Ötən həftə "Hilton" otelində Türkiyənin məşhur "Akare
İnternational Education Fairs" (AİEF) şirkətinin
təşkilatçılığı ilə növbəti beynəlxalq təhsil sərgisi
keçirildi.
Sərgidə Türkiyə, ABŞ, Kanada, Böyük Britaniya, Fransa,
Malayziya, İtaliya, Avstraliya, BƏƏ, Yunanıstan,
Avstriya və digərləri olmaqla 19 ölkənin 80 ali təhsil
müəssisəsi, eləcə də dil kursları və şirkətləri iştirak
edirdilər.
Bu sahədə 21 illik təcrübəyə malik olan AİEF şirkəti
2001-ci ildən başlayaraq 12 ildir ki, xarici ölkələrdə
çox uğurlu təhsil sərgiləri təşkil edir. Son 10 ildə bu
sərgilərə 40 ölkədən 450-dən artıq təhsil müəssisəsi və
təşkilat qatılıb. Sərgiyə gələn yüz minlərlə şagird,
tələbə və məzun verilən dəqiq və ətraflı məlumatlara
əsasən öz istəyinə uyğun ali məktəbi asanlıqla seçə
bilir.
Hazırda dünyanın bir sıra ölkələrində gənclər
təhsillərini xaricdə davam etdirməyə can atırlar. Təhsil
almaq məqsədilə başqa ölkələrə getmək istəyənlər yetərli
məlumatları olmadığı üçün bir sıra məsələlərlə bağlı
müxtəlif problemlərlə üzləşirlər. Məhz bu səbəbdən
gənclərin təhsil almaq istədikləri ölkə, onun təhsil
sistemi, yaşayış şərtləri və s. haqqında ətraflı
məlumata malik olmaları çox önəmlidir.
Son illər Azərbaycanda da gənclər xarici ölkələrdə
təhsil almağa böyük maraq göstərirlər. "Akare
İnternational Education Fairs" şirkətinin artıq 6-cı
ildir ki, Bakıda təşkil etdiyi təhsil sərgiləri
azərbaycanlı gənclərin dünyanın müxtəlif ölkələrində
təhsil almalarına geniş imkanlar yaradır.
AİEF-in bu tədbiri Azərbaycanda son 3 ildə yazda və
payızda olmaqla ildə 2 dəfə keçirilir. Ölkəmizdə sayca
9-cu dəfə təşkil edilən bu sərgidə təşkilatçılarla
birbaşa ünsiyyətdə olan gənclərə xaricdə
sertifikatlaşdırılmış təhsil, MBA proqramları, dil
kursları, magistratura, doktorantura, yay məktəbi və s.
haqqında ətraflı məlumat verildi. Sərgidə iştirak edən
təhsil müəssisələrinin, şirkət və təşkilatların
nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq
şərtləri, nəzərdə tutulmuş güzəştlər, təqaüdlər,
gündəlik xərclər və s. məsələlərlə bağlı sualları
cavablandırdılar.
H.ƏKBƏROVA |