Xaçmazda
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası,
Mədəniyyət və Turizm Nazirliyi və rayon icra
hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir
keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər
Əliyevin Xaçmaz şəhərindəki abidəsini ziyarət etmiş,
xatirəsini ehtiramla anmışlar.
Daha sonra tədbir iştirakçıları Xaçmazdakı Heydər Əliyev
Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən
stendlərlə tanış olmuşlar.
Bunun ardınca tədbir iştirakçıları akademik Zərifə
Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseydə
dünya şöhrətli oftalmoloqun adını daşıyan muzeydə
olmuşlar.
Mərasim rayon mədəniyyət evində davam etdirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin qatıldıqları
tədbirdə təhsil naziri Misir Mərdanov, Azərbaycan Tibb
Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə
Məmmədova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru
Aqiyə Naxçıvanlı, Milli Məclisin deputatları İlham
Əliyev, Nizami Cəfərov və Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək
ümummilli liderin müasir Azərbaycanın qurulmasındakı
əvəzsiz xidmətlərindən bəhs etmişlər.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev müasir
Azərbaycan cəmiyyətinin inkişafı üçün başlıca vəzifə
kimi daim gənclərin təhsilinin və tərbiyəsinin yüksək
səviyyədə təşkil olunmasını vacib saymışdır. Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyev təhsil işçilərinə, elm
və mədəniyyətlə məşğul olan insanlara, xüsusən də
müəllimlərə daim gənclərin milli mənəvi dəyərlər
zəminində tərbiyə olunmasını tövsiyə etmişdir.
Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən
natiqlər onun tarixin ağır sınaqlarından uğurla
çıxdığını, müstəqilliyimizin qorunub saxlanılması üçün
səylə çalışdığını bildirmişlər.
Vurğulanmışdır ki, məhz ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi siyasi kurs və bu siyasi xəttin
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada güclü
potensiala malik ölkə kimi tanınır.
AzərTAc |