Aprelin
16-da təhsil naziri Misir Mərdanov Türkiyənin Qazi
Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan nazir Azərbaycanla Türkiyə
arasındakı münasibətlərdən, qarşılıqlı əlaqələrin
inkişafından söhbət açıb. Qazi Universitetinin dekanı
Alev Kurunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin
fəxri doktoru adına layiq görülməsi münasibəti ilə
təbrik edən nazir onun Azərbaycana bağlılığının və
xalqımıza olan ehtiramının ölkəmizdə yüksək
dəyərləndirildiyini bildirib. Xalqlarımızın ortaq milli,
mədəni və tarixi köklərə bağlı olduğunu, bunun
dövlətlərarası əlaqələrdə, eləcə də təhsil sahəsindəki
əməkdaşlıqda müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə
çatdıran Misir Mərdanov ziyalıların, tanınmış insanların
qarşılıqlı səfərlərinin xalqlarımızı daha da
yaxınlaşdırdığını vurğulayıb.
Qazi Universitetinin dekanı Alev Kuru görüşdən
məmnunluğunu ifadə edib, ikitərəfli təhsil əlaqələrinin
daha da inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə
çatdırıb. Azərbaycana qəlbən bağlı olduğunu bildirən
qonaq ölkəmizin uğurlarından, müasir dövlət kimi
inkişafından qürur duyduqlarını söyləyib. Xalqlarımızın
hər zaman biri-birinə dayaq olduğunu vurğulayan Alev
Kuru Azərbaycanda onlara göstərilən diqqətə və səmimi
münasibətə görə təşəkkürünü bildirib.
Təhsil naziri bu səfərin Qazi Universiteti ilə
Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında
əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə
edib. Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq
münasibətlərinə uyğun olaraq təhsil sahəsində
əməkdaşlığın genişləndirilməsinin zəruriliyinə toxunan
nazir bu baxımdan qarşıda duran vəzifələr haqqında
fikirlərini bildirib.
Görüşdə daha sonra qarşılıqlı maraq doğuran bir sıra
digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |