Aprelin 10-da Azərbaycan Dillər Universitetində (ADU)
yazıçı, Milli Məclisin deputatı Aqil Abbasın eyni adlı
romanı əsasında yazdığı ssenariyə Elxan Cəfərovun
rejissorluğu ilə çəkilən "Dolu" filminin təqdimatı
keçirildi.
Təqdimat mərasimində çıxış edən ADU-nun rektoru, Milli
Məclisin deputatı, professor Səməd Seyidov qonaqları
salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu
ifadə etdi. Rektor çıxışında bu yaxınlarda Aqil
Abbasın Azərbaycan ədəbiyyatının inkişafındakı
xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən
"Şöhrət" ordeni ilə təltif olunduğunu diqqətə çatdırdı.
Sonra çıxış edən yazıçı, Milli Məclisin deputatı Aqil
Abbas ADU-nun Azərbaycan təhsil sistemində xüsusi
xidmətlərinin olduğundan bəhs etdi. O vurğuladı ki, ADU
Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynayır.
Filmin ölkəmizlə yanaşı, bir sıra xarici ölkələrdə də
nümayiş olunduğu qeyd edildi.
Filmin sujet xəttindən danışan A.Abbas yaradıcı heyəti
tədbir iştirakçılarına təqdim etdi.
Sonra filmin nümayişi keçirildi. Rektor Səməd Seyidov
"Dolu" filmini yüksək qiymətləndirərək bu əsərin
ekranlaşdırılmasının böyük əhəmiyyət kəsb etdiyini
bildirdi. İşğal altında olan torpaqlarımızın Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
altında azad ediləcəyinə inamını ifadə etdi.
Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən
uğrunda son damla qanına qədər döyüşən Azərbaycan
oğullarının qəhrəmanlıqlarından bəhs edir. Uğurlu ekran
əsəri kimi rejissor finalda tamaşaçıda qələbəyə inam
hissini aşılaya bilib.
Şakir CƏFƏROV |