Aprelin
17-də Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş I Beynəlxalq kimya və kimya
mühəndisliyi konfransı öz işinə başlayıb. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Dövlət
Neft Şirkətinin dəstəyi, Qafqaz Universiteti, Azərbaycan
Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialı, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət
Universiteti, Türkiyənin Atatürk və Yıldız Texniki
universitetləri, "Azərkimya", "Petkim", "BP", "Çevkor"
şirkətləri və Xəzər Mühəndisləri İctimai Birliyinin
birgə təşkilatçılığı ilə keçirilən konfransın "Gülüstan"
sarayında açılış mərasimi olub. Mərasimdə çıxış edən
təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfransın
əhəmiyyətini yüksək qiymətləndirərək onun ölkəmizdə
kimya və kimya mühəndisliyinin inkişafına töhfə
verəcəyini bildirib.
Uzun illərdən bəri Azərbaycanda elmin bu və ya digər
sahələrinə həsr edilmiş belə konfransların
keçirilmədiyini qeyd edən təhsil naziri beynəlxalq
tədbirin bu baxımdan yeni bir ənənənin əsasını qoyduğunu
söyləyib.
Konfransda dünyanın 12 ölkəsindən 100-dək mütəxəssisin
iştirak etdiyini diqqətə çatdıran təhsil naziri bildirib
ki, konfrans xaricdən gələn nüfuzlu alimlərlə
Azərbaycanda bu sahədə çalışan mütəxəssislər arasında
əlaqələrin yaranmasına, elmi əməkdaşlığın təmin
edilməsinə, birgə tədqiqat işlərinin aparılmasına təkan
verəcək.
Konfransın təşkilatçılarına minnətdarlığını bildirən
Misir Mərdanov onlardan birinin - Qafqaz Universitetinin
rektoru, professor Ahmet Saniçin təhsil sahəsindəki
xidmətlərinə görə Təhsil Nazirliyinin "Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə
təltif olunduğunu açıqlayıb və mükafatı rektor Ahmet
Saniçə təqdim edib.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin
rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft
Akademiyasının rektoru Siyavuş Qarayev, Qafqaz
Universitetinin rektoru Ahmet Saniç, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasov, Bakı
Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, ARDNŞ-ın
vitse-prezidenti Xoşbəxt Yusifzadə, "Azərikimya"
İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev və
başqaları bildiriblər ki, bu konfransın keçirilməsi
Azərbaycanın həm bugünkü tərəqqisi, həm də gələcəkdə
sənaye potensialının inkişafı üçün vacib əhəmiyyət kəsb
edir.
Qeyd edək ki, 5 gün davam edəcək konfransın məqsədi
kimya və kimya mühəndisliyi sahələrində çalışan elm
adamları və mütəxəssisləri bir araya gətirərək elmi
əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir.
Konfransa 173-ü Azərbaycandan, 142-si isə xarici
ölkələrdən olmaqla 315 məruzə təqdim olunub. Məruzələrin
160-ı şifahi çıxış, 155-i isə təqdimat şəklində olacaq.
Konfransda Türkiyə, Rusiya, ABŞ, Kanada, Almaniya,
İtaliya, Qazaxıstan, Qırğızıstan, Cənubi Koreya,
Gürcüstan, Tacikistan və Misirdən nümayəndələr iştirak
edirlər.
ARDNŞ, "Çağ" Öyrətim və "Practical Solution"
şirkətlərinin təsisçiləri olduqları Azərbaycan
Beynəlxalq Təhsil Mərkəzinin fəaliyyəti çərçivəsində
həyata keçirilən tədbirlərdən biri olan konfransa ARDNŞ
partnyor sponsor olmaqla AzMeCo, "Azərsun", FAB boyalar,
STR, TİKA və "Azbentonit" şirkətləri sponsor dəstəyi
veriblər.
Konfrans çərçivəsində Qafqaz Universiteti, Bakı Dövlət
Universiteti və Bakı Ali Neft Məktəbində müxtəlif
mövzularda bölmə iclasları təşkil olunacaq.
Aprelin 18-də konfrans öz işini Qafqaz Universitetində
keçirilən bölmə iclası ilə davam etdirib.
Yusif ƏLİYEV |