Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Aprel 2013 - №13

 

Alim ömrü, vətəndaş mövqeyi

 

Qarşımda 1945-ci ildə Londonda nəşr olunmuş "Məhəmməd peyğəmbərin kəlamları" adlı kitabdan Azərbaycan dilinə tərcümələr var. Diqqətlə və eyni dərəcədə heyrətlə oxuyuram.  Bir-birindən maraqlı, ibrətli  fikirlər məni alimin, elmin, xalqın, millətin inkişafındakı rolunu yenidən qiymətləndirməyə istiqamətləndirir: "Bir saat elmlə məşğul olmaq, bir il sitayiş etməkdən savabdır." "Həqiqətdə Allah elmi öz bəndələrinin əlindən almır, savadlı, alim adamları onun əlindən alır. Beləliklə, bir nəfər alim belə qalmayanda, cahil, nadan iş başına  keçəcək, işlər onların çıxardıqları qərarlara  tabe ediləcəkdir. Onlar elmsiz qərar çıxaracaq, həm özləri günaha batacaq, həm də özgələrini buna sürükləyəcəklər" .  ...Alim gücü çatdığı qədər elmin bu və ya digər sahəsi üzrə tədqiqatlar aparan, gəldiyi nəticələrlə onu daha da zənginləşdirən insandır, alimlik çox qiymətli fəaliyyət sahəsidir. Bəs alim həm də müəllimdirsə, gözünün nurundan, qəlbinin istisindən, təfəkkürünün məhsulundan səxavətlə  başqalarına da pay verirsə, onda necə? Yəqin, ehtiramlı oxucu belə insanların əvəzsiz olduğunu, zəhmətləri ilə xalqın gələcəyi sayılan gəncləri daha da irəli apardıqlarını təsdiqləyər. Belə insanlardan biri ilə üz-üzəyəm:  professor Atamoğlan Əli oğlu Həsənov. 

Arzusu kiçik yaşından, hələ ibtidai siniflərdə oxuyarkən ürəyində cücərməyə başlayıb.  Demirəm ki, arzusunu dilə gətirirdi. Bəlkə heç özünün bu "sevdaya" düşməyindən xəbəri də yox idi. Amma ibtidai siniflərdə  müəllimi olmuş Veysəl Axundovu heyranlıqla dinləyir, hətta evdəki bir sıra "problemləri" də onun "ölçüləri" ilə nizamlamağa çalışırdı: müəllimim belə deyib. Yox, müəllimim belə tapşırıb və s. Bəlkə elə bu nümunə Atamoğlanı   natamam orta məktəbi bitirəndən sonra Bakıya yola düşməyə istiqamətləndirdi, sənədlərini pedaqoji texnikuma verməyə həvəsləndirdi. Bu nümunənin təsirini Atamoğlan Həsənov indi də öz üzərində duyub hiss eləyir. Əks halda, monoqrafiyalarından birini  ali məktəbdə müəllimi olmuş görkəmli dilçi alim professor Məmməd Tağıyevə ithaf etməsinin səbəbi nədir?  Özü indi adlı-sanlı alim, müəllim olsa da, yalnız və yalnız müəllimləri qarşısında dərin ehtiramın ifadəsi kimi qiymətləndirilə bilər bu nəcib hərəkət!

Ömür-gün yollarından, buna tərcümeyi hal da deyirlər. 1938-ci ildə  Dəvəçi - indiki Şabran rayonunun Ağalıq  kəndində doğulub.  Karvan yolu boynuna dolanan  Şabran. Oxumağa, öyrənməyə həmişə diqqət verib Ağalıq  kəndinin adamları. Təhsildə fərqlənənlərə, yüksək uğurlar qazanan gənclərə yaxşı münasibət göstərilib burada. Atamoğlan da belə gənclərdən olub. Hər bir insanın həyatı, o da ola alim-müəllim ömrü yaşayan insanın, ailə mühiti gələcək nəsillərə nümunədir. İndi onu tanıyanlar tərəfindən  ehtiramla müəllim deyə çağrılan   bu şəxs- Atamoğlan Həsənov həyatda qazandığı, əldə edə bildikləri üçün özünü həm də ailəsinə borclu sayır. Daha çox hansı cəhətə görə? İlk növbədə valideynlərinin zəhmətsevərliklərinə, əməyə münasibətlərinə görə.  Ona görə ki,  ata və ana  uşaqlarında da əməyə düzgün münasibət yarada biliblər, onlara çətinliyə sinə gərməyi öyrədiblər. Söhbət zamanı Atamoğlan müəllim kövrəlsə də, atası Əli kişinin bu keyfiyyəti üzərində xüsusi dayandı. Dedi ki, məhz işlədiyi tərəvəzçilik sahəsində qazandığı uğurlara görə atam Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayəndə kimi  iştirak edib. Qeyd edək ki, adıçəkilən sərgidə iştirak etmək üçün nümayəndələr ciddi ölçülər əsasında, respublikanın  yüz minlərlə zəhmətkeşi arasından seçilirdi.  

Hiss etmədən təsirinə düşdüyü müəllim və ailə amilləri gənc  Atamoğlanı çətin bir sahəyə yönəltdi. Pedaqoji texnikuma qəbul olundu.  Həmin texnikumu  fərqlənmə diplomu ilə bitirdi.  Müharibənin qan-qadasının ağırlığını hələ də daşımaqda olan bir dövrdə işləmək, ailəyə kömək göstərmək arzusu təhsilini davam etdirmək istəyini üstələyə bilməyib. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna imtahansız qəbul olunub. Qısa bir vaxt ərzində təhsilə münasibəti, ali məktəb həyatındakı rəngarəng tədbirlərdə fəal iştirakı  ilə seçilib, diqqəti cəlb edib. Ali təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət doğma kəndində - Ağalıqda müəllim işləyib. Özünü yaxşı müəllim kimi, elin-obanın həyatına qaynayıb-qarışan gənc mütəxəssis kimi tanıdıb. Rayondakı müxtəlif təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışmaq təklifləri alıb. Lakin elmlə məşğul olmaq, elmi mühitin təsirini daim duymaq  istəyi onu yenidən  doğma M.F.Axundov adına APRDƏİ-yə gətirib. Bu dəfə aspirant kimi. Hələ tələbəlik illərindən Atamoğlanı işgüzar, elmə maraq göstərən bir gənc kimi tanıyan görkəmli dilçi, xeyirxah insan, professor Məmməd Tağıyev ona rəhbərlik etməyə məmnuniyyətlə razılıq verib. Rus dilçiliyinin aktual problemlərindən  biri üzərində tədqiqat aparmağı A.Həsənova məsləhət görüb. Beləliklə, "Müasir rus dilində hissələrinin frazeoloji bağlılığı olan mürəkkəb cümlələr"  mövzusu üzərində işləməyə başlayıb. Məlumdur ki, professor M.Tağıyev frazeologiyada məşhur "Əhatə nəzəriyyəsi"nin  banisidir və bu nəzəriyyə  keçmiş SSRİ məkanında   frazeologiya probleminə müasir yanaşmanın əsasını qoymuş, yeni-yeni tədqiqatların aparılmasına istiqamət vermişdir. A.Həsənovun namizədlik dissertasiyası da həmin problemin mürəkkəb cümlələrdə frazeoloji bağlılıq aspektinin müəyyənləşdirilməsinin elmi əsaslarının işlənilməsi baxımından  tanınmış dilçilər tərəfindən maraqla qarşılanmışdır.  Dissertasiya əsərini vaxtında tamamlayan A.Həsənov onu uğurla müdafiə edib və filologiya  elmləri namizədi alimlik dərəcəsi qazanıb.

Qeyd etdiyimiz kimi, A.Həsənov müəllimliklə tədqiqatçılığı vəhdətdə həyata keçirən alimlərimizdəndir. Vaxtilə dərs dediyi tələbələr həmişə onu fəxrlə xatırlayır, qarşılarına çıxan  çətinlikləri aradan qaldırmaq üçün keçmiş müəlliminə müraciət etməkdən çəkinmirlər. Atamoğlan müəllim də heç vaxt köməyini əsirgəməyib,əl tutmağı özünə borc bilib. Yeri gəlmişkən qeyd edək ki, Atamoğlan müəllimin işgüzarlığı, çalışdığı ali məktəbin mövqeyini həmişə qətiyyətlə qoruması rəhbərliyin diqqətindən yayınmayıb. Az vaxt ərzində M.F.Axundov adına APRDƏİ-də, 2000-ci ildən isə indiki Bakı Slavyan Universitetində müxtəlif vəzifələrə irəli çəkilib. Keçən əsrin 70-ci illərində iki seçki müddətində dekan vəzifəsinə seçilib. Etimadı da doğruldub, fakültədə işgüzar bir mühitin yaranmasına nail olub. Tələbələri ali məktəbin həyatında yaxından iştirak etməyə həvəsləndirib. Onun dekan işlədiyi dövrdə əlaçı tələbələrin sayı xeyli artıb. Gənclər tələbə elmi cəmiyyətinin işində fəal iştirak etməyə başlayıblar.

A.Həsənov ayrı-ayrı vaxtlarda müasir rus dilinin fonetikası və müasir rus dili kafedralarının müdiri vəzifələrində çalışıb, institutun partiya təşkilatının katibi kimi məsuliyyətli bir işə rəhbərlik edib, müdafiə şuralarının üzvü olub. İndi də Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Müdafiə şurasının üzvüdür. Harada çalışmasından asılı olmayaraq, həmişə işgüzarlığına, obyektivliyinə,  baş verən hadisələrə düzgün qiymət verdiyinə görə onu tanıyanların hörmətini qazanıb. Elmsevərlər onu bacarıqlı tədqiqatçı alim, iş yoldaşları isə öz sözü, vətəndaş  mövqeyi  olan bir insan  kimi qiymətləndirirlər.

Dekan kimi 1900-ə yaxın tələbəsi olan bir fakültəni uğurla idarə etməklə yanaşı, elmi fəaliyyətini də davam etdirib. "Müasir rus dilində sözün fonetik quruluşu (sintaqmatik aspekt)" mövzusunda doktorluq dissertasiyası üzərində çalışıb. Doktorluq işini də uğurla müdafiə edib. Professor A.Həsənovun doktorluq dissertasiyasının rəsmi opponentləri - Rusiya EA-nın Dilçilik İnstitutunun professoru V.A.Vinoqradov, Rusiya EA-nın Rus Dili İnstitutunun professoru S.N.Dmitrenko, M.F.Axundov adına APRDƏİ-nin professoru L.M.Qranovskaya tədqiqatdan alınmış nəticələri yüksək qiymətləndirərək onun dilçilik elmini zənginləşdirdiyini vurğulamışlar. Aparıcı müəssisə kimi Rusiya Xalqlar Dostluğu Universiteti dissertasiyaya yüksək qiymət vermişdir.

A.Həsənov elmi-pedaqoji fəaliyyəti dövründə filologiya üzrə 17 namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuş, yenə filologiya üzrə 4 namizədlik dissertasiyalarına elmi rəhbərlik etmiş, 2 elmlər doktoru dissertasiyasına elmi məsləhətçi kimi istiqamət vermişdir. Yüzdən çox elmi məqalənin, 4  dərs vəsaitinin  müəllifi olan professor A.Həsənov indi də elmi fəaliyyətini uğurla davam etdirir. Onun "Seçilmiş əsərləri"nin elmi redaktoru olmuş görkəmli dilçi professor Həbib Zərbəliyevin yazdığı kimi, Atamoğlan Həsənov öz tədqiqatlarına məsuliyyətlə yanaşan, tənqidə yer qoymayan dəyərli alimlərimizdəndir.

Professor A.Həsənovun fəaliyyətində müəllimliklə tədqiqatçılıq həmişə vəhdət təşkil edib. İştirak etdiyi onlarla ölkə və beynəlxalq miqyaslı konfranslarda çıxışları maraqla qarşılanıb, məqalələri  nüfuzlu jurnallarda dərc olunub. Bu öz yerində. Amma bir cəhəti də heç vaxt yaddan çıxarmayıb. Nüfuzlu alimlərin fikirlərinə münasibət bildirməklə yanaşı, öyrəndiklərinin faydalı cəhətlərindən təlim-tərbiyə prosesində istifadə edib. Çalışıb ki, dərs dediyi tələbələr dilçilik sahəsindəki yeniliklərdən xəbərsiz qalmasınlar. Bəlkə elə bunun nəticəsidir ki,  Atamoğlan müəllimin vaxtilə dərs dediyi tələbələr indi elmlər namizədləri, elmlər doktorları kimi onunla çiyin-çiyinə çalışırlar. Atamoğlan müəllimin tələbələrinin uğurlarından qürur duyduğunu onlara olan həssas münasibətindən asanlıqla görmək olur. Tələbələri olmuş , indinin adlı-sanlı alimləri də Atamoğlan müəllimə xüsusi bir məhəbbətlə yanaşır, onu özlərinə ömürlük müəllim sayırlar.

İnsanın peşəsinə vurğunluğunun olduqca etibarlı bir göstəricisi var: bu insan özünün çalışdığı sahəyə ailə üzvlərindən kimisə cəlb edibmi, etməyə çalışıbmı?  Atamoğlan müəllimə bu sualı verməyə ehtiyac duymadım. Çünki mən - bu sətirlərin müəllifi Atamoğlan müəllimin qızı Yeganə  xanımla eyni universitetin əməkdaşıyıq və təsadüf elə gətirib ki, onun dərs dediyi tələbələrə mən də dərs demişəm. Bu tələbələrin Yeganə xanımdan necə ürəklə danışdıqlarının, onu bir müəllim kimi necə yüksək qiymətləndirdiklərinin şahidi olmuşam. Maraqlıdır ki, Atamoğlan müəllimin nəvəsi Fərid də müəllimlik peşəsinə yiyələnib. Onun da müəllimi olmuşam. Hiss etmişəm ki, gənc Fəridin bu peşəyə istiqamətlənməsində babası Atamoğlan müəllimin əməyi az olmayıb. Atamoğlan müəllimin qardaşı Babək müəllim böyük qardaşı üçün doğma olan Ağalıq kəndindəki orta məktəbdə direktor vəzifəsində çalışır.

Professor A.Həsənov peşəsinin vurğunudur. İndi müdriklik çağında olan, amma gənclik həvəsi ilə  fəaliyyət göstərən Atamoğlan müəllimə öz adımdan, tələbələrinin adından cansağlığı, pedaqoji və elmi fəaliyyətində daha böyük uğurlar arzulayıram. 

Oqtay ABBAS,
dosent, Yazıçılar Birliyinin üzvü

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov