Aprelin
15-də təhsil naziri Misir Mərdanov "Tomson Röyters"
Agentliyinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə
meneceri Devid Horki, Afrika və MDB ölkələri üzrə baş
meneceri Nader Kırqız və agentliyin Türkiyə təmsilçisi
Mətin Tunç ilə görüşüb.
Nazir qonaqları Təhsil Nazirliyində görməkdən
məmnunluğunu ifadə edərək "Tomson Röyters" Agentliyi ilə
əməkdaşlığın inkişafı üçün son illər xeyli işlər
görüldüyünü bildirib. Agentliyin fəaliyyətinə ölkəmizdə
böyük maraq olduğunu nəzərə çatdıran Misir Mərdanov
Azərbaycanda elmin inkişafı, alimlərimizin beynəlxalq
səviyyədə tanınması, impakt faktoru olan elmi
jurnallarda daha çox məqalələrin dərc olunması
baxımından səmərəli əlaqələrin yaradılmasının xüsusi
əhəmiyyətini qeyd edib. Hələlik Azərbaycanda dərc olunan
yalnız bir jurnalın "Tomson Röyters" Agentliyinin Elmi
İnformasiya İnstitutunun bazasına daxil edildiyini
söyləyən təhsil naziri onların sayının artması,
azərbaycanlı alimlərin məqalələrinə istinad indeksinin
yüksəlməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə
çatdırıb.
Misir Mərdanov Azərbaycanda nəşr olunan 400-ə yaxın elmi
jurnal və məcmuənin Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komissiyası tərəfindən
dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması
tövsiyə edilən nəşrlərin siyahısına daxil edildiyi
haqqında qonaqlara məlumat verib. Son illər Azərbaycan
alimlərinin impakt faktoru olan beynəlxalq elmi
jurnallarda daha çox məqalələrinin dərc edildiyini
vurğulayan nazir bu baxımdan "Tomson Röyters" Agentliyi
ilə birgə beynəlxalq konfransların təşkilinin
əhəmiyyətinə toxunub. Agentliklə əməkdaşlıq sayəsində
beynəlxalq patentlər barədə məlumatların alınmasının
perspektiv elmi-tədqiqat istiqamətlərinin
müəyyənləşdirilməsinə müsbət təsiri barədə fikirlərini
bildirən təhsil naziri qarşılıqlı əlaqələrin inkişafına
verdikləri önəmə görə qonaqlara təşəkkürünü bildirib.
"Tomson Röyters" Agentliyinin Mərkəzi və Şərqi Avropa
ölkələri üzrə meneceri Devid Horki səmimi qəbul üçün
təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib.
Təmsil etdiyi agentliyin fəaliyyət istiqamətləri barədə
ətraflı məlumat verən qonaq "Tomson Röyters" Agentliyi
ilə əməkdaşlığın əhəmiyyəti haqqında fikirlərini
bildirib. Devid Horki qeyd edib ki, Azərbaycanın elmi
nəşrlərinin "Tomson Röyters" Agentliyinin Elmi
İnformasiya İnstitutunun bazasına daxil olunması, impakt
faktoru olan beynəlxalq elmi jurnallarda azərbaycanlı
alimlərin daha çox məqalələrinin dərc edilməsi və digər
istiqamətlər üzrə uğurlu nəticələrin qazanılması üçün
agentlik tərəfindən bütün zəruri tədbirlər həyata
keçiriləcəkdir.
"Tomson Röyters" Agentliyinin Afrika və MDB ölkələri
üzrə baş meneceri Nader Kırqız birgə əməkdaşlığın
inkişafı istiqamətində Azərbaycana hərtərəfli dəstək
göstərməyə hazır olduqlarını bildirib. Qonaq qeyd edib
ki, ilkin olaraq ali təhsil müəssisələrinin
nümayəndələri, elmi jurnalların kollektivləri və alimlər
üçün müvafiq seminarlar təşkil ediləcək, qarşıya
qoyulmuş hədəflərə uyğun strategiya
müəyyənləşdiriləcəkdir.
Təhsil naziri Misir Mərdanov Azərbaycana "Tomson
Röyters" Agentliyinin məlumat bazasından istifadə
hüququnun verilməsi istiqamətində müvafiq sənədlərin
hazırlanması üçün bir sıra digər dövlət qurumları ilə
birgə işlərin görüldüyünü nəzərə çatdırıb. Qarşılıqlı
əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əminliyini
ifadə edən nazir Azərbaycanın yaxın gələcəkdə "Tomson
Röyters" Agentliyinin ən yaxın tərəfdaşına çevriləcəyinə
ümidvar olduğunu bildirib.
Daha sonra görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri
və perspektivləri barədə ətraflı fikir mübadiləsi
aparılıb. |