Beynəlxalq riyaziyyat olimpiadalarının 1 gümüş, 3 bürünc
mükafatçısı
Əliyev
İzmir Yalçın oğlu 5 mart 1997-ci ildə Şəmkirdə dünyaya
göz açıb. Altı il Şəmkir rayonunun Morul kənd orta
məktəbində təhsil alıb. Hazırda Mingəçevir Özəl Türk
Liseyinin 11-ci sinif şagirdidir. Gəlin, İzmirin həyat
tarixçəsini öz dilindən dinləyək:
- Altıncı sinfin axırında imtahan verib Mingəçevir Özəl
Türk Liseyinə qəbul oldum, VII-VIII sinifləri
Mingəçevirdə oxudum. Yeddinci sinfin ikinci
yarımilliyində məktəblilər arasında olimpiadalarda
iştirak etmək üçün seçimlər oldu. Mən öz dərslərimi
oxuya-oxuya həm də iki il fənn olimpiadalarına
hazırlaşdım. Doqquzuncu sinfin əvvəllərində Bakı Özəl
Türk Liseyində axırıncı seçim imtahanları keçirildi.
Adətən bu imtahanlarda altı-yeddi nəfər uşaq seçilir və
onları dünya olimpiadalarında iştirak etmək üçün
hazırlaşdırırlar. Seçilən şagirdlərin biri də mən oldum.
Doqquzuncu sinfin sonlarında iştirak etdiyim ilk
olimpiada Cənubi Kipr Respublikasında keçirilən
Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası olub. Mən
oradan bürünc medalla qayıtdım. Onuncu sinifdə oxuyanda
Qazaxıstanda Jautıkov olimpiadasında iştirak etdim,
orada həvəsləndirici medal aldım. Daha sonra aprel
ayının sonunda Türkiyənin Antalya şəhərində keçirilən
Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında bürünc medal
əldə etdim.
2012-ci ilin iyun ayında isə Yunanıstanda keçirilən
Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında gümüş medal
qazandım. Sonuncu dəfə Argentinada keçirilən 53-cü
Beynəlxalq riyaziyyat olimpiadasında bürünc medal əldə
etdim.
Mənə riyaziyyata həvəs nənəmdən keçib. Ailəmizdə nənəm
riyaziyyat müəllimi olub. Anam isə musiqi müəllimidir.
Mənim adımı da nənəm qoyub. Deyilənə görə, bizim
tərəflərdə İzmir adında çox xeyirxah bir insan varmış.
Onun xatirəsinə ehtiram əlaməti olaraq mənim adımı İzmir
qoyublar.
Xarici
ölkələrə olimpiadalara gedəndə keçirdiyim hissləri sözlə
ifadə edə bilmirəm. İnsan gərək o hissləri özü yaşaya.
Əslində heç bir olimpiadada elə də güclü həyəcan
keçirməmişəm. Ona görə ki, həmişə ciddi hazırlaşmışam və
özümə çox güvənmişəm. Medallar qazananda keçirdiyim
fəxr hissi, Azərbaycan bayrağının qaldırılması,
tribunaya Azərbaycanın təmsilçisi kimi mənim
çağırılmağım - bütün bunlar qürur gətirən yaşantılardır.
Təsəvvür edin ki, hər bir ölkədən medal alanlar bir-bir
tribunaya dəvət olunur, kimin hansı ölkədən gəldiyi də
elan edilir. Qaliblərin sırasında Azərbaycanın da
adının çəkilməsi bizim üçün böyük uğurdur. İştirak
etdiyim ən axırıncı olimpiadada 100 ölkənin
nümayəndələri iştirak edirdi.
Təhsil aldığım liseydə yüksək səviyyədə bilik qazanmaq
üçün hər cür şərait var. Bizi ən çox fərqləndirən cəhət
olimpiadalarda iştirak etməyimizdir. Müəllimlərimiz hər
bir işdə bizə kömək edirlər. Mən əslində Mingəçevir Özəl
Türk Liseyinin şagirdi sayılıram, Bakı Özəl Türk
Liseyinə isə olimpiadaçı kimi gəlmişəm. İştirak etdiyim
beynəlxalq riyaziyyat olimpiadalarında seçilən uşaqlara
adətən sertifikat, diplom, medal və bir qayda olaraq
pul mükafatı verilir. Dünya olimpiadalarında iştirak
etmək, istənilən xarici ölkənin ali məktəbində oxuya
bilmək barədə şagirdə həm də seçim etmək hüququ verir.
Riyaziyyat fənnini çox sevdiyimdən ən çox riyaziyyat
olimpiadalarına gedirəm.
Azərbaycan dilindən başqa ingilis dilində yazıb-oxumağı
sərbəst bacarıram. İngilis dilini həm liseydə
öyrənmişəm, həm də sərbəst məşğul olmuşam. Çünki xarici
ölkələrdəki olimpiadalarda iştirak etmək üçün gərək
ingilis dilindən imtahan verib bal toplayaq. Liseyin ən
özəl xüsusiyyətlərindən biri də odur ki, fizika, kimya,
biologiya, informatika - bunlar hamısı ingilis dilində
tədris olunur. Bir neçə aydan sonra artıq 11-ci sinfi
başa vururam, orta təhsillə vidalaşıram.
Ali təhsilimi Kanadadakı universitetlərdən birində davam
etdirəcəyəm. İngilis dilindən səviyyə ölçmə imtahanına
xarici universitetlərdə çox böyük önəm verirlər.
Olimpiadalarda fərqlənən uşaqları ali məktəblərə orada
imtahansız qəbul edirlər. Qayda belədir ki , olimpiada
iştirakçısı olan şagird özünün diplomunu, sertifikatını
oxumaq istədiyi xarici ölkədəki ali məktəbə göndərir və
onu oraya qəbul edirlər. Kanadada Toronto, Waterloo
universitetləri var. Mən hər ikisinə sənədlərimi
göndərmişəm.
Ailədən kənarda oxumağın bir məktəbli üçün müəyyən
çətinlikləri də var. Belə ki, valideynlərdən kənarda
yaşayırsan, doğmalarını tez-tez görə bilmirsən.
Valideynlərim Şəmkirdə yaşayır. Biz hər gün
bir-birimizlə telefon əlaqəsi saxlayır, hal-əhval
tuturuq. Mənim Tahir adında bir qardaşım var. Hazırda
ADNA-da neft mühəndisliyi fakültəsində 1-ci kursda
oxuyur. Hər iki-üç gündən bir mənə baş çəkir. O da
vaxtilə liseydə oxuyub, xarici ölkələrdə keçirilən
olimpiadalarda iki il iştirakçı olub.
Mən hansı xarici ölkədə oxuyacağamsa, fərqi yoxdur,
sonunda yenə də vətənimə qayıdacağam. Birinci o səbəbdən
ki, biz xarici ölkədə oxumağa dövlət xətti ilə gedirik.
Odur ki, bütün hallarda biz ali məktəbi başa vurandan
sonra geriyə qayıdıb vətənimizə xeyir verməliyik.
İkincisi də ki, ana vətəndən kənarda necə qərar tutmaq
olar? Şəxsən mən xarici ölkələrə olimpiada yarışmalarına
gedəndə belə bir an da olsun öz yerimi-yurdumu yadımdan
çıxarmamışam. Yəni dediyim odur ki, haraya getsəm də
qayıdacağım məkan vətəndir. Mənim üçün ən müqəddəs
varlıq vətənim və valideynlərimdir. Onlar mənə hər şeydə
hər zaman dayaq olublar.
Ən böyük hobbim isə futbol oynamaq, İnternetdən istifadə
etməkdir. Daha sonra tennisi sevirəm. Burada boş
vaxtlarımızda hamımız tennis oynamağı xoşlayırıq.
Axırıncı dəfə xarici ölkədə keçirilən olimpiadada
iştirak edərkən sosial şəbəkə vasitəsilə hər gün
qardaşımla əlaqə yaradırdım. Qalib olanda da ilk
sevincimi qardaşımla bölüşürdüm. O da öz növbəsində
mənim qələbə sorağımı valideynlərimlə paylaşırdı. Bakıya
qayıdanda valideynlərim məni çox böyük fərəh hissi ilə
qarşıladılar. Mənim medalla qayıtmağıma bütün qohumlarım
sevinirdi. Mən hər iki liseydəki bütün müəllimlərimi çox
istəyirəm və onları bir-birindən fərqləndirmirəm. Çünki
onlar bütün vaxtlarını bizə sərf edirlər. Hər hansı bir
dərslə bağlı problemimizi çəkinmədən müəllimlərimizlə
paylaşırıq və onlar bizə yaxından kömək edirlər.
Biz yaşda gənclərin ən birinci vəzifəsi oxumaq, yüksək
səviyyədə təhsil almaqdır. İndi hansı sənəti seçsəm,
deməli həyatımı da o səmtə yönəltmiş oluram. Mənim
gələcək arzularımdan biri də odur ki, öz elmimlə,
bacarığımla Azərbaycanı bütün dünyaya daha yaxından
tanıdım. Azərbaycan gənclərinin dövlət hesabına xarici
ölkələrdə təhsil alması üçün Dövlət Proqramı qəbul
olunub. Mən də həmin proqram çərçivəsində kompüter
mühəndisliyini öyrənmək arzusundayam. Sonra isə qayıdıb
hərbi xidmətimi yerinə yetirmək, daha sonra da
magistraturada oxumaq istəyirəm. Bir amalım var: o da
yorulmadan çalışmaq və dövlətə xidmət etməkdir.
Şəmkir özü elə bir bölgədə yerləşir ki, orada təlim
meydançaları da var, hərbi hissələr də. Təbii ki,
Qarabağ problemi bütövlükdə bütün Azərbaycan əhalisinin
normal həyat tərzinə mane olur. Biz düşmənin ölkəmizə
qarşı bütün vəhşi hərəkətlərini pisləyir, ümid edirik
ki, bizim nəsil inşallah bir gün bu problemi yoluna
qoyacaq.
Atam-anam, orta məktəb və liseydəki müəllimlərim hər
zaman mənə böyük ümidlər bəsləyiblər. Əlbəttə, mən
onları doğrultmalıyam. Arzum budur ki, mükəmməl ali
təhsil alım, vətənə xeyirli övlad olum, Azərbaycanı
bütün dünya miqyasında tanıda bilim, respublikamın xoş
sədalarını həmişə dünyaya yayım.
Beynəlxalq olimpiadaların 1 qızıl, 1 gümüş, 3 bürünc
medalının sahibi
Balaqardaş
Cəbrayıl oğlu Bəşirov 19 avqust 1996-cı ildə Salyanda
anadan olub. Birinci sinifdən altıncı sinfədək
Salyandakı 1 nömrəli orta məktəbdə oxuyub. Hazırda
Şirvan Özəl Türk Liseyində 11-ci sinifdə təhsil alır.
Balaqardaşın söylədikləri:
- Ailədə iki uşağıq. Mən və məndən dörd yaş kiçik bacım.
O, hazırda 6-cı sinifdə oxuyur. Anam evdar qadın, atam
isə qaynaqçıdır.
Mən birinci sinfə Salyanda getmişəm. İlk sinif müəllimim
Həqiqət xanım olub. Mənə qələm tutmağı o öyrədib. Elmə,
təhsilə olan marağım isə ancaq məktəbdə oyanıb. Üçüncü,
dördüncü siniflərdə oxuyarkən riyaziyyata daha çox
marağım vardı. Məsələləri, misalları həll etməyi çox
xoşlayırdım. Ondan da qaynaqlanaraq dəqiq elmləri
seçdim. İki sinif, yəni yeddinci və səkkizinci sinifləri
Şirvan Özəl Türk Liseyində oxudum. Sonra olimpiadalar
haqqında məlumat aldım və beynəlxalq olimpiadalara
hazırlaşmağa başladım. Bu işdə müəllimlərim də mənə
kömək etdilər. Doqquzuncu sinifdən Bakı Özəl Türk
Liseyinə gəlirəm.
2008-ci ildə ilk dəfə Şirvan Özəl Türk Liseyinə oxumağa
gələndə təhsil üçün ödənişim 50 faizə düşdü. Çünki
imtahanda birincilik qazanmışdım.
Liseyə gəldiyim ilk günlər həm şagird, həm də müəllim
kollektivini tanımadığımdan mənim üçün çox cansıxıcı
keçirdi. Get-gedə uşaqlarla ünsiyyətdə olduq,
bir-birimizi yaxından tanıdıq, sonra lisey həyatına
alışdım.
Onuncu sinifdə oxuyanda tam olaraq qarşıma məqsəd
qoydum ki, mən həyatımı elmə həsr edəcəyəm. Əslində 8-ci
sinifdən olimpiadalara hazırlaşırdım, özümü elmə həsr
eləmək fikrim tam olaraq onuncu sinifdə formalaşdı.
İlk dəfə 2010-cu ilin dekabrında olimpiada qalibi oldum.
Təyyarəyə
ilk dəfə minirdim. Xarici ölkəyə də gedişim ilk dəfə
olduğundan həyəcanlı idim. Biz oraya çatanda qalmağa yer
verdilər. Müxtəlif ölkələrdən gələn uşaqlar bir-biri ilə
tanış olur, bir-birinin haqqında bilgilər almağa maraq
göstərirdilər. Azərbaycanı çox ölkə tanıyırdı. 2009-cu
ildə 40-dan çox ölkənin iştirak etdiyi Beynəlxalq
Təbiət Elmləri Olimpiadası Azərbaycanda keçirildiyinə
görə iştirakçıların çoxunun Azərbaycan barədə təsəvvürü
vardı.
Müqəddəs kitabımız olan Qurani-Kərimin ilk əmri
"Oxu"dur. Elm öyrənmək, savad ardınca getmək çox gərəkli
və vacib bir işdir. Elm öyrənib onu həyata, insanlara
tətbiq etmək, insan rifahı üçün çalışmaq necə də dəyərli
bir vəzifədir.
Təbii ki, bütün həmyaşıdlarım kimi mən də idmana,
xüsusilə futbola həvəs göstərirəm. Stolüstü tennis də
mənim maraq dairəmdə olan oyundur. Hərdən musiqiyə də
qulaq asıram. İngilis dilində danışmağı və yazıb-oxumağı
bacarıram.
Mən kimya sahəsində mühəndislik peşəsi üzrə ixtisas
almaq istəyirəm. Kanadanın Toronto Universitetində
oxumaq mənim ən böyük arzumdur.
Təbii ki, mənim bu planımla bağlı bəzən hərə bir fikir
söyləyir. Amma sonunda hamı yekdilliklə mənə deyir ki,
məsləhət sənin özünündü.
Yeddinci sinifdə mənim Öndər Şəntürk adında bir
müəllimim vardı. O özü də ali təhsilini Azərbaycanda
almışdı. Mən bəlkə də nə vaxtsa Azərbaycandan kənarda
qala bilərəm, ancaq bunu qətiyyən arzulamıram.
Ən böyük arzum kimya mühəndisi ixtisası üzrə təhsil
almaq, xalqımın xeyirli övladı olmaqdır. İstəyirəm
Azərbaycan adına çox böyük bir layihəm olsun və o
layihəm respublikama çox böyük xeyir gətirsin.
Bu gün Azərbaycanın əzəli və qədim torpaqları işğal
altındadır. Mən ali təhsilimi bitirdikdən sonra ürəkdən
istəyirəm ki, hərbi xidmətə yollanım, elm sahəsində
olduğu kimi, bu sahədə də vətənimə olan övladlıq borcumu
yerinə yetirim.
Düşmənlə üzbəüz səngərdə mərd-mərdanə dayanmaq ər
kişinin hünəridir. Mən Laçının, Şuşanın, Kəlbəcərin
həsrətini daşıyıram.
Məsələn, deyirlər ki,Yaponiyada insanların 80 faizi
kitab oxumaqları ilə məşhurdur. Mən istəyirəm ki,
Azərbaycan da elə olsun. Gəncliyin borcu oxuyub təhsil
almaqdır.
Mən 5 dəfə müxtəlif xarici ölkələrdə keçirilən
beynəlxalq fənn olimpiadalarında iştirakçı olmuşam.
Doqquzuncu sinifdə oxuyarkən ilk dəfə Nigeriyada
keçirilən Beynəlxalq Təbiət Elmləri Olimpiadasında
iştirak etdim. Bürünc medal qazandım. Onuncu sinifdə
oxuyanda yenə də eyniadlı beynəlxalq olimpiadada iştirak
edib gümüş medal aldım. Növbəti olimpiadada yenə bürünc
medala layiq görüldüm. Daha sonra Nigeriyada dəqiq
fənlər üzrə beynəlxalq olimpiadada iştirak etdim və
qızıl medal aldım. Daha sonra Amerikada keçirilən
beynəlxalq kimya olimpiadasında iştirak etdim. Onda da
bürünc medal aldım.
Hər qələbə qazananda sevincimi ilk əvvəl müəllimlərimlə
bölüşürdüm. Getdiyim ölkələrdə müəllimlərim
valideynlərimlə də danışmaq üçün şərait yaradırdı.
Çalışırdım ki, bütün nəticələrimdən valideynlərim tez
xəbərdar olsunlar. Beş səfərimdən ən çox yadımda qalan
gümüş medal almağımdır. O səfərdə çox dostlar qazandım,
evdəkilər də "davamlı olsun" qəbilindən gözəl sözlər
dedilər.
Gəncliyin hər dəqiqəsi qızıldır. Bu qızılı səmərəsiz
yerə sərf etmək olmaz.
Qarayev Fuad Abdurəhman oğlu: -
Bakı Özəl Türk Liseyində riyaziyyat müəllimi işləyirəm,
həm də bununla bərabər "Çağ" Öyrətim İşlətmələri
Şirkətinin Azərbaycan-Türkiyə Özəl liseylərinin fənn
olimpiadaları koordinatoruyam. Riyaziyyat fənni üzrə
respublika fənn olimpiadalarının münsiflər heyətinin
məsul katibiyəm.
1996-cı ildən bəri biz beynəlxalq olimpiadalarda
iştirak edirik. Bu günə qədər iştirak etdiyimiz
olimpiadalarda tam olaraq 537 medal almışıq.
Rayonlarımızda və Bakıdakı məktəblərimizdə yeddinci
sinifdən etibarən uşaqları olimpiadalarda iştirak etmək
üçün seçirik. Daha sonra bu uşaqlar olimpiadalara
hazırlıq üzrə çalışmalara başlayır. Biz hər ayın sonunda
məktəblərə aylıq olimpiada sınaq imtahanları göndəririk,
orada olimpiadalara hazırlaşan uşaqları imtahan edir,
ümumi siyahılar çıxarır, nəticələri elan edirik. Uşaqlar
doqquzuncu sinfə gəldikdə isə imtahan verirlər, dünya
olimpiadalarında iştirak edə biləcək uşaqları seçirik.
Onlar yenə də öz məktəblərində oxumağa davam edirlər.
Amma ara-sıra onları on beş günlük, iyirmi günlük, bir
aylıq olimpiada kursları üzrə toplantılara dəvət edir,
burada uşaqlara mütəmadi dərslər keçirik. Bu dərsləri
keçmək üçün həm bizim öz müəllimlərimizi, bəzən də
universitetlərdən, xarici ölkələrdən olimpiada işini
bilən professorları dəvət edirik. Bu uşaqlar
olimpiadalarda iştirak etmək üçün hazırlaşdırılır.
Şagirdlərin olimpiadalara hazırlanmasında hər fənn üzrə
respublika fənn olimpiadaları münsiflər heyətinin
sədrləri (Rafiq Quliyev - riyaziyyat, Mirzəli Murğuzov -
fizika, Vaqif Abbasov - kimya) fəaliyyət göstərirlər.
Uşaqların üzərində onların qayğısı, əməyi çoxdur.
Şagirdlərimiz günortaya qədər öz dərsləri ilə,
dərsdənkənar olaraq olimpiada işləri ilə məşğul olurlar.
İzmir Əliyev, Balaqardaş Bəşirov bizim ən yaxşı
şagirdlərimizdəndir. Biri kimyaçı, o biri
riyaziyyatçıdır. İndiyə kimi iştirak etdikləri fənn
olimpiadalarından hər zaman müvəffəqiyyətlə geri
dönüblər. Qızıl, gümüş, bürünc medal qazanıblar.
Bu il olimpiadaçılarımız Rusiya, Kolumbiya, İsveçrə,
Avstraliya və Albaniyada keçiriləcək müxtəlif fənn
olimpiadalarında Azərbaycanı təmsil edəcəklər. İzmir
ötən il Argentinada keçirilən olimpiadadan bürünc
medalla, Türkiyədən - Balkan Olimpiadasından isə gümüş
müdalla qayıtdı. Sonra Yunanıstanda gümüş medal qazandı.
Balaqardaş Bəşirov da həm qızıl, həm gümüş, həm də
bürünc medalla təltif olunub. Təbii ki, bu uşaqların
arzuları, hədəfləri böyükdür. Biz hər zaman onlara
aşılayırıq ki, əsas hədəfiniz qızıl medal əldə etmək
olsun. Əslində məqsəd sadəcə medal almaq da deyil.
100-dən çox ölkənin iştirak etdiyi olimpiadada
uşaqlarımızın Azərbaycan bayrağı ilə səhnəyə çıxması,
Azərbaycanı təmsil etməsi, Azərbaycanın adının orada
yaxşı mənada hallandırılması bizi ayrıca duyğulandırır,
fəxarət hissləri yaşadır. Biz öz şagirdlərimizdən çox
razıyıq.
Ancaq əldə edilən nailiyyətlərlə təbii ki, özləri də,
biz də kifayətlənmirik. Çünki Azərbaycan xalqı
səviyyəsinə görə seçilən xalqdır. Millətimizin elmdə də,
idmanda da müvəffəqiyyətləri çoxdur.
Mən burada bir haşıyə çıxmaq istəyirəm. Bilirik ki,
universitetlərə qəbul olmaq heç də asan iş deyil.
Məsələn, Azərbaycanda 700 və ya 650 bal toplayan
tələbələr haqqında mediada - qəzet və jurnallarda daha
çox müsahibələr gedir, onlar haqqında daha çox
danışılır. Ancaq beynəlxalq olimpiadaların iştirakçısı
olmaq qəbul imtahanlarından daha fərqli və daha
çətindir. Bu uşaqların əldə etdikləri nailiyyətlər heç
də kiçik nailiyyətlər deyil. Təhsil Nazirliyi belə
uşaqları hər zaman dəstəkləyir. Bildiyiniz kimi, keçən
ay təhsil naziri cənab Misir Mərdanov özü şagirdlərlə
görüşdü, söhbət apardı, nailiyyətlərinə görə onları
müxtəlif hədiyyələrlə təbrik edərək gələcəkdə də
müvəffəqiyyətlər arzuladı. "Çağ" Öyrətim İşlətmələri
Şirkətinin rəhbərliyindən də bizə hər cür maddi və
mənəvi dəstək verirlər. İl ərzində ən azı 10-15 dəfə
olimpiadalara gedirik. Buna da aydındır ki, maddi dəstək
tələb olunur. Bu problemin həllində ARDNŞ-ın da mühüm
rolu var.
Şagirdlərimiz onlara göstərilən hər bir etimadı
doğruldurlar. Qələbələrimiz davam edir. Olimpiadalarda
qazandığımız 537 medaldan 104-ü qızıl, 170-i gümüş,
263-ü bürüncdür. Amma yenə də "Azərbaycanımızı daha çox
tanıdaq" deyirik. Biz bundan sonrakı fəaliyyətimizi də
hər zaman bu şəkildə davam etdirəcəyik.
Gənclik özü ağ vərəqdir. Mən 1999-cu ildən etibarən
Azərbaycan məktəblərində respublikamızı xarici ölkələrdə
təmsil edən çox savadlı, istedadlı şagirdlərlə
işləyirəm. Bu gün Azərbaycan gəncləri iştirak etdikləri
təhsil üzrə beynəlxalq fənn və layihə olimpiadalarında
Azərbaycanı layiqincə təmsil edirlər. 2010-cu ildə 108
ölkənin iştitak etdiyi 51-ci Beynəlxalq Riyaziyyat
Olimpiadasında iştirak edən bizim uşaqlar həndəsə
sualları üzrə göstərdikləri nəticələrə görə illərcə
olimpiadalarda seçilmiş Rusiya Federasiyasının, Türkiyə
Respublikasının şagirdlərindən qat-qat üstün oldular.
Rusiya Federasiyasında riyaziyyat fənni üzrə
olimpiadanın sədri Nazar Aqaxanov bizim
nümayəndələrimizi çağırıb: "Sizin çox güclü həndəsəniz
var" deyib təbrik elədi, öz kitablarına avtoqraf yazaraq
bizə hədiyyə etdi.
Qazaxıstanda Beynəlxalq Jautıkov olimpiadasında iştirak
edərkən bizim şagirdimiz Cəfər Cəfərov orada iki dəfə
birincilər birincisi olanda təhsil nazirimiz cənab Misir
Mərdanovun adına xüsusi təşəkkürnamə sertifikatı
vermişdilər ki, sağ olun ki, sizin məktəblərinizdə belə
gəncləriniz yetişir.
Medallardan başqa, bu şagirdlərimiz orta məktəblərdə
məzun olduqdan sonra dünyanın Oksford, Stanford,
Miçiqan, Toronto, Boğaziçi kimi nüfuzlu
universitetlərində təhsil alırlar. Bütün bunlar
Azərbaycan təhsilinin səviyyəsinin göstəricisidir. Bu
şagirdlər Azərbaycan təhsilinin, Azərbaycan
məktəblərinin yetirmələridir.
Gənclik millətimizin gələcəyidir. Sadəcə, riyaziyyat,
fizika, kimya, biologiya, tarix və coğrafiyanı mükəmməl
bilmək hələ hər şey demək deyil. Hər şeydən vacib
şagirdləri vətəndaş kimi yetişdirmək lazımdır. Dövlət
belə gəncliklə daha da yüksələcək.
Məşhur bir deyim var: "Əgər bir il sonranı düşünürsənsə,
çiçək yetişdir, on il sonranı düşünürsənsə, ağac
yetişdir, əgər yüz il sonranı düşünürsənsə, insan
yetişdir". Mənim də bir pedaqoq, bir Azərbaycan müəllimi
olaraq ən böyük vəzifəm Azərbaycanı gələcəkdə təmsil
edəcək savadlı şəxsiyyətlər yetişdirməkdir. Şagirdlərimə
ən çox nəyi arzulayıram?
Heç vaxt əldə etdikləri nailiyyətlərlə
kifayətlənməsinlər, hər zaman hər şeyin yaxşısını
fikirləşsinlər. Dünyanın ən yaxşı universitetlərinin
tələbəsi olmağı, sonsuz başarılar, müvəffəqiyyətlər,
cansağlığı arzulayıram şagirdlərimə.
Onlar heç vaxt unutmamalıdırlar ki, vətən, millət,
bayraq, xalq, dövlət hər şeydən öncədir. Bunların
yolunda çalışmaq lazımsa çalışmaq, vuruşmaq lazımsa
vuruşmaq, oxumaq lazımsa oxumaq tələb olunur. Mənim
şagirdlərimin boynuna nə düşürsə, onu edəcəklərinə,
dürüst, pak, təmiz, ata-analarına, millətinə, dövlətinə
sadiq olacaqlarına ürəkdən inanıram. Gələcək belə
gənclərin çiynindədir.
Səhifəni hazırladı: Ellada UMUDLU |