sənədlərə əsasən görülən işlərdən və həyata keçirilən mühüm layihələrdən danışan təhsil naziri vurğuladı ki, bütün bu nailiyyətlər ümummilli lider Heydər Əliyevin yürütdüyü dərslik siyasətinin nəticəsidir və həmin siyasət bu gün hər zaman təhsil sahəsinə xüsusi qayğı göstərən dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nazir çıxışının sonunda bu tədbirin keçirilməsinə şərait yaradan və sərginin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, təhsil naziri Misir Mərdanovun bu sərginin keçirilməsi ilə bağlı təşəbbüsü dəstəklənməyə bilməzdi. Çünki dərsliklər Azərbaycan xalqının gələcəyi, azərbaycanlı uşaqların savadı, təhsili deməkdir. Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, öz ölkəsinə və xalqına göstərdiyi misilsiz xidmətlərdən danışarkən onun siyasətinin əsas istiqamətlərindən biri kimi həmvətənlərini daim təhsilləndirməyə çalışmasını xatırlamamaq olmaz. Bu gün isə onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsində dövlətin ayırdığı vəsait hesabına kitabxanalar hər il Azərbaycan, eləcə də dünya ədəbiyyatının nümunələri ilə daha da zənginləşir. Müasir dövrün tələbinə uyğun olaraq kitabxanalarda yeni texnologiyalar tətbiq olunur. Bütün bunların ümummilli lider Heydər Əliyevin təhsilə, biliyə, dərsliyə göstərdiyi diqqətin məntiqi davamı olduğunu söyləyən Əbülfəs Qarayev vurğuladı ki, təhsil, mədəniyyət Azərbaycan dövlətinin sütunlarıdır və bu sütunların möhkəm olması üçün hamı məsuliyyət daşımalıdır.

Akademik Zərifə Əliyeva adına liseyin direktoru, əməkdar müəllim Məhəbbət Vəliyeva, Heydər Əliyev adına liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilov, akademik Zərifə Əliyeva adına liseyin müəllimi, əməkdar müəllim, ekspert Samirə Bəktaşi, 72 nömrəli məktəb-liseyin müəllimi, ekspert Aydın Allahverdiyev və Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov öz çıxışlarında ölkəmizdə həyata keçirilən dərslik siyasətindən, bu sahədə ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs etdilər.

Sonra tədbir iştirakçıları 1993-2012-ci illərdə ümumi təhsil məktəbləri üçün, eləcə də ali, orta ixtisas və peşə təhsili ixtisasları üzrə çap olunmuş 1500 adda dərslik nümunələrindən ibarət sərgi ilə tanış oldular. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov