Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Rus dili
və ədəbiyyatı üzrə II Ümumdünya linqvokulturoloji
müsabiqənin əyani turu keçirilmişdir.
"Rossotrudniçestvo" agentliyi tərəfindən M.V.Lomonosov
adına Moskva Dövlət Universiteti ilə birgə təşkil
edilmiş bu müsabiqə Rus Dili Gününə həsr edilmişdir.
RİMM-nin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata
görə, bütün dünyada keçirilən bu müsabiqədə filologiya
fakültələrinin tələbələri, gündəlik peşəkar
fəaliyyətində rus dilindən istifadə edənlər
(tərcüməçilər, jurnalistlər, turizm və digər sahələrin
işçiləri), rusist-filoloqlar və rus dilçiliyi sahəsində
mütəxəssislər iştirak edirlər.
Bu il müsabiqənin əyani turuna Azərbaycandan 28
iştirakçı keçmişdir. Müsabiqənin qalibləri 2013-cü il
iyunun 6-da keçiriləcək təntənəli mükafatlandırma
mərasimində iştirak etmək üçün Moskvaya dəvət
olunacaqlar.
"Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Valentin Denisov müsabiqə
iştirakçılarına müraciətində qeyd etmişdir ki, rus
dilini bilmək təhsildə və karyerada geniş imkanlar açır,
rus xalqının mənəvi və mədəni irsinin zənginliyini daha
dərindən dərk etməyə imkan verir. |