İstedadlı
gəncin bu uğuru universitetin 90 illiyinə ən böyük
hədiyyəsidir
Fərid Məmmədov 1991-ci ildə Bakıda anadan olub. İlk
musiqi təhsilini Bakıdakı Rəşid Behbudov adına 2
nömrəli musiqi məktəbinin fortepiano şöbəsində alıb. O,
uşaq yaşlarından musiqiyə bağlanmış, məktəbdə keçirilən
tədbirlərdə həm pianoçu, həm də estrada mahnılarının
ifaçısı kimi iştirak edib.
Respublikamızda keçirilən bir çox musiqi
festivallarında, "Şərq ulduzları" müsabiqəsində öz
istedadını göstərib. 2000-ci ildən əməkdar artist
Aybəniz Haşımovanın rəhbərlik etdiyi "Bülbüllər"
qrupunun solisti olan Fərid Məmmədov dünyanın 55
ölkəsində musiqi festivallarında iştirak edərək
ölkəmizə gümüş medal və diplomlarla qayıdıb. 2003-cü
ildə o, Ukraynada keçirilən "Slavyan bazarı"
müsabiqəsinin qalibi olaraq qızıl medal alıb. 2009-cu
ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tələbəsi olan Fərid estrada və populyar
musiqi kafedrasının müəllimi, əməkdar artist Cavan
Zeynallının sinfində təhsil alır.
2012-ci ildə Gənclər və İdman Nazirliyinin dəvəti ilə
Azərbaycana gələn dünya şöhrətli müğənni Robertino
Loretti İctimai kanalın təşkil etdiyi musiqi
proqramında Fərid Məmmədovu dinləyib və bu sözləri
deyib: "Mən Fəridi Çarls Avazoriyə bənzədirəm. Amma yox,
mən düşünürəm ki, o, Çarls Avazoridən də istedadlıdır.
Mən dünyada çox müsabiqələr gəzmişəm, çox səslər
eşitmişəm, amma belə bir fantastik səs, belə bir
istedad görməmişəm".
2012-ci ilin dekabrında Azərbaycan Gənclər və İdman
Nazirliyinin Bişkekdə təşkil etdiyi tədbirdə iştirak
edən istedadlı gəncin Azərbaycan Dövlət Xalq Çalğı
Alətləri Orkestri ilə "Bülbüllər" qrupunun tərkibində
ifa etdiyi mahnılar Azərbaycan Dövlət radiosunun qızıl
fonduna daxil edilib. 2013-cü ildə Eurovision milli
seçim turuna qatılan Fərid finala çıxanlar sırasında
olub. Uğurlu çıxışları ilə diqqəti cəlb edən Fərid
böyük səhnəyə qonaq qismində dəvət alıb. Orada
göstərdiyi möhtəşəm performans sayəsində münsif
kürsüsündə oturan dünya şöhrətli prodüsserlər
tərəfindən qiymətləndirilib, hətta məşhur bəstəkar
Dmitrios Kontopoulos Fəridə "Hold me" mahnısını hədiyyə
edib. Və nəhayət, 2013-cü ilin 14 martında keçirilən
Eurovision müsabiqəsinin milli seçimində Fərid Məmmədov
yekdilliklə Azərbaycanı təmsil etməyə layiq görülüb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 90 illiyi ərəfəsində qazandığı uğuru
gənc istedadlı tələbə universitetə ən böyük hədiyyəsi
kimi dəyərləndirir. Yeri gəlmişkən qeyd edək ki,
Azərbaycan musiqisevərlərinin və dəyərli münsiflər
heyətinin yekdil rəyi ilə ölkəmizi İsveçin Malmö
şəhərində təmsil edəcək istedadlı gənc F.Məmmədov
"Eurovision-2013" mahnı müsabiqəsində "Hold me" mahnısı
ilə çıxış edəcək.
Sifai SƏFƏROVA |